Məzmuna keç

Millət şərqisi ("Qeyrət edib çalışdın, düşdün qabağa, millət!")

Vikimənbə saytından
Millət şərqisi ("Qeyrət edib çalışdın, düşdün qabağa, millət!")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 253. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Qeyrət edib çalışdın, düşdün qabağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Hər yerdə, hər məkanda hər dürlü iş qayırdın,
İslaməa xidmət etdin, məzhəbləri ayırdın,
Yüzlərcə coqə yapdın, minlərcə söz buyurdun,
Hər gündə bir cəmaət atdın qırağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Uyquda ikən aləm, əfradını oyatdın,
Cümlə miləl içində öz şə’nini ucaltdın,
Hörmətli ad qazandın, ali məqama çatdın,
Əhsən, səd əhsən, əhsən bu təmtərağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Minbə’d ciddü cəhdin yoxdur bizə lüzumi,
Zira ki, əsri-halın bambaşqadır rüsumi,
Məktəb sevir cəmaət, təqdis edir ülumi,
Tərcih edir vaqonu ata, ulağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Seyr etməyə fəzanı icad olur1 balonlar,
Bir yandan aftamillər, bir səmtdən vağonlar,
Hər ixtiraə dair tə’sis olur salonlar,
Vallah, bular azıblar başdan ayağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
Bunlar bütün cəhanın əsbabi-е’tilası,
Onlar əsiri-dünya, biz axirət fədası,
Beş gündür ömri-dünya, yoxdur onun bəqası,
Bizcə xətadır uymaq boylə məzağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!
İslam üçün gərəkməz kafirlərin şüarı,
Qoy onların ucalsın həp qəsri-zərnigarı,
Biz gözlərik fəqət bir eyvani-xüldzarı,
Ol yerdə hurilərlə dolluq otağa, millət!
İndi bir az da dincəl, baş qoy yatağa, millət!