Mənim tək ("Səd şükr ki, yox indi bu saətdə mənim tək")
Mənim tək Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Səd şükr ki, yox indi bu saətdə mənim tək
Bir mö’mini-pakizə bizim kətdə mənim tək!
Sabiqdə ki, əyyami-tüfuliyyətim idi,
Əhli-nəzəri valeh edən surətim idi,
Ərbabi-həvəs məsti-meyi-vüslətim idi,
Vəqtə görə bir parə əməl adətim idi,
Bir tifl ola bilməzdi ləyaqətdə mənim tək,
Hacı əmulərlə ola söhbətdə mənim tək!
Vəqta ki, cəvan oldum, iyirmi beşə çatdım,
Əvvəlki işin vəqti ötüşdü, onu atdım,
Əmma demə tənbəl kimi bir guşədə yatdım,
Açma işin üstün ki, nə aldım və nə satdım…
Ancaq görüyorsan ki, bu saətdə mənim tək
Yox bir kişi dövlətdə bizim kətdə mənim tək!
Hər şüğl üçün ərbabi ilə durdum, oturdum,
Hər seydi şikar etmək üçün damımı qurdum,
Hər vəqtə münasib olaraq fənnimi vurdum,
Tapdım yeni bir hiylə, olardan geri durdum,
İndi baxasan cümlə cəmaətdə mənim tək,
Haşa, görəsən bir kişi taətdə mənim tək!
Gördüm bu cəhan əhlini mən çünki məcazi,
Əvvəlcə olub məşhədi, vongah hicazi,
Hacdan qayıdıb aldım ələ şüğli-nəmazi,
Saldım araya məs’əleyi-tulü dirazi,
Gördüm ki, dəxi yoxdu həqiqətdə mənim tək
Bir mö’mini-pakizə bizim kətdə mənim tək!
Qare, sözümü dərk elə, gər varsa şüurun,
Fənnin var isə örtüləcək cümlə qüsurun,
Gər sadə isən min də əgər olsa hüzurun,
Zülmət görünüb dideyi-müfsidlərə nurun
Təkfir edəcəkdir səni, əlbəttə, mənim tək
Min mö’mini-növsaxtə hər kətdə mənim tək!
Hasil, nə səyaq isə, bu saətdə mənim tək
Yox bir kişi hörmətdə bizim kətdə mənim tək!..