Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/128-ci xütbə

Vikimənbə saytından
127-ci xütbə Nəhcül-bəlağə. 128-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
129-cu xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Cəməl döyüşündən sonra Bəsrədə buyurub. Qeybdən verdiyi xəbərlər silsiləsindəndir.) Bəsrədə baş verəcək ağır hadisələrdən xəbər verir: Ey Əhnəf! Onu (zəncilərin qoşununun başçısını) toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, (atları və silahları olmayan), öz ayaqları ilə yeri döyəcləyən (çox fitnə-fəsad törədən) bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları (barmağın enliliyi, qısalığı və yastılığı baxımdan) dəvəquşu ayağına bənzər. (Seyyid Rəzi buyurur:) İmam əleyhis-salam bu sözləri ilə zəncilərin başçısının qiyamına işarə edir. Bundan sonra İmam əleyhis-salam buyurur: Ölənlərinə kimsənin ağlamadığı (çünki onların hamısı qara qul olduqlarına görə ölənlərinə ağlamaq üçün qohumları yox idi), yox olanı axtarılmayan qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil xortumu tək xortumlu (navdanlı), bəzəkli evlərinizə və abad küçələrinizə (onların hamısını dağıdıb viran qoyacaqlar). Mən dünyanı uzağa atıb onu ölçmüşəm (onun zahiri və batinini, keçmişini və gələcəyini bilirəm) və həqiqətlərini görürəm (onun etibarsızlığını, vəfasızlığını hər zaman görürəm).

Bu sözlər Həzrətin kəlamının tatarların (və monqolların kitablarda və tarixdə həkk olunmuş axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir

Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm və sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.) O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz və özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: «Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir». İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi: Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi və alih – öyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ «Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardır!» Deməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir. Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir.