Məktəb şərqisi (Mirzə Ələkbər Sabir)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məktəb şərqisi
Müəllif: Mirzə Ələkbər Sabir

Məktəb, məktəb, nə dilgüşasən,
Cənnət, cənnət desəm səzasən.
Şadəm, şadəm təfərrücündən,
Əlhəq, əlhəq, gözəl binasən!

Ətrin, ətrin güli-cinadır,
Feyzin, feyzin həyati-candır,
Qüncən, qüncən səfayi-vicdan,
Nurun, nurun ziyafəşandır!

Tahir, zahir hünərlərin var,
Bahir, zahir səmərlərin var,
Dərya-dərya təməvvücündə
Parlaq-parlaq gühərlərin var!

Dəftər-dəftər xəbərlərin var,
Rəhbər-rəhbər əsərlərin var,
Mişgin-mişgin qələmlərində
Ahu-ahu nəzərlərin var!

Himmət, himmət səninlə ali,
Xaki-və1tən səninlə hali,
Sənsən, sənsən ümum nasin
Nitqi, fikri, dili, məqali!

Gülşən, gülşən lətafətin var,
Rövşən-rövşən səadətin var,
Vazeh-vazeh bəyanlarında
Şirin, şirin hekayətin var!

Olsun, olsun səninlə xoşhal,
Yetsin, yetsin kəmalə ətfal,
Görsün, görsün pəsərlərində,
Sabir-sabir pədərlər iqbal!