Məzmuna keç

Madam ki, hamiyani-zülmət

Vikimənbə saytından
Madam ki, hamiyani-zülmət (1906)
Müəllif: Mirzə Ələkbər Sabir


Madam ki, hamiyani-zülmət
Xoşlar ki, dəvam edə cəhalət;
Heyhat, bilirmi onda millət
Tovhid nədir və ya nübüvvət?
Məktəb edir iqtiza zəmanə,
Bixar ola ta güli-fərasət;
Ey seyr arayan о gülsitanə,
Əsli yoxu bəkləmək nə hacət?!
Xab et hələ, qafilanə xab et!
Tainki uyub yatan ayılmaz,
Fərq etməz ola ya ağ, ya qarə;
Xəstə ki, başında huş qalmaz,
Dərdin düşünüb bulurmu çarə?
Ancaq ona türfə-türfə dəllak
Eylər hərə bir əcəb təbabət!
Ey xəstə, ayılma, etmə idrak,
Həp qanını əmsə də həcamət!
Dönmə о yana, bu yanə, xab et!
Aldanma, quzum, ki ləfzi-kafər
Təshih olunub çıxa lüğətdən;
Madam ki, sağdı Mirzə Qənbər
Eymən deyilik bu məl’ənətdən;
Qoymaz ki, bu xəlqi cismi-vahid
Hökmündə olub edə məişət;
Əfsaneyi-küfrü şirkü mülhid,
Heyhat, olurmu tərki-adət?!
Bu nüktəni qanə-qanə xab et!..

Mənbə

[redaktə]
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 248