Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/185-ci xütbə

Vikimənbə saytından
184-cü xütbə Nəhcül-bəlağə. 185-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
186-cı xütbə


İmam Əli əleyhis-salamın münafiq və ikiüzlü insanları vəsf etdiyi xütbələrindəndir. Bizə itaət və tabeçilik uğuru nəsib etdiyi və bizi günah və itaətsizlikdən saxladığı üçün Allaha şükr edirik. Ondan, bizə olan nemətini kamil həddə çatdırmasını və əlimizi ipinə (Qur’ani-Kərimə) birləşdirməsini istəyirik. Və şəhadət veririk ki, Məhəmməd Onun bəndəsi və elçisidir ki, Allahın razılığını əldə etmək üçün hər bir çətinliyə qatlaşdı və Onun (hökmlərinin təbliği) yolunda hər bir qəm-kədəri qurtum-qurtum içdi (peyğəmbərlik dövründə qarşılaşdığı hər bir çətinliyə səbr etdi). Yaxınları və qohumları neçə cür idilər. (Bir dəstəsi fədakar və onu sevənlərdən ibarət idi ki, can və mallarını o Həzrətin yolunda verirdilər. Bəziləri isə düşmən və münafiq idilər və onu məhv etmək istəyirdilər.) Uzaq və yadlar o Həzrətlə düşmənçilik etmək üçün bir yerə toplaşdılar. Ərəblər noxtalarını qıraraq o Həzrətə tərəf üz qoydular və onunla müharibə etmək üçün öz yük dəvələrinin qarnını döyəclədilər (ki, tez çatsınlar). Nəhayət ən uzaq məkan və get-gəl yerlərindən düşmənçiliklə o Həzrətin yaşadığı yerə və yurda daxil oldular. (Xülasə, onunla düşmənçilik üçün uzaq yollardan müharibə etməyə gəldilər.) Ey Allahın bəndələri! Sizə təqvalı olaraq Allahdan qorxmağı tövsiyə edirəm və (zahirdə müsəlman, batində isə kafir olan) ikiüzlü insanlardan (onların hiylə və kələklərindən) çəkindirirəm. (Məbada onların söz və əməllərinə aldanaraq onların arxasınca gedəsiniz.) Çünki onlar azğın və azdıran (özləri zəlalət və azğınlıq yolu ilə gedir və başqalarını da doğru yoldan saxlayaraq özlərinə yoldaş edirlər), həmçinin sürüşmüş və sürüşdürəndirlər (özləri günah və səhv işlər görürlər və başqalarını da səhvə salırlar). Özlərini müxtəlif rənglərə və hallara salarlar (hər an və hər bir məclisdə öz danışıq və davranışları ilə, puç məqsəd və yanlış fikirləri ilə sadəlövh insanları aldatmaq üçün bir rəngə düşərlər). Sizin üçün bütün vasitələri nəzərdə tutublar və bütün pusqularda güdükdədirlər. (Əgər onların fikirlərini başa düşüb onlardan uzaqlaşsanız, sizi digər vasitələrlə aldatmaq qərarına gələrlər ki, hər nə cür olur-olsun sizi özlərinə qoşsunlar. Paxıllıq, ikiüzlülük, düşmənçilik və şəkk-şübhə içində olmaqdan) qəlbləri xəstədir. Onların zahirləri isə pak və təmizdir. (Belə ki, onların həqiqəti sevən və haqq istəyən olmaları güman edilər.) Gizli yol gedirlər (öz planlarını heç kəsin başa düşmədiyi şəkildə işə salır və fitnə-fəsad yaradırlar) və meşənin sıx ağacları arasında (ovu tutmaq üçün yavaş-yavaş hərəkət edən ovçu kimi) tərpənirlər. Sifətləri dərmana oxşayır və sözləri şəfavericidir. Amma əməlləri əlacı olmayan bir dərddir. Rifaha (insanların rifah içində olmalarına) paxıllıq edirlər (onlarla dostlaşaraq rahatlıqlarını əllərindən alırlar) və (onların) çətinlik və bədbəxtliyə düşmələrinə çalışırlar (aralarında söz gəzdirərlər ki, birlikləri dağılsın və onları bədbəxtliyə düçar etsinlər). Həmçinin ümidləri (xalqın ümidlərini) qırarlar (onları Allahın bəyəndiyi işlərdən saxlayarlar). Hər bir yolda birini torpağa səriblər (məhv etmək üçün çoxlu yollar nəzərdə tutublar), hər bir qəlbdə vasitələri var (hər bir şəxslə onun meyl və istəyinə uyğun şəkildə danışa bilirlər) və hər bir qəm-kədərdə göz yaşı tökərlər (ki, onun vasitəsi ilə öz məqsədlərini həyata keçirsinlər). Bir-birlərini tərifləməyi bir-birlərinə borc verər və onun əvəzini gözləyərlər (öz içərilərindəkilərdən birini tərifləyərlər ki, o da əvəzində onu tərifləsin). İstəkləri olanda onda (müqabil tərəfi istəklərini yerinə yetirməyə məcbur edənə kimi) israr edərlər. Danlayanda (birinin səhvini başa salmaq istəyəndə) pərdələri götürərlər (bütün eyblərini açaraq rüsvay edərlər). Əgər onları (bir işdə) hakim təyin etsələr, israf edərlər (haqqa zidd hökm çıxararlar). Hər bir haqqın qarşısında bir batil, hər bir düzlüyün müqabilində bir əyrilik, hər bir dirinin qarşısında bir qatil, hər bir qapıya bir açar və hər gecə üçün bir çıraq hazırlayıblar (məqsədlərinə çatmaq üçün müxtəlif hiylə və kələklərdən istifadə edərlər). Ümidsizlik və (xalqın malından) ehtiyacsızlığı öz tamah və hərislikləri üçün vasitə edərlər ki, bazarlarını qoruyaraq nəfis sandıqları mallarını işə salsınlar (hiyləbazlıqla özlərini dünyaya rəğbətsiz göstərərək ehtiyacsızlıq nümayiş etdirirlər ki, öz məqsədlərinə çatsınlar). (Səhv söz) deyirlər və (onu haqqa) bənzər və oxşar göstərirlər. (Məqsədlərini) açıqlayırlar və onu bəzəyirlər (haqq şəklinə salırlar). Batil yolu asan göstərərlər (ki, hamı ona qədəm qoysun) və darı (zəlalət və azğınlığı) əyərlər (ki, azğınlıqdan qurtarmaq, nicat tapmaq mümkün olmasın). Beləliklə, onlar şeytanın ardıcılları və odun şölələridirlər. (Qur’ani-Kərimin Mucadilə surəsinin 19-cu ayəsində buyurulur:) «أُوْلَئِكَ حِزْبُ الشَّيْطَانِ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ» «O dəstə şeytanın yoldaş və ardıcıllarıdır. Bilin ki, şeytanın ardıcılları ziyana uğrayanlardır.»