Nədir (Aşıq Məhərrəm Alçalı)
Görünüş
Nədir Müəllif: Aşıq Məhərrəm Alçalı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Barilahim, divan budur.
Yetişən dada nədir?
Müxənnəs haqqı unudub,
Heç salmır yada, nədir?
Kirmə nadan məçlisinə,
Qədirbilən olmasa,
Hərcayı hədyan söyləyər,
Bəy nədir, gəda nədir?
Əsli-zatı halal olan
Çaşqın olmaz binadan;
Mətləbinə tez yetirər
Yeri, göyü yaradan.
Tərk eyləyən sovmü salat
Əlin çəksin üqbadan;
Titrəyər dizi Siratda,
Heç tapmaz çara nədir.
Ey Məhərrəm, dosta yetir:
Dostdan-dosta al olmaz.
Həqiqətdən dərs almayan,
Təriqətdən hal olmaz;
Şəriətdə kamil olan
Yetgin olar, kal olmaz;
Gəşt eyləyər dəryalarda,
Çay nədir, ada nədir.