Maral/Üçüncü pərdə

Vikimənbə saytından
İkinci pərdə Maral. Üçüncü pərdə
Müəllif: Hüseyn Cavid
Dördüncü pərdə


Vəq’ə bir ay sonra, gündüzün Barjomda vaqe olur. Sağ tərəfdə bir sofa (koridor), solda tək qapılı, iki pəncərəli, küçük, sadə bir oda. Pəncərə önündə bir çarpayı, bir masa, dörd-beş sandalya və masa üzərində bir sürahi, bir-iki qədəh və bir taqım ilac şişələri görünür. Təmmuz... ikindi çağı... Cəmil bəy xəstə olaraq yataqda uyur. Humay (sofada bət-bənizi uçmuş və məhzun bir halda düşünür. Yüzünü göy səmtinə tutaraq). Aman, yarəbbi! Bu nə fəlakətli hal!.. Cəmili azarladığım o mənfur saət, o məş’um dəqiqələr kaş ki, yaranmayaydı!.. Ah, gedib ayaqlarına qapanmaq istiyorum, fəqət, heyhat!..
 
S ə l t ə n ə t (Humaya rast gələrək). Nə düşünüyorsun, yavrum?
H u m a y. Hiç!..
S ə l t ə n ə t . Niçin içəri girmiyorsun? Haydı, gəl, Cəmilin keyfini soralım... Humay. Doğrusu, onu bu halda görməyə qəlbimdə qüvvət bulamıyorum.(Gedər).
S ə l t ə n ə t (dərin bir ah çəkərək). Yazıqdır... Allah köməyi olsun!.. (Qapıyı açıb içəri girər, Cəmil bəyə yaqlaşaraq). Cəmil! Cəmil!.. Nasılsın, oğlum?..
C ə m i l bəy (sayıqlayaraq soğuq bir tərzdə). Ha-ha-ha-ha... Bıraqın!.. Bıraqın, canım!.. Bən... Bən Allahı görmək istiyorum.
S ə l t ə n ə t (gözləri yaşarır, məndil ilə silərək). Cəmil, yavrum!.. Bəypolad (daxil olaraq). Cəmil nasıl, həmşirə?
S ə l t ə n ə t . İştə uyuyor, fəqət zavallı gözümə pək bihal görünüyor. Hələ sayıqlaması, sərsəm kibi söylənib durması, büsbütün bəni mə’yus edir.
B ə y p o l a d. Doktor hənuz gəlmədimi?
S ə l t ə n ə t . Xayır... Bir də doktorun gəlməsindən nə çıqar! Hər nə sorsa, sükutdan başqa cəvab alamaz. Yazdığı ilaclar da həp faydasız...
(Göküs keçirərək). Cəmilin şəfası, bəncə yalnız həkimlər həkimi, bikəslər pənahı olan bir yaradana qalmış...
B ə y p o l a d. Əvət, şu doktorlardan hiç bir şey çıqmaz... Zatən onların bütün düşüncəsi, yalnız işlək bir makinə kibi ötəyə-bəriyə qoşmaq, zənginləşmək için xalqın var-yoqunu soymaqdan ibarət...
X i d m ə t ç i (daxil olaraq). Əfəndim, doktor gəliyor.
B ə y p o l a d. Pəki, söylə gəlsin.
Xidmətçi çıqar.
D o k t o r (daxil olur, çapucaq şapkasını bir tərəfə qoyub görüşdükdən sonra yatağa yaqlaşır. Səltənətə). Bu gün xəstəniz nasıl?
S ə l t ə n ə t . Nasıl olduğunu siz daha eyi bilirsiniz; iki-üç gündən bəri gözlərinə hiç uyqu girdiyi yoq idi, lakin şimdi bir saatdan ziyadədir ki, böylə uyuyor.
D o k t o r (azacıq xəstənin göksünü dinlər, sonra nəbzini yoqlayaraq). Eyi, eyi... Bu gün pək gözəl!.. (Reçetə yazmaqla məşğul olaraq). Nəbzi də eyi atıyor, uyumaq onunçin pək faydalıdır. O şimdi istirahətə möhtac... saqın, oyandırmıyasınız!
Reçetəyi verir, haman şapkasını alıb çıxar. O çıqdıqdan sonra S ə l t ə n ə t və Bəypoladı dərin bir düşüncə alır.
H u m a y (doktoru sofada qarşılayaraq). Doktor əfəndi! Bu gün xəstəyi nasıl buldunuz?
D o k t o r . Şükür Allaha, pək eyi... Artıq, məraq ediləcək bir şey yoq...
H u m a y. Aman, rica edərim, əlinizdən gələni əsirgəməyiniz.
D o k t o r . Xayır, xayır, əmin olunuz! (Əli şapkasında təmənna edərək çıqar).
Humay. Əskik olmayın, əfəndim!.. (deyə çəkilib gedər).
B ə y p o l a d (Səltənətə). Xayır, bu sərsəm hərifə inanmaq olmaz, başqasına müraciət etməli...
S ə l t ə n ə t (usanmış bir halda). Eh...h, Allah həpsinin bəlasını versin!.. Bu sırada xidmətçi daxil olub Bəypolada bir vizit kağızı verir.
B ə y p o l a d (kağıza baqaraq Səltənətə). Advokat Nadir bəy!.. Cəmilin əqrəbasından möhtərəm bir zat... (Xidmətçiyə). Haydı, oğlum, söylə buyursunlar, həm də bu odaya... (Xidmətçi çıqar).
S ə l t ə n ə t . Pəki, bu odaya niçin?!
B ə y p o l a d. Başqa adam olsaydı, misafir odasına qəbul etmək lazım gəlirdi. Fəqət o, ən əvvəl Cəmili görmək istəyəcək. Daha eyisi şimdidən buraya gəlsin... (Hər ikisi sofaya çıqar. Səltənət tez o biri odaya keçmək istər).
B ə y p o l a d (Səltənətə). Həmşirə! Humayı da kəndinlə bərabər alıb gəlirsin...
S ə l t ə n ə t . Pəki... (deyib çəkilir).
N a d i r bəy (sofaya daxil olaraq Bəypolada). Əssəlamun əleyküm!..
B ə y p o l a d. Vəəleykum-əssəlam, əfəndim!.. Buyurun, buyurun, qardaşım!
(Görüşürlər).
Na d i r b ə y . Cəmilin xəstəliyi nasıl?
B ə y p o l a d. Sizə kim söylədi?
Na d i r b ə y . Bən buraya gecə varid oldum... bildiklərimdən biri bana öylə anlatdı. (Cəmilin odasına girərlər).
B ə y p o l a d (xəstəyi göstərərək təəssüflə). İştə Cəmil, gördüyün Cəmil deyil... Büsbütün dəyişmiş!..
N a d i r bəy (Cəmil bəyin yatağına yaqlaşaraq heyrətlə). Aman, yarəbbi!.. Cəmil! Bu nə hal?.. (Gözləri yaşarır, dərin bir təəssüflə). Cəmil!.. Cəmil!
Cəmil bəy (sayıqlar). Vəfasız mələk!.. Ah, cənnət quşu.
N a d i r bəy (yeni bir şey kəşf etmiş kibi başqa bir vəziyyət alır və şaşqın bir halda).
Cəmil, Cəmil! Of... Düşmanların belə səni bu halda görməsin!.. (Cəmil bəyin yüzgözünü öpər).
Cəmil bəy (gözlərini yarı açaraq sayıqlar bir tevr ilə). Get... get!.. Ah, bəndən nə istiyorsun?
Nadir bəy düşünür.
B ə y p o l a d. Cəmil! Cəmil! Nadir bəy səni görməyə gəlmiş...
Cəmil bəy. Ha... Kim?.. Nadir?.. (Diqqətlə baqaraq). Ah, Nadir!.. Rö’yamı
görüyorum, Nadir! (Yataqdan qalqmaq istər).
N a d i r b ə y (Cəmili qollarının arasına alaraq). Xayır, iki gözüm, xayır... Gördüyün rö’ya deyil... Bənim, bən!.. Səni canından ziyadə sevən Nadir... Talesiz Nadir...
C ə m i l bəy (Nadir bəyi qucaqlayaraq). Gediyorum. Nadir, gediyorum. Eyi ki son nəfəsimdə bir daha görüşə bildik.
Na d i r b ə y . Çocuq olma, Cəmil!.. Səndə hiç bir şey yoq. İnşallah, bu gün-yarın eyiləşirsin...
C ə m i l bəy (acı təbəssümlə). Eyiləşmək ha? Bənim təbibim əcəl, istirahətgahım da məzarıstandır.
Na d i r b ə y . Mə’yus olma, Cəmil, Allah böyükdür.
C ə m i l bəy (qəhriz xəndə ilə). Bənim dərdimdəndəmi böyükdür?
N a d i r bəy (Cəmili yatağına yatıraraq). Quzum, azacıq uzan da, rahatlan, yoqsa kəndini üzərsin...
C ə m i l bəy (uzanır, fəqət bu sırada pəncərədən dışarı baqaraq birdən-birə). Ah, mələklərdən ölənmi var, nədir? Yenə göy yüzündə matəm əlaməti görünüyor!..
B ə y p o l a d və N a d i r bəy heyrətlə bir-birinə baqarlar, Cəmil də yüzünü divar tərəfinə çevirib yatar.
N a d i r bəy (Bəypolada). Əfəndim, doktorlar nə diyor?
B ə y p o l a d. Qorqulu bir xəstəlik olmadığını söylüyorlar, fəqət bana qalırsa xəstəliyin nə olduğunu eyi fərq edəmiyorlar.
N a d i r bəy (qafasını oynataraq). Əvət, bilməzlər, həm də biləməzlər... çünki onların darülfünunlarda öyrəndikləri xəstəliklər başqa, bu isə daha başqa bir şeydir...
Bu sırada S ə l t ə n ə t ilə H u m a y daxil olur.
Bə y p o l a d (Nadir bəyə). İştə həmşirəm Səltənət! Bu da həmşirəzadəm Humay...
N a d i r bəy hər ikisilə əl-ələ verib görüşür və Humayın ruhunu oqumaq için gözlərinə diqqət edər.
S ə l t ə n ə t (Nadir bəyə). Xoş gəldiniz, səfa gətirdiniz, əfəndim!
(Sandaliyəyə oturur).
N a d i r b ə y . Doğrusu, sizləri ziyarət etdiyim için kəndimi pək bəxtiyar sanırım.
S ə l t ə n ə t . Əskik olmayın, əfəndim, (Təəssürlə). Ah, lakin Cəmil bəyin xəstəliyi...
Na d i r b ə y . Hiç məraq etməyin, inşallah keçər, gedər.
S ə l t ə n ə t . İnşallah, bəyim, inşallah!
Nadir bəy (Humaya). Niçin böylə ayaqda duruyorsunuz?
H u m a y. Rahatsız etmək istəmiyorum.
Na d i r b ə y . Burada rahatsız olacaq kimsə yoq... Humay (yaralı bir ahu baqış ilə Cəmilə doğru baqdıqdan sonra mütəəssir bir halda Nadir bəyə). Müsaidənizlə, əfəndim...
B ə y p o l a d (Humaya). Otursan a!.. Pəki gedib də yalnız başına nə yapacaqsın?
N a d i r bəy (Humaya nazikanə). Rica edərim. Nasıl arzu buyurulsa...
H u m a y. Təşəkkür edərim.
S ə l t ə n ə t . Haydı, yavrum, sən get, şimdi biz də gəliyoruz... Humay məhzun və düşüncəli bir halda çıqar.
Na d i r b ə y . Doğrusu, Cəmilin bu halda bulunması bütün ailənizi mütəəssir etmiş desəm, xəta etməmiş olurum.
B ə y p o l a d. Onda şübhəmi var, əfəndim?
S ə l t ə n ə t . Ah, hələ Humay! Hələ Humay!.. Zavallı qızcığaz xəstənin xəstəsi olmuş... Nə yediyi bəllidir, nə içdiyi... Bir çocuq belə yüzünə baqacaq olsa, biçarənin çəkdiyi əzabları, keçirdiyi sıqıntıları anlamaqda əsla güclük çəkməz. Hətta Cəmili bu halda görməmək için, xəstə yatalı bəri odasına girməyə belə cəsarət edəmiyor.
Na d i r b ə y Bu, təbii bir haldır. Insanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar.
C ə m i l bəy (sayıqlar). Of... Gəl!.. Gəl.. (Gülüşəbənzər bir tərzdə, arası kəsilməksizin). Ha-ha-ha-ha-ha-ha... Hər üçü Cəmilə doğru baqıb düşünürlər.
S ə l t ə n ə t (qalqaraq Nadir bəyə). Bəlkə Cəmili rahatsız ediyoruz, əfəndim, daha eyisi, o biri odaya keçəlim.
Na d i r b ə y . Nasıl istərsəniz...
B ə y p o l a d. Əvət, gedəlim, bir qədəh qəhvə içəlim, həm də bu xüsusda bir az ətraflıca qonuşalım.
Na d i r b ə y . Daha eyi... (Səltənət ilk öncə sofadan keçib gedər, Bəypolad ilə Nadir də onu izlər. Nadir bəy sofada Bəypoladın qolundan tutaraq). Müsaidənizlə, əfəndim, sizə xüsusi bir-iki söz soracayım?
B ə y p o l a d. Söylə, bəyim!..
Na d i r b ə y . Humay birisinə nişanlımı?
B ə y p o l a d. Əvvəlləri öylə bir şey var kibi idi, fəqət şimdi, xayır...
N a d i r bəy (düşünür).
B ə y p o l a d. Lakin bu sual nədən icab ediyor?
Na d i r b ə y . Bilirmisiniz? Bən Cəmilin xəstəliyi haqqında başqa şeylər hiss ediyorum.
B ə y p o l a d. Nasıl?
Na d i r b ə y . Ehtimal ki, diqqət etdiniz, bən Cəmili gördüyüm zaman pək müztərib idim...
B ə y p o l a d. Əvət.
Na d i r b ə y . Lakin o, sayıqlarkən: “Vəfasız mələk! Ah, cənnət quşu!” – derdeməz halını dəyişdi.
B ə y p o l a d. Əvət, pək doğru...
Na d i r b ə y . İştə, bən Cəmilin xəstə olmaqdan ziyadə, eşq divanəsi olduğuna hökm ediyorum.
Bəypolad (heyrətlə). Fəqət şimdiyə qadar biz onun ağzından öylə bir şey duymadıq...
Na d i r b ə y . Əfəndim! Dərin bir eşq, həqiqi bir məhəbbət daima dilsizdir...
B ə y p o l a d. Bilməm!.. Lakin o kimi sevə bilir?
Na d i r b ə y . Zənn edərsəm, Humayı...
B ə y p o l a d. Nasıl?... Humayımı?
Na d i r b ə y ... Əvət... hətta deyə bilirim ki, Humay da onu seviyor, fəqət ortada incə bir mani var; İştə onu kəşf edəmiyorum.
Bəypolad (kəskin bir tevrlə). Əmin olunuz ki, Cəmilin sağalması için, nə mani rast gəlsə kökündən qaldırmağa hazırım, kaş ki, dediyiniz kibi olsa?
Na d i r b ə y . Zənn edərsəm yanılmıyorum, çünki bir ay əvvəl Cəmildən aldığım bir məktubda “Humay cənnət quşudur” – deyə yazıyordu. Şimdi öylə sayıqlaması da apaçıq işin həqiqətini anlatdı.
B ə y p o l a d. Bilməm... Bəlkə də öylədir...
Na d i r b ə y . Humay isə, şimdi buraya gəldiyi zaman doğru Cəmilə baqmaq istəmiyordu, lakin ruhunda pək dərin bir iztirab var idi. Onun xəstəliyinə, fəlakətinə kəndisi səbəb olmuş kibi, böyük bir vicdan əzabı keçiriyordu...
B ə y p o l a d. Əvət... Əvət!..
Na d i r b ə y . Sonra yaralı bir ahu nasıl baqarsa, İştə o da, Cəmil bəyə öylə baqdı. Nihayət, burada dayanamıyacağını düşünərək dərhal getmək istədi.
Bu sırada səhnənin işığı yavaş-yavaş azalır.
Cəmil bəy (sayıqlayaraq). Humay! Humay!.. ah... nerəyə gediyorsun? Hər ikisi heyrətlə dinlər.
Na d i r b ə y . İştə! Eşidiyormusunuz?
B ə y p o l a d. Eşidiyorum, əvət, eşidiyorum.
Na d i r b ə y . Bəncə bu məsələnin həllinə tez baqmalı, yoqsa...
B ə y p o l a d. Gedəlim, əfəndim, şimdi Cəmilə südünü içirmək için Humayı Səltənətlə bərabər göndəririz, həmşirəm hər ikisinə diqqət edib işi anlar.
Na d i r b ə y . Siz bilirsiniz, əfəndim, lakin Humay ilə Cəmilin yalnız bulunması bəncə daha eyi... çünki, eşq, öksüz bir çocuq kibi daima yalnızlıqdan xoşlanır.
B ə y p o l a d. Zərər yoq... Səltənət sofada bəklər.
Gedərlər.
C ə m i l bəy (yataqdan qalqar. Pəncərədən üfüqləri seyrə dalaraq təlaş ilə). Gəliyor... İştə gəliyor. Bana doğru gəliyor... (Təbdili-tevrilə). Ah, Humay! Gözəl mələk... Yanaqlarını gətir öpəyim də, şəfa alayım... Dodaqlarını ver əməyim də, həyat
bulayım. Lütf et də, sevda pərisi kibi qucağıma gəl... Qəhr et də, ölüm mələyi kibi yatağıma gəl!.. (Usanmış bir halda). Off! Bəxtiyarlıq içində talesizlik, nə böyük fəlakət!.. Həm mərhəmət, həm istiğna! Nə gülünc həqarət... (Acı-acı gülərək əli alnında pəncərəyə dayanır. Bu sırada Səltənətlə Humay əlində bir qədəh süt olduğu halda sofada görünürlər).
S ə l t ə n ə t . Haydı, yavrum!.. Nə olur? Yazıqdır, südünü içirirsin, yarım saat qadar də kəndisilə qonuşursun, bəlkə könlü açılır.
H u m a y (mütərəddid). Pəki bir aydır odasına ayaq basdığım yoq... Şimdi nasıl gözünə görünə bilirim!?
S ə l t ə n ə t . Zərər yoq, quzum, hiç zərər yoq... Əmin ol ki, səni gördüyü kibi sevinir. Haydı, elmasım, düşünmə!.. İştə bən gediyorum. (Gedir).
Humay bir-iki adım ilərlər. Mütərəddid bir cəsarətlə yarı açılmış qapıdan üsulluca içəri girər. Səltənət təkrar sofaya dönər, sonra N a d i r b ə y l ə Bəypolad da gəlir. Cəmili dinləyərək heyrətlə baqışırlar.
Cəmil bəy (yenə sinirli və çılğın bir səslə dəvam edər). Ah, aman!.. Aman, yarəbbi, uçuyor... Bana küsmüş də qaçıyor. (Böyük bir təlaşla). Humay! Humay!.. Uçma da, səbr et, bərabər uçalım. Bıraq ruh bədəndən ayrılsın da qol-qola uçalım, əl-ələ uçalım, dodaq-dodağa uçalım, şu fəlakət zindanından xilas olub da qaçalım... Ucubucağı yoq fəzalara qadar uçalım... (Humay həzin bir ah çəkərək Cəmilə doğru iki üç adım daha ilərlər. Cəmil bəy mə’yusanə bir fəryad ilə). Xayır, xayır, getdi! Uçdu, getdi!.. Ah, insafsız!.. Mərhəmətsiz! (Usanmış bir halda yüzü divara olaraq yatağa düşər. Humayın gözləri yaşarır, bir az daha ona yaqlaşaraq mütəəssiranə baqıb durur).
C ə m i l bəy (bitab). Off!
B ə y p o l a d (Nadir bəyə). Ah, Nadir! Sən nə ruhaşina həkim imişsin!?
S ə l t ə n ə t . Öylə, ya!.. Bir baqışda dərdini bildi.
Na d i r b ə y . Fəqət dərdi bilməklə iş bitməz. Dərmanını da bulmaq lazım...
B ə y p o l a d. Artıq hiç məraq etməməli, həpsi düzəlir.
H u m a y (titrək səslə). Cəmil! Cəmil!
C ə m i l bəy. Ah, getdi!
H u m a y (yaralı və mərhəmətli). Off, aman, yarəbbi! (Cəmil bəyə).
C ə m i l! Qalq, südünü iç!
C ə m i l bəy. Ha?
H u m a y. Cəmil!
C ə m i l bəy. Ha!.. (Deyə təkrar çevrilir, Humayı görür-görməz). Sənmi!? Humay, sənmisin?!. (Böhranlı). Ah, yıqdığın heykəli dikməyəmi gəldin? Yoqsa Isa kibi ölü diriltməkmi istiyorsun?! Haha-ha-ha-ha. Hiç ölü dirilirmi, ya?.. (Humayın əlindəki
qədəh düşüb qırılır, daha da şaşqınlaşır. Cəmil bəy təkrar qəhqəhə ilə gülərək). Humay! Hiç ölü dirilirmi, ya?!
H u m a y (bir söz söyləmək istər kibi). Cəmil! Niçin...
C ə m i l bəy (bir Humaya, bir də qırılmış qədəhə baqaraq zəhrxəndə ilə). Zavallı qədəh! İştə bənim qəlbim kibi parça-parça oldu! (Humay getmək istər, Cəmil təlaş ilə). Humay! Nerəyə? Nerəyə gediyorsun? Ah, bəndən yenəmi nifrət ediyorsun?
H u m a y. Xayır, Cəmil, xayır... Süt için gediyorum.
C ə m i l bəy. Aman, getmə!.. Lazım deyil... Yalnız ver əllərini əməyim, iştə kafi!..
(Yataqdan düşəcək olur).
H u m a y (onu tutaraq). Cəmil! Niçin kəndini üzüyorsun?..
C ə m i l bəy (Humaya sarılır, əlini-qolunu öpərək, titrək və mə’sumanə bir ahənglə). Söylə, Humay, söylə! Şimdi bəni seviyorsun, deyilmi?
H u m a y. Əvət, Cəmil, seviyorum.
S ə l t ə n ə t (sofada). Böyüksün, Ilahi!
Bəypolad və Nadir bəy məmnunanə baqışırlar.
C ə m i l bəy (böhranlı). Xayır, xayır, sən bəşər deyilsin, Humay!.. Ah! Sən əcəlin pənceyi-qəhrində mələyən, fəlakət zəncirində inləyən bir əsiri qurtarmaq için Allah tərəfindən göndərilmiş şəfqətli, mərhəmətli bir mələksin!.. (Hər ikisi məhzun və məmnun bir halda baqışırlar).
B ə y p o l a d (sofadakılara mə’nalı bir ahənglə). Haydı, gedəlim... Məhəbbət Humay ilə Cəmili birləşdirdi.
Gedirlər.

Pərdə