Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/124-cü xütbə

Vikimənbə saytından
123-cü xütbə Nəhcül-bəlağə. 124-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
125-ci xütbə


İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (və döyüş qaydalarını öyrənməyə) həvəsləndirdiyi kəlamlarındandır. (Döyüş meydanında düşmənlə üzbəüz gəldikdə) zirehlinizi önə, zirehsizinizi arxaya keçirin, dişlərinizi bir-birinizə sıxın (döyüşdə dönməz olmaqla çətinlikləri özünüzə asanlaşdırın). Çünki döyüşdə dönməzlik qılıncları başlardan daha da uzaqlaşdırar (döyüş meydanının çətinliklərinə dözmək qələbə və fəth üçün hər təbdirdən daha yaxşıdır). Nizələrin ətrafında əyilib-bükülün, (düşmənə nizə ilə zərbə vurarkən özünüzü endirib qaldırın və yaxud düşmən sizə nizə endirəndə özünüzü uzaq tutun), çünki nizələri bu üsulla vurmaq (onları əyilib-bükülmədən vurmaqdan) daha təsirli olur (və yaxud özünə az dəyir). Nəzərlərinizi yerə dikin (hər tərəfə baxmayın), çünki gözü yummaq qəlbin gücünün və ürəklərin rahatlığının artmasına (düşməndən qorxmamağa) səbəb olar. Səslərinizi alın (hay-küy salmayın), çünki mətanət və sakitlik (hər şeydən) xofu, qorxunu daha tez uzaqlaşdırar (qorxaqlar döyüş meydanında hay-küy salar, igidlər isə söz danışmayıb öz işlərini görərlər). Bayrağınızı yerindən hərəkət etdirib ətrafını boşaltmayın (ki, hamının diqqəti bayrağa yönəldiyinə görə qoşunun məğlubiyyətinə səbəb olar). Onu dilavərlərdən, hər pis hadisənin sizə yetişməsinə mane olanlardan və qorunub saxlanılması lazım olanı müdafiə edəndən başqa hər kəsə tapşırma. (Əlbəttə, belə insanlar zəfər çalmaqdan və ya həlak olmaqdan başqa heç vaxt bayrağı əllərindən verməzlər.) Çünki (döyüşün) bəla və çətinliklərinə o adamlar dözər ki, bayrağın ətrafına dolanaraq onu sağdan, soldan, arxadan və qabaqdan qorusun. (Düşmənə) təslim olmasın deyə ondan dala qalmasın və onu tənha qoymamaq üçün qabaqa keçməsin. Kişi (döyüş meydanında) onunla üzbəüz gələn düşməndən qorunmalı və (onu məğlub etdikdən və ya öldürdükdən sonra) öz qardaşına (yoldaşına) kömək etməlidir. Öz düşmənini buraxıb qardaşına tərəf yönəlməməlidir ki, qardaşının düşməni ilə əlbir olub (onu aradan götürüb) birlikdə ona qəsd etsinlər. Allaha and olsun, dünyanın qılıncından qaçsanız, axirətin qılıncından salamat çıxmayacaqsınız (cihada gedib Allah yolunda qılınc çalmasanız, əbədi əzabdan xilas ola bilməyəcəksiniz. Nəyə görə özünüzü qılınc çalmağa və düşmənin qarşısını almağa hazırlamırsınız? Bir halda ki,) siz ərəbin zadəganları və böyük (hörmətli) şəxslərindənsiniz. Həqiqətən də (döyüşdən) qaçmağınız Allahın qəzəbinə (Allah-təalanın rəhmətindən uzaqlaşmağa), zillət, çarəsizlik və əbədi rüsvayçılığa səbəb olar. Qaçanın ömrü artmaz və qaçmaq onun ölümünə mane olmaz. Allaha doğru gedən (cihad edənin şövqü) suya çatan təşnə kimi olmalıdır. Cənnət nizələrin ətraflarının altındadır. Bu gün xəbərlər aşkar olacaq (qılınc vurarkən, ölərkən, öldürərkən hər kəsin sözünün düzlüyü və səhvliyi aydınlaşar). Allaha and olsun, mənim onlarla (düşmənlərlə) görüşə olan həvəsim onların şəhərlərinə olan həvəslərindən daha çoxdur. İlahi, əgər onlar haqqı rədd edib onunla düşmənçilik niyyətində olsalar, insanlarını pərən-pərən et, aralarına fikir ayrılığı sal və onları öz günahlarında həlak et. Onlar dayandıqları yerdən heç vaxt uzaqlaşmazlar (fitnə-fəsad törətmək qərarlarından əl çəkməzlər. Siz, mənim tərəfdarlarım, onlarla döyüşüb etiraz etməsəniz), düşmənin canını bədənindən çıxaran dalbadal nizələr vurulmasa, beynini yarıb sümüklərini sındıran, ayaqlarını, biləklərini və qıçlarını qıran qılınclar çalınmasa (öz pozğunluqlarını davam etdirib sizləri məğlub edəcəklər). Qoşunlar dəstə-dəstə və ardı-arası kəsilmədən onlarla üzləşməsə, saysız-hesabsız əsgərlər qələbə və yardım üçün hər bir yandan toplanıb arxada saxlanan ehtiyat atlarla onlarla döyüşməsə, yerlərindən tərpənən deyillər. Tərpənməzlər-arxasında böyük ordunun dayandığı (beş səmti – yəni, önləri, arxaları, sağları, solları və qəlbləri nizamlı, düzümlü olan) çoxlu qoşunlar onların şəhərlərinə daxil olana qədər. Atları dırnaqları ilə bir-birinə yanaşı torpaqlarını (evlərini) və heyvanlarının örüşlərini tapdaq-tapdaq edənə qədər (qısası, onların hər şeyinə hakim kəsilərlər. Seyyid Rəzi buyurur:) Deyirəm: الدَّعْقُ sözünün mənası döyüb əzməkdir, yəni, «atlar onların torpaqlarını dırnaqları ilə döyüb əzərlər». وَنَوَاحِرُ الْأَرْضِ isə üzbəüz torpaqlar mənasında işlənmişdir. مَنَازِلُ بَنِى فُلان تَتَناحَرُ dedikdə isə filankəsin oğullarının evlərinin bir-birinin qarşısında olması mənasını verir.