Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.189-190
|
Qeysər
Düşübsən nagahın cəngi-dəstimə,
Az vaxta çəkərəm dara mən səni.
Od vurram, yanarsan başdan-ayağa,
Atdırram alova, nara mən səni.
İman
Sidqinən dilərəm Şahi-Mərdanı,
Gətirərəm ahü zara mən səni.
Yetişsə quluna şahın fəramanı,
Salaram bir özgə kara mən səni.
Qeysər
Mənəm bir əjdaha, kamım açılsa,
Aləm yanar atəşimdən saçılsa.
Qeyzə gəlib, gül irənkin qaçılsa,
Eyləyərəm günüqara mən səni.
İman
Beçeyi-şahbazam, şikarım ovlar,
İstəsəm ağamdan, qılıncım sovlar.
Ataram, canına düşər alovlar,
Yandırram ataşa, nara mən səni.
Qeysər
Qafilsən işimdən, Rumi-Qeysərəm,
Qara yellər kimi əsən sərsərəm.
Bənd eyləyib, axır, başın kəsərəm,
Göndərərəm dar məzara mən səni.
İman
Eşidəsən, quli-Şahi-Mərdanam,
Qeybdən dərs alan Novrəs İmanam,
Belə cəng içində mərdi-meydanam,
Tərlanam, döndərrəm sara mən səni.