Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/129-cu xütbə

Vikimənbə saytından
128-ci xütbə Nəhcül-bəlağə. 129-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
130-cu xütbə


İmam Əli əleyhis-salamın peymanlar və tərəzilər barədə xütbəsidir: Ey Allah bəndələri! Siz və sizin bu dünyadakı arzularınız qalacağı müddət bəlli olan qonaq və borc sahibinin alacağını (borcunu) sizdən tələb etdiyi borclularsınız. Qonaq qalmağınızın müddəti qısa, borclarınız isə (yazanların yanında) qorunan əməllərdir. (İbadət və bəndəlikdir.) Nə çoxdur bir əməldə çalışan və (onu) zay edən (riyakarlar kimi). Nə çoxdur əziyyət çəkən və zərər görən (Xəvaric və Nəvasib tək). Siz xeyir və yaxşılığın arxa çevirdiyi, şər və pisliyin üz tutduğu, şeytanın insanları həlak və puç etməyə tamarzıdığı bir ruzigarda vaqe olmusunuz. İndi onun iş alətlərinin gücləndiyi, məkr və hiyləsinin hər yana yol tapdığı, ovunun asanlaşdığı bir vaxtdır. Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur və Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi? Haradadır sizin yaxşı və ləyaqətliləriniz, azad insanlarınız və kəramət sahibləriniz? Haradadır alış-verişdə pərhizkar, yolları pak olanlarınız? Hamısı bu alçaq dünyadan və əziyyət, bədbəxtlik sarayından tələsik köçmədilərmi? Siz məgər alçaqlıqlarına, ləyaqətsizliklərinə və adları çəkilməyə layiq olmadıqlarına görə onları pisləyib qınamağa dodaqların belə gəlmədiyi pis ovuntu kimi olan camaat arasında canişin olmusunuz? (Elə yaxşı insanların canişini olan sizlər o qədər rəzil və alçaq olacaqsınız ki, adınızı çəkmək üçün sizləri danlamağa belə layiq deyilsiniz. Belə bir müsibətdə deməliyəm ki,) إِنّا ِللهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ Yəni, biz hamımız Allahın bəndələri, qullarıyıq və Onun hökmünə, fərmanına doğru qayıdacağıq. Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir və pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb «rəhmli, kərəmli və bağışlayandır» deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lə’nət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə.