Maral/İkinci pərdə
←Birinci pərdə | Maral. İkinci pərdə Müəllif: Hüseyn Cavid |
Üçüncü pərdə→ |
Səhnə iki həftə sonra Barjomda səhər vaxtı, pək kənarda açıq və mənzərəli bir guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç danə də bıçqı ilə kəsilmiş ağac kötüyü görünür. Cəmil bəy əlində bir kitab olduğu halda, Bəypolad ilə bərabər, ağır adımlarla yürüyərək gəlirlər. Uzaqda çoban düdüyü çalınır və bülbül şaqırtısı eşidilir.
B ə y p o l a d. İştə, hər zamankı yerimiz!.. Buracıqda oturub yorğunluğumuzu alsaq eyi olmazmı ya?..
C ə m i l bəy. Oturalım, əfəndim, burası qadar gözəl, baqımlı bir yer bu civarda pək az bulunur. (Hər ikisi ağac kötükləri üzərində otururlar).
B ə y p o l a d (kötükləri göstərərək). İştə, böylə təbii yerlərin sandaliyələri də kəndinə məxsus!..
C ə m i l bəy. Allah eşqinə bir baqınız!.. Ormanları inlətən şu vəhşi musiqi, ruhumuzu güldürən şu bülbül nəğmələri nə qadar munis! Nə qadar dilbər! Hələ nəzərimizi oqşamaqda olan şu lətif mənzərələrə, şu təbii gözəlliklərə nerdə rast gələ biliriz?!
B ə y p o l a d. Öylə ya... Cənnəti bu qadar tə’rif, tevsif edərlər, İştə burası da cənnətdən bir parça deməkdir.
C ə m i l bəy. Şübhəmi var?!
B ə y p o l a d (təqdiramiz). Amma sizin bağçanın çiçəklərindən də keçilməz ha! Turxan bəydən ayrıldığım gecə gözəl bir mehtab var idi, gözlərim bağçayı şənlətən çiçəklərə ilişdi, doğrusu, ailənizdəki hüsnitəbiətə heyran oldum.
C ə m i l bəy. Xayır, əfəndim, o bağçayı keçən sənə görməliydiniz. Divarlarına varıncaya qadar rəngarəng çiçəklərlə bəzənmişdi. Tavus tükləri kibi hər baqışda insana başqa bir gözəllik ərz edərdi.
(Məhzunanə).
Fəqət zavallı anacığım vəfat edəli pək çoq deyil... onunçin bu yıl bağçaya eyi baqmadıq. Doğrusu, könül açıqlığı olmayınca, insandakı nəş’ə də alt-üst oluyor. Artıq hiç bir şeyə həvəs qalmıyor.
B ə y p o l a d. E...yy, cavanlıqda insanın hissiyyatı pək daşğın, pək həyəcanlı olur. Baq, siz bu dərəcə məhzun olduğunuz halda, Turxan bəydə hiç öylə bir hal görünmüyordu.
C ə m i l bəy. Onun qayğı ilə, sıqıntı ilə nə işi!? O, yalnız kəndini düşünür, kəndi keyfinə baqar. Hələ yazıyorlar ki, bu günlərdə evinə on altı yaşında bir gəlin də gətirmiş!..
B ə y p o l a d. Gəlin dedin də eyi xatirimə gəldi. Turxan bəydən ayrıldığım zaman, bəni bir tərəfə çəkib dedi ki: “Qomşumuzda milyonçu bir bəy var, kəndisi bənimlə əhbab... həm də gözünün ağıqarası bir danəcik qızı var. Şimdi Cəmili bəkliyorlar, söylə çocuqluq etməsin! Fürsət əldən çıqar, sonra peşiman olur. Çoq geciksə bir məktub yazsın, nişan yüzüyünü göndərəlim də, iş bitsin, getsin...”
C ə m i l bəy (yarım qəhqəhə ilə). Amma da nə gözəl fürsət. Nə xoş xəbər!.. Demək ki, taleyimizin yıldızı doğmağa başlamış da, xəbərimiz yoq... (heyrətlə) Allah, Allah! Dünyada nə əcayib mühakimələr var imiş!.. Böylə qaranlıq dama daş atmaq, ya qeybdən səadət ummaq, əcəba hanki divanənin xəyalından keçər!.. (Qızğın və sinirli).Demək ki, bir qızı və ya bir oğlanı məhv etmək için yalnız ana-babasının rizası kafi imiş!..
B ə y p o l a d. Bu nə demək!.. Şükür Allaha, əqlin, kəmalın hər kəsdən ziyadə... Eyicə düşünüb daşınırsın, kəndi hissiyyatını dinlərsin... Sana zor edəcək deyillər, a!?
C ə m i l bəy. Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoq... Zor etmək deyil, insanı qəhr etmək belə onlarca əhəmiyyətsiz bir iş.
B ə y p o l a d. Sən bu xüsusda hiç məraq etmə!.. Sizin yerin adətini bilməsəm də Turxan bəyi görüb tanıdım... Zənnimcə o, böylə bir haqsızlığı əsla rəva görməz.
C ə m i l bəy. Bəlkə bən yanılıyorum!.. Allah ağzınızdan eşitsin!
(Ətrafa baqaraq). İştə, Səltənət xanım da gəldi.
B ə y p o l a d. Pək gözəl, gəlsin baqalım, həmşirə xanımda nə xəbər var...
S ə l t ə n ə t (gələrək). Yenə bir guşəyə çəkilib də nə həsb-hal ediyorsunuz?
C ə m i l bəy (yerindən qalqaraq tə’zim ilə). Hiç... Öylə bir şey deyil; təbiətin gözəlliyindən, insanlardakı eyi-fəna hallardan bəhs ediyoruz.
S ə l t ə n ə t (Cəmil bəyə). Otur, əzizim, otur!..
C ə m i l bəy (bir ağaca dayanaraq). Böylə daha eyi...
B ə y p o l a d (Səltənətə). Humay nerdə... həmşirə?
S ə l t ə n ə t . Nişanlısı Şahmar bəydən məktub almış. (Cəmil bəyin halı dəyişir). Zənn edərsəm ona cavab yazıyor.
B ə y p o l a d. Pəki, Şahmardan nə xəbər?
S ə l t ə n ə t . Bu günlərdə Qazandan Peterburqa getmiş...
B ə y p o l a d. Amma bu zabit qısmı də pək tuhaf şey!.. Əqillisi gerçəkdən böyük bir fəzilətə malik olur, Şahmar kibilər də əsil timarxanədən başqa bir yerə yaramaz. Şimdi kim bilir, yenə hanki meyxanə bucağında sızıb qalmış...
S ə l t ə n ə t. Hənuz gəncdir, qardaşım, yavaş-yavaş yumuşar, uslanır.
B ə y p o l a d (heyrətlə). Kim!.. Şahmarmı?.. Yazıqlar olsun! Adam tanımaqda eyi məharətiniz var!.. Dünyanın bütün dəliləri uslanır da, inan ki, o yenə uslanmaz. Onun adı gəlincə, sanki Humayı qarşımda ağlar görüyorum.
S ə l t ə n ə t . Nə yapalım? Şimdi hər hansı qıza baqsanız, ən birinci arzusu evlənəcəyi adamın zabit olmasıdır.
B ə y p o l a d (acı qəhqəhə ilə). Ona şübhəmi var!.. Hər kəs bilir ki, zabit həyatı ən məs’ud bir həyatdır! Baxüsus, Şahmar kibi bir abdalın işi nə ola bilir?.. Qılıcını şaqırdataraq vaqtında maaş almaq, gecə-gündüz klublarda, teatrolarda boşboğazlıq etmək... Nerəyə getsə rəfiqəsi xanım əfəndi də bərabər... Böylə qayğısız bir həyatı əcəba hanki qız sevməz?!
Bu halda yaqında bir tüfəng açılır. S ə l t ə n ə t diksinir. Bəypolad və C ə m i l səsgələn tərəfə baqarlar.
Cəmil bəy (titrək və sinirli). Əcəba insanlıqda bu cəlladlıq, bu xunxarlıq nə vaqta
qadar dəvam edəcək! (Əlilə işarə edərək). Bir şu avcıya, şu vicdansız hərifə deyən yoq
ki, o günahsız quşcığazı məhvetməkdə nə mə’na var? Bir az əvvəl, zavallı daldan-dala
qonaraq şaqırşaqır ötüyordu. Ah, mərhəmətsiz cəllad! Mədəni canavar!
S ə l t ə n ə t (Cəmil bəyə). Tuhaf şey!.. Sən bunu birinci dəfəmi görüyorsun?
Bəypolad (Cəmilin qolundan tutaraq). Bilirmisin, Cəmil! Sən bu əsr için deyil,
bəlkə başqa bir zaman için yaradılmışsın. Hissiyyatın o qadar nəcib, o qadar ali ki, şu
mühit sənin için pək dar, pək qaranlıqdır...
(Əlilə göstərərək). Haydı gəl, bu tərəfdən şu qarşıkı təpəyə çıqalım; orası pək mənzərəli bir yer...
S ə l t ə n ə t . Əvət, orası pək gözəl... Ətrafı gözdən keçirdikcə insanın könlü açılır. Fəqət Cəmil bəy azacıq zəif, fəzləcə yorğunluq vücudunu üzər deyə qorquyorum.
Cəmil bəy. Əvət, doktor da öylə diyor. Hələ yoquş çıqıb kəndimi yormaqdan büsbütün mən’ ediyor.
S ə l t ə n ə t (Cəmilə). Humay gəlib bizi soracaq olursa, yerimizi söylərsin. Arzu edərsə o da gəlir; istəməzsə buracıqda səninlə bərabər qonuşub gəzinir.
C ə m i l bəy. Pəki, əfəndim, söylərim...
Bəypolad ilə S ə l t ə n ə t Cəmil bəyə yünül bir təmənna edərək yavaş-yavaş gedərlər.
C ə m i l bəy (bir-iki gəzinərək məhzun bir halda). Humay, Humay! Ah, o gözəl xilqəti düşündükcə bütün ruhum, bütün vücudum sarsılıyor. Yaşadığım müddətdə yalnız onun gül yüzünü görmək, onun lətif səsini eşitmək istərim. (Təbdili-tevrilə). Əvət, o bənim, yalnız bənim olacaq. (Azacıq düşünərək mə’yusanə). Ah, fəqət Şahmardan keçməzsə? Bu sırada yaralı və ağır bir ahənglə, şikəstə məqamında olaraq aşağıdakı türkü, ormanın namə’lum bir guşəsindən eşidilir. Cəmil bəy, dalğın və yorğun adımlarla azacıq səs gələn tərəfə doğru ilərlər. Əlindəki kitabı və şapkayı bir yana atar, səhnənin bir bucağında uzanıb məzkur səsi dinləməyə başlar.
İŞTƏ TÜRKÜ
Alagöz bir mələk gördüm, vuruldum,
Dərdə düşdüm, ah çəkməkdən yoruldum,
Hənuz cavan ikən sarardım, soldum,
Eşq atəşi hər an yaqıb canımı,
Əlimdən aldı səbrü imkanımı.
Bulunmaz olmuş dərdimin dərmanı,
Fəryadım inlətir vəhşi ormanı.
Gəzib alt-üst etdim bütün cihanı,
Bir ağ gün görmədim, səfa görmədim;
Hiç bir gözəldə bir vəfa görmədim.
H u m a y (düşüncəli bir halda digər tərəfdən çıqar, gəzindiyi sırada Cəmil bəy gözünə ilişir. Təlaş ilə). Cəmil! Qalq, əzizim, qalq... Soğuq alırsın da eyi olmaz.
C ə m i l bəy (cavab verməz).
H u m a y. Cəmil!
C ə m i l bəy (Şaşqın). Kim o?
Humay. Bənim, bən!.. Haydı, qalq, evə get, burası sənin için eyi deyil, vücudun pək zəif...
Cəmil bəy (qalqaraq). Ah, Humay! Sevgili Humay! Nə zaman gəldin?
H u m a y. Çoq deyil, əzizim, şimdicik...
Cəmil bəy (heyrət və sevinc ilə). Ah, hər uyuyan oyandığı zaman başı ucunda sənin kibi bir mələk görəcəyini düşünsəydi, şübhəsiz uyumağı oyanıqlığa tərcih edərdi. Məzardan baş qaldırdığı zaman, insan səni ziyarət edəcəyini bilsəydi, haman bir an əvvəl ölümün pəncəyiqəhrinə atılırdı...
H u m a y (gülümsəyərək). Cəmil! Səndə bir başqa hal görüyorum, bu gün sana bir
şeymi olmuş?
Cəmil bəy (sükut edər).
H u m a y. Niçin cavab vermiyorsun?
C ə m i l b ə y . Şimdi rö’yada gördüm ki...
H u m a y (maraqla). Nə gördün? Allah eşqinə, söylə!
C ə m i l bəy. Söyləməyə dilim varmıyor, Humay!
H u m a y (heyrətlə). Nasıl?!
C ə m i l bəy (düşünür, cavab verməz).
H u m a y. Niçin susdun? Artıq, bəni məraqlandırıyorsun.
C ə m i l bəy. Şimdi ki, məraq ediyorsun, dinlə!
H u m a y. Dinliyorum, İştə söylə!
Cəmil bəy. Humay! Gördüm ki, Barjom misafirləri yavaş-yavaş dağılıyor, hər kəs gəldiyi yerə gediyor...
Humay (məraqlı və güləryüzlə). Sonra?
C ə m i l bəy. Sonra biz də yol tədarükünə başladıq. Səndən ayrılacağımı sanki hiç düşünməmişdim, ayrılıq zamanı yaqlaşınca birdənbirə gözlərim yaşardı. Təhəmmül edəmiyərək öksüz çocuqlar kibi ağlayıb sızlamağa başladım.
H u m a y (incə qəhqəhə ilə). Doğrusu, tuhaf təbiətiniz var! Pəki, ayrıldıqdan sonra təkrar görüşmək gücmü ya?!
C ə m i l bəy (azacıq düşünərək, birdən-birə Humayın əlini əlləri içinə alır).
Humay!.. Sən hiç bəni sevərmisin?
H u m a y (yarım qəhqəhə ilə). Çocuqmu oldun, Cəmil! Pəki, şimdiyə qadar, sana qarşı hanki sevməməzlikdə bulundum?
Cəmil bəy. Demək, bəni seviyorsun, deyilmi?
H u m a y. Şübhəsiz...
Cəmil bəy. Məsəla, nə kibi?
H u m a y. Sevgili bir qardaş kibi.
Cəmil bəy. Daha?..
H u m a y. Əziz bir arqadaş kibi, səmimi bir əhbab kibi...
C ə m i l bəy (çocuqca). Daha? Daha?
H u m a y. Dahası yoq, əzizim...
Cəmil diz çökərək onun əlini öpmək istərsə də, Humay nazikanə bir tevrlə geri çəkilir.
Cəmil bəy (sinirli və aşiqanə). Humay!..
H u m a y (heyrətlə). Cəmil!..
C ə m i l bəy (yalvararaq). Mərhəmət, Humay! Mərhəmət!
H u m a y. Bugünkü halın pək qarışıq, Cəmil, nə demək istədiyini bilmiyorum.
C ə m i l bəy (əfsürdəhal). Bilməz kibi görünmə, Humay, qəhr etmə bəni!.. Seviyorum, İştə seviyorum səni. Həm də bir Məcnun kibi seviyorum, anladınmı?!
H u m a y (təzyif ilə). Lakin nişanlı bir qız olduğumu unutuyorsun... Həm də bu hərəkətini dayım bilsə, səninçin əsla xeyirli olmaz.
C ə m i l bəy (acı-acı gülərək). Bir ölüyə Əzraildən bəhs etmək tuhaf deyilmi ya!.. Hiç ruhsuz bir iskelet parçalanmaqdan mütəəssir olurmu? Hiç quru bir heykəl e’dam ediləcəyi için təlaş edərmi? (Məhzunanə).
H u m a y! Bən çoqdan əriyib bitmişim. Görüyorsun ki, bəndə həyatdan əsər yoq... Bəni yaşatacaq yalnız, yalnız sənin məhəbbətindir. İnan ki, səndən ayrılsam, yalnız ölümlə birləşirim. Əvət, sevdiyinə qavuşmayanlar, fəqət məzarıstana qavuşurlar.
H u m a y (beş-üç adım uzaqlaşaraq). Lakin... Lakin!..
C ə m i l bəy (boynu bükük bir halda). Mərhəmət, Humay, mərhəmət!.. Humay (bir az daha uzaqlaşaraq). Xayır, Cəmil, xayır... Bu hal, əsla şayani-mərhəmət deyil, olsaolsa ancaq layiqi-nifrət ola bilir!..
C ə m i l bəy (qayət mütəəssir). Ah, nifrətmi?! (Qəhriz xəndə ilə). İştə bən də bunu bilmək istiyordum. Anlaşıldı, Humay, anlaşıldı... Əvət, bənim nə qadar alçaq, nə qadar şərəfsiz, nə qadar bədbaxt bir səfil olduğum anlaşıldı... (Sinirli). Nifrət! Nifrət! Nə tatlı mükafat!..
Humay (mərhəmətli). Cəmil, Cəmil! Niçin düşünmüyorsun?
C ə m i l bəy (yaralı bir səslə). Yetişir, Humay, yetişir! Yaralı könlümə bıraqmış olduğun yanğını, əmin ol ki, dəryalar belə söndürəməz.
(Sür’ətli və sərsəmcə adımlarla uzaqlaşıb gedər).
H u m a y (Cəmilin getdiyi tərəfə baqaraq nədamət və təəssüflə). Ah, nə fəlakətli təsadüf!.. Zavallı xəstəlikdən büsbütün xərab olacaq... Bu sırada Bəypoladın xidmətçisi əlində bir telqraf kağızı bulunduğu halda, qoşaraq Humayın yanına gəlir. O nə?
X i d m ə t ç i. Telqrafdır, xanım, Bəypolada yetişməlidir.
H u m a y (kağızı alıb baqaraq). Kim bilir, o şimdi nerdə?
X i d m ə t ç i. İştə gəliyorlar.
H u m a y. Haydı, al da kəndisinə ver! (Humay gəzinmək bəhanəsilə bir tərəfə çəkilir).
Bəypolad (Səltənətlə bərabər gələrək telqrafı alıb oxur. Qafasını oynataraq məmnun bir tevr ilə). Nə ə’la!.. Nə ə’la!..
S ə l t ə n ə t . Əcəba nerdən?
B ə y p o l a d. Peterburqdan...
S ə l t ə n ə t (məraqlı). Kimdən? Şahmardanmı?
B ə y p o l a d. Xayır, Şahmardan deyil, fəqət ona dairdir...
S ə l t ə n ə t . Pəki, nə var? Nə olmuş?
B ə y p o l a d (kəskin və mə’nalı bir ahənglə). Şahmar bəy yeni sevmiş olduğu bir rus qızı için intihar etmiş!..
S ə l t ə n ə t . Nə? Intiharmı?
B ə y p o l a d (soğuqqanlı). Əvət!
S ə l t ə n ə t (sinirli). Nişanlısı olduğu halda, öyləmi?
B ə y p o l a d. Əvət!
S ə l t ə n ə t (həyəcanlı). Ah, rəzil! Alçaq!..
B ə y p o l a d (Səltənətin qolundan tutaraq mə’nalı bir təbəssümlə). Gəl, canım, gəl!.. Haydı, gedəlim də Humay xanıma baş sağlığı verəlim!..
(Gedərlər).