Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/18-ci məktub

Vikimənbə saytından
17-ci məktub Nəhcül-bəlağə. 18-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
19-cu məktub


İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi olan zaman ona yazdığı məktublarındandır. Ey Abbasın oğlu! Bil ki, Bəsrə Şeytanın endiyi yer və fitnələr tarlasıdır. (Bu şəhərin fitnə axtaranları çoxdur.) Buna görə də o diyarın əhalisinə yaxşılıq etməklə, onları şad edərək sevindir. Və (pis davranışla onları üsyana qaldırma. Əgər onlar keçmiş nalayiq işləri nəticəsində qorxu və vahimə içindədirlərsə, sən) onların qəlblərindən qorxu düyününü aç (onlarla elə rəftar et ki, sənin onların keçmiş əməllərinə göz yumduğunu başa düşsünlər). Sənin Bəni-Təmim qəbiləsi ilə pis rəftar etməyin və kobud davranmağının xəbəri mənə çatdı. Həqiqətən Bəni-Təmimin bir ulduzu batmamış, digər bir ulduzu parlayıb. Cahiliyyət və İslam dövründə heç kəs intiqam almaqda onlardan qabağa düşməyib. (Buna görə də bu cür adamlarla kobudluq və sərtliyə başlamaq olmaz.) Həmçinin (onlara qarşı kobudluq edilməməsinin digər səbəbi budur ki,) onlar bizə yaxın qohumdurlar. (Çünki Bəni-Haşimlə Bəni-Təmimin nəsəbi Həzrət Peyğəmbərin 16-cı babası İlyas ibn Müzərrə gedib çıxır. Buna görə də) bizim həmin qohumluq tellərini birləşdirməyimizdə savab, qırmağımızda isə günah vardır. Odur ki, ey Əbul Abbas – Allah səni bağışlasın – əlindən və dilindən çıxan yaxşı və pis işlərdə (danışıq və davranışında rəiyyətlə) yumşaq davran. Çünki biz danışıq və davranışımızda bir-birimizlə şərikik. (Ona görə ki, sən mənim tərəfimdən hakimlik edirsən.) Elə ol ki, sənin barəndə yaxşı gümanda olum və sənin haqqında fikrim süstləşməsin (heç vaxt yersiz söz danışma, mənim göstərişim olmadan bir iş görmə). Salama layiq kimsəyə salam olsun.