Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/149-cu xütbə

Vikimənbə saytından
148-ci xütbə Nəhcül-bəlağə. 149-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
150-ci xütbə


İmam Əli əleyhis-salamın (ibn Mülcəm qılıncla o böyük şəxsin başına zərbə endirdikdən sonra) vəfatından öncə (ölümün hamıya çatacağı barədə dediyi, Allah və Peyğəmbərə tabe olmağı tövsiyə etdiyi və öz vəfatını xəbər verdiyi) kəlamlarındandır. Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması və ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır. Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm. (Bu sirri tapdım və) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir. Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onu hər kəsə açmaq olmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahu əleyhi və alih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (Allahın birliyi və Həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın. Və yandırın bu iki çırağı (nadanlıq və azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə). Bir-birinizdən (bu iki şeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın və Peyğəmbərin göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Belə isə, nadanların bilənlər qədər mükəlləfiyyəti yoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilik ona yol tapmayıb) və rəhbəriniz (Həzrət Peyğəmbər və yol göstərən İmamlar əleyhimus-salam bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik və gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik və qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət etsin. Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma və Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq. Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.