Məzmuna keç

Nədir, aya, yenə üsyanları iranlıların?

Vikimənbə saytından
Nədir, aya, yenə üsyanları iranlıların?
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Nədir, aya, yenə üsyanları iranlıların?
Başladı cünbüşə tüğyanları iranlıların,
Nəqzi-əhd eylədi ə’yanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!
Yansın iranlıların arxası, yandı ciyərim!
О yetim Məmdəlidən var yenə bir pis xəbərim;
Belə derlər ki, qoyub təxti qaçıb taci-sərim,
Sığınıb konsula xaqanları iranlıların,
Dərhəqiqət pis imiş qanları iranlıların!
Əhli-Iran bu qədər bişərəf olsun, nə üçün?
Düşməni-tərzi-ümuri-sələf olsun, nə üçün?
Yeni Osmanlı2 kimi naxələf olsun, nə üçün?
Bata, ya rəb, görüm Iranları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Üçcə il qoymadılar təxtdə rahət yaşasın,
Bir doyunca çıxarıb kef, edib işrət yaşasın,
Ta onun sayeyi-ədlində bu millət yaşasın,
Olsun asudə müsəlmanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Neyləmişdi sizə, yahu, bu başıdaşdı yetim?
Ya nə vicdanə dəyər bir işə çulğaşdı yetim!?
Hərə bir hoqqa çıxartdız, kırıxıb çaşdı yetim,
Dedi, çıxsın dəxi qoy canları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Sizə öz şə’ninə şayəstə kərəm etmədimi?
Hökm məşruteyi-İranı rəqəm etmədimi?
Xətti-Qur’anı öpüb, yadi-qəsəm etmədimi?
Niyə bəs olmadı imanları iranlıların?
Dərhəqiqət pis imiş qanları iranlıların!
Bilmirəm andıra qalmış bu nə hürriyyət idi?
Haradan çıxdı bu söz, ya bu necə söhbət idi?
Ölkəmiz altı min ildən bəri bir cənnət idi,
İndi qan-qan deyir insanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Hələ iranlıların bir о Sipəhdarına3 bax!?
Bəxtiyari elinin rütbəli Sərdarına4 bax!?
Bir, sən Allah, buların şah ilə rəftarına bax!
Bu da ə’yanları, ərkanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Başına cəm eləyib hər biri bir xeyli sipah
Ki, nə var? Məmdəli, düş təxtdən, olma bizə şah!
Etdilər üç günün ərzində bütün əmri təbah,
Qaçdı, "ax-vay!" deyə, sultanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,
Yaxşı-yaxşı qocalar, adlı cəvanlar var idi,
Şahı həq zilli bilən sevgili xanlar var idi,
İndi Yefremlər5 olub xanlar, iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Bir də, yahu, nə gərək el qarışa şah işinə?
Göz açıb diqqət edə gah özünə, gah işinə?
Şah olan kəs olur ancaq özü agah işinə!
Yoxsa hər silsiləcünbanları iranlıların?!
Dərhəqiqət pis imiş qanları iranlıların!
Şah bilər ölkədə hər nə götürər, hər nə qoyar,
Gah cibin, gah dərisin hər kimin istərsə soyar,
Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar –
Min də çıxsa göyə əfğanları iranlıların!
Becəhənnəm ki, yanır canları iranlıların!
Şahın öz əbdidir insanları iranlıların!
Dərhəqiqət pis imiş qanları iranlıların!