Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/159-cu xütbə

Vikimənbə saytından
158-ci xütbə Nəhcül-bəlağə. 159-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
160-cı xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın sifətləri haqda) xütbələrindəndir. Allahın əmri lazımi (rədd edilməyən) və Onun məsləhətinə, razılığına uyğun hökm, mehribanlıq və (bəlalardan, çətinliklərdən) əmin-amanlıqdır. Elm və bilik əsasında (hər şeyin) hökmünü buyurur. Helm və səbrlə (əfvə layiq günahı) bağışlayır. İlahi, aldığın və bəxş etdiyin hər bir şeyə, məlhəm verdiyin və mübtəla etdiyin xəstəliklərə görə Sənə şükrlər olsun. Elə bir şükr ki, Sənin üçün ən bəyənilmiş, Sənə doğru ən sevimli, Sənin yanında ən üstün şükr olsun. Elə şükr ki, (səmada və yerdə) yaratdığını doldursun, istədiyinə çatsın. Elə şükr ki, Səndən gizlədilməz və hüzurunda yasaq olunmaz. Elə şükr ki, onun sayı kəsilməz, kömək və yardımı yox olmaz. (Qısası, Sənə hər şükrdən üstün olan şükrlə şükr edirəm.) Deməli, (nə qədər çalışsaq da Sənin Allahlığına layiq şükr edə bilmərik. Çünki) biz Sənin böyüklük və əzəmətini dərk etmirik.Yalnız bunu bilirik ki, hər bir şey (imkan və ehtiyaca görə) Səninlə dirçəlib, Sənə bağlıdır, Sənin yuxudan qabaq süstləşmədiyini (mürgüləmədiyini), yuxuya getmədiyini bilirik. Düşüncələr Sənin əslinə və zatına çatmayıb, heç bir göz Səni anlamayıb, gözləri Sən anlamısan. (Bəndələrin) əməllərin hesabını saya alırsan. (Günahkarları) kəkillərindən və (əməllərinin cəzası üçün) ayaqlarından tutarsan. Sənin yaratdıqlarından gördüyümüz, onun üçün işlətdiyin güc və qüdrətdən heyrətə gəlməyimiz, onu səltənət və hakimiyyətinin böyüklüyü sanaraq vəsf etdiyimiz nədir ki? Bir halda ki, bizdən gizlin olanlar, gözlərimizin görmədiyi və ağıllarımızın onda durub qaldığı (dərk etmədiyi), bizimlə onların arasında pərdələrin asıldığı şeylər daha böyükdür. Hər kəs ürəyini boşaldıb (heç nəyə diqqət yetirməyib) öz ərşini (yeddi göyün üstündəki) necə yaratdığını, məxluqlarını necə xəlq etdiyini, səmalarını havada necə asılı saxladığını, su dalğasının üstünə necə bəzək vurduğunu bilmək istəsə gözləri çönüb qalar, ağlı məğlub olar, qulağı işdən düşər və düşüncəsi sərgərdan qalar.

Bu xütbənin (sözü əməli ilə uyğun gəlməyənin iddiasının rədd edildiyi, camaatın dünyaya ürək bağlamamağa və peyğəmbərlərə itaətə həvəsləndirildiyi) bir hissəsidir

(Camaat arasında eləsi var ki, nəfsi istəklərinə tabe olaraq günahın içində itib-batmışdır. Bununla belə) öz gümanı ilə Allaha ümid bağladığını iddia edir! Böyük Allaha and olsun ki, yalan danışır! Necə ola bilər ki, ümidinin Allaha olması onun əməl və rəftarında görünməsin? Hər kəsin (nəyə) ümidvar olduğu əməlindən üzə çıxar, yalnız Allaha olan saf deyil, qarışıq ümiddən başqa. Hər qorxu aydın olar (onun nişanələri qorxanda görünər), yalnız Allahdan olan namünasib qorxudan başqa (qorxan kimsədə qorxudan əsər-əlamət görünmür). Böyük işlərdə ümidini Allaha bağlayır (əbədi cənnətdə yüksək məqamlarla birgə iki dünya rahatlığını arzulayır) və kiçik şeylərdə (fani dünya malında ümidini) Allahın bəndələrinə bağlayır. Allahın bəndəsi ilə elə rəftar edir (təvazökarlıq və itaət göstərir) ki, Allaha qarşı elə etmir. Allahın şə’ninə nə olub ki, bəndələri üçün edilən (təvazökarlıq və ümid) Ondan əsirgənir? Allaha ümid bəsləməkdə yalançı olmağa qorxursan? Yoxsa Onu ümid bəsləməyə layiq bilmirsən? (Əgər Onu öz ümidini doğrultmaqda aciz sanırsansa, bu, əsl küfrdür.) Allahın bəndələrinin birindən qorxan, bu qorxuya görə də onunla Allahı ilə etmədiyi rəftarı edən bəndənin halı da Allaha ümidvar olduğunu iddia edən kimsənin halı kimidir. Deməli, bəndələrdən olan qorxusunu nağd və mövcud, Allahın qorxusunu isə nisyə və vəd sanmışdır. Həmçinin nəzərində dünyaya əhəmiyyət verən, onun mövqeyi qəlbində böyük yer tapan, onu (malını) Allahdan (Allahın bəyəndiyi itaət və ibadətdən) üstün tutan, yalnız ona yönələn və ona (sahib olan hər kəsə) bəndəlik, itaət edən də Allaha ümid bəslədiyini iddia edən kimsə kimidir. (Çünki ümidi və qorxusu dünyadan, dünya sahiblərindəndir.) Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) ardınca getmək sənə kifayət edər. Dünyanın məzəmməti, onun eybli olması, rüsvayçılıq və pisliklərinin çoxluğunda sənin üçün sübut və yol göstərən olar. Çünki onun ətrafı (bağlılıq və sevgi) o Həzrətdən alınmış və onun tərəfləri (onun hər şeyinə bağlılıq) o böyük şəxsiyyətdən qeyrisi üçün hazırlanmışdır. Südünü (onun ləzzətini) içməsi qadağan olunmuş, onun bəzək-düzəklərindən uzaqlaşdırılmışdır. Bir daha peyğəmbərin ardınca getmək istəsən, Allahla danışmış (buna görə də Kəlimullah ləqəbi verilmiş) Musa əleyhis-salamın ardınca get. O demişdir: (Qur’ani-Kərimin Qəsəs surəsinin 24-cü ayəsi) رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ -Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam». Allaha and olsun, Musa Allahdan yeməyə çörəkdən başqa bir şey istəmədi. Çünki torpaqda bitən otu yeyirdi. Arıqlığına, ətinin azlığına görə otun yaşıllığı qarnının daxili dərisinin nazikliyindən görünürdü. Əgər üçüncü dəfə itaət etmək istəyirsənsə, Zəburun sahibi və cənnət əhlinin xanəndəsi olan Davud əleyhis-salama itaət et. Öz əlləri ilə xurmanın liflərindən zənbillər toxuyaraq yoldaşlarına deyərdi: «Sizlərdən hansı biriniz bunları satmaqda mənə kömək edər? Onların puluna alınandan onun xörəyi bir arpa çörəyi idi. İsa ibn Məryəm əleyhis-salama tabe olmaq istəyirsənsə, de (yadına sal) ki, (yatarkən) daşı başının altına qoyaraq yastıq edərdi. Cod paltar geyinər, dadsız xörək yeyərdi. Yavanlığı aclıq idi (son dərəcə ac olanda yemək yeyərdi ki, onu yeməkdən ləzzət alsın və əlavə yavanlığa ehtiyacı olmasın). Gecələr onun çırağı ayın işığı idi. Qışda daldalanacağı günəşin doğduğu və ya qürub etdiyi yer idi. (Evi yox idi.) Onun ətirli meyvə və göyərtisi yerin heyvanlar üçün bitirdiyi ot idi. Nə onu fitnə və fəsada salmağa arvadı var idi, nə də kədərləndirməyə övladı. Nə var-dövləti var idi ki, onu (Allaha diqqətdən) döndərsin, nə (dünya və onun əhlinə) tamahı yox idi ki, onu xar etsin. Onun miniyi iki ayağı (piyada gedərdi), xidmətçiləri isə iki əli idi. (İstədiyi hər işi özü görürdü.) (Peyğəmbərlərin üslubunun bəyanından əvvəl Həzrət Məhəmməd peyğəmbərin dünyaya bel bağlamamaq yolunu ümumi şəkildə bildiyinə görə, bir daha eşit:) Daha yaxşı və (bütün məxluqlardan) daha təmiz olan öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) tabe ol, o böyük şəxsin ardınca get. Çünki o Həzrət tabe olan üçün itaətə layiqdir. Onunla bağlılığı olmasını istəyən üçün ən layiqli bağlılıqdır. (Onun səbri və dözümü dözümlü insan üçün nümunədir.) Allah yanında ən sevimli bəndələr öz peyğəmbərlərinə tabe olub onun nişanələrinin ardınca gedənlərdir. (Ancaq Həzrətin nişanəsi bu idi ki,) dünyanın tikəsini dişlərinin ətrafı ilə yeyərdi (ağız dolusu yeməzdi. Dünyada istifadə etməyə məcbur olduğundan çox istifadə etməzdi). Dünyaya gözünün ucu ilə baxardı (dünyaya heç cür ürək bağlamazdı). Bel baxımdan ən arıq və qarın baxımdan dünyanın ən ac insanı idi. Dünya ona təklif olundu, (Allah-təala Cəbrailin vasitəsilə dünyanı seçməyi ona təklif etdi). O isə onun qəbulundan imtina etdi. Allah-təalanın bir şeyi (dünya sevgisini) düşmən saydığını bildikdə, o da düşmən sandı. Xar bildiyini o da xar bildi. Kiçik qərar verdiyini o da kiçiltdi. (Buna görə də) Bizdə Allah və Peyğəmbərin düşmən sandığı dünya sevgisindən, Allah və Peyğəmbərin kiçik bildiyi dünyanı böyütməyimizdən başqa bir şey olmasaydı belə, bunlar Allaha itaətsizlik və Onun fərmanına qarşı çıxmaq üçün bəs edərdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) quru yerdə (süfrə açmadan) yeməyini yeyər, bəndə kimi oturardı. (Dizi üstə oturardı və ayağını ayağının üstünə aşırmazdı.) Öz əli ilə ayaqqabısının cırığını tikər, paltarına yamaq vurardı. Çılpaq uzunqulağa minər, təkinə də (başqasını) alardı. Evinin qapısından surətlərin təsvir edildiyi pərdə asmışdı. Sonra arvadlarından birinə buyurmuşdur: «Ey qadın, bu pərdəni mənim gözümdən gizlət. Çünki gözüm ona sataşanda dünyanı və onun bəzək-düzəklərini yada salıram». Ürəkdən (doğrudan) dünyadan uzaq durmuş, onun xatirəsini özündən uzaqlaşdırmışdı. Onun bər-bəzəyinin gözünün önündən itməsini istəyirdi ki, həmin gözəl paltardan təsirlənməsin və oranın dinclik yeri olmasına inanmasın, orada ləngiməyə ümid bağlamasın. Onu (ona məhəbbəti) özündən qopararaq ürəyindən uzaqlaşdırdı və (bər-bəzəklərini) gözünün önündən itirdi. (Çünki ona qarşı çox bədbin idi.) Bir şeyi düşmən bilən (kəsin rəftarı) belədir. Ona gözü sataşmaqdan, yanında adının çəkilməsindən acığı gəlir. Allahın peyğəmbərinin (səlləllahu əleyhi və alih) yolunun hər anı dünyanın pislik və çirkinliklərində sənin yol göstərənindir. Çünki o Həzrət dünyada öz yaxınları (Əhli-Beyti) ilə qarın dolusu yemədi, məqam və (Böyük Allahın yanında) rütbəsinin böyüklüyünə rəğmən onun bər-bəzəkləri o Həzrətdən uzaqlaşdı. Belə isə, düşünən kimsə öz ağlına müraciət edərək baxmalıdır ki, Allah-təala Məhəmmədi (səlləllahu əleyhi və alih) bu vəziyyəti ilə sevdi, yoxsa xar edərək kiçik sandı? Əgər desə ki, «xar etdi», böyük Allaha and olsun, yalan danışaraq böyük böhtan atmış olar. Əgər «onu sevmişdir» desə, bilməlidir ki, Allah-təala o Həzrətdən qeyrisini dünyanı ona bağışlamaqla xar etdi. Deməli, itaətkar öz peyğəmbərinə tabe olmalı, onun nişanələrinin ardınca getməli, gəldiyi hər bir yerdə ona qoşulmalıdır. (Sözləri və əməlləri onun göstərişinə uyğun olmalıdır.) O Həzrətin ardınca getməsə, (dünya və axirətdə) puç olmaqdan amanda qalmaz. Çünki Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) qiyamətin nişanəsi (çünki ondan sonra peyğəmbər olmayacaq), cənnətin müjdəçisi və əzabla qorxudan qərar verib. (Deməli, hər şeydən agah olub.) Ac qarınla bu dünyadan çölə çıxdı (onun ləzzət və xoşluqlarından bəhrələnmədi) və axirətə (bütün günahlardan) sağlam qalmaqla daxil oldu. Öz yolunu tapana (öz ömrünü başa vurana) və Allahının dəvətini yerinə yetirənə (dünyadan gedənə) qədər daşı daş üstünə qoymadı (ev tikmədi). Deməli, Allah-təala o Həzrətin nemətinin vücudunu bizə rəhbər olmaq və onun ardınca getməyimiz üçün bizə əta buyurmaqla nə böyük ehsan və yaxşılıq etmişdir. Elə bir rəhbər ki, addımımızı onun ayağının izinə qoyaq. (Mən bütün ömrüm boyu o böyük insanın ardınca getdim. Belə ki,) Allaha and olsun, bu cübbəmə (köynəyimə) o qədər yamaq vurdurdum ki, onu tikəndən utandım. Birisi mənə dedi: «Onu (bu qədər yamaqdan sonra) özündən uzaqlaşdırmırsanmı? Dedim ki, məndən uzaq ol عِنْدَ الصَّباحِ يُحْمَدُ الْقَوْمُ السُّرى yəni, gecə yol gedənlərə səhər erkən təşəkkür edilər.