Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/186-cı xütbə
←185-ci xütbə | Nəhcül-bəlağə. 186-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
187-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (Allah-təalanın vəsfi, Həzrət Peyğəmbərin mədhi, nəsihət, təqva və pərhizkarlıq barəsindəki) xütbələrindəndir.
Həmd o Allaha layiqdir ki, səltənətinin nişanələrindən və böyüklüyünün əzəmətindən qüdrət və bacarığının heyranlıqlarını aşkar etdi, gözləri mat və heyran qoydu və insanların zehnlərindən keçən fikirləri Öz sifətinin həqiqətlərinin dərkindən saxladı. (Ağıl sahibləri Onun yaratdıqlarının müqabilində mat-məəttəl qalıblar və onların ağılları Onun həqiqətlərini dərk etməkdən acizdirlər.) Şəhadət - iman, inam, niyyət saflığı və itaət üzündən olan bir şəhadət - verirəm ki, Allahdan başqa bir tanrı yoxdur. (Bu şəhadətdə qəlbimlə dilim birdir və onda təqlid və riya yoxdur.) Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və elçisidir. Onu o vaxt göndərdi ki, qurtuluş nişanələri və dinin aşkar yolları aradan getmiş, viran olmuşdu (insanlar zəlalət və azğınlıqda addımlayır, nəfsi istəklərin arxasınca gedirdilər). Belə olan halda, o, haqqı aşkar etdi, xalqa nəsihət verdi, (danışıq və davranışda) düzlük və doğruluğa hidayət etdi və mötə’dil yolu tutmağı əmr etdi. Allah ona və onun Əhli-Beytinə salam göndərsin.
Ey Allahın bəndələri! Bilin ki, Allah sizi boş yerə yaratmayıb, (heyvanlar kimi) özbaşına buraxmayıb (bəlkə sizin üçün vəzifə və hökmlər müəyyənləşdirib ki, hər birini öz vaxtında yerinə yetirəsiniz), sizə verdiyi nemət və bəxşişlərin miqdarını bilir və mərhəmət və lütfünü sayıb (ki, sizin şükr etməyinizi və naşükürlüyünüzü sınasın). Belə isə zəfər və qələbəni (düşmənə qalib gəlməyi) və hacətin rəva olmasını Ondan diləyin, öz istəyinizi Ondan istəyin və əta və bəxşişi Onda axtarın ki, sizinlə Onun arasında asılı pərdə və bağlı qapı yoxdur. O, hər yerdə və hər bir vaxt və zamanda hazırdır və hər bir insan və cinlə birlikdədir. Əta və bəxşiş Onu (onun nemətlərini) azaltmır və (onlarda) nöqsan yaratmır; Ondan istəyən Onun nemətini sona çatdırmır; arzulayan Onun xəzinələrinin sonuna çatmır; heç kəs Onu digərindən saxlamır; bir səs Onu özünə məşğul edərək Onun digər səsi eşitməsinə mane olmur; (nemət) bağışlamaq Ona (eyni zamanda digər neməti) almağa mane olmur; qəzəb etmək Ona rəhm etməyə mane olmur; mehribanlıq Onu əzab etməkdən saxlamır; gözə görünməzlik Onun aşkar olmasına mane deyil və aşkar olmaq Onu gözə görünməzlikdən ayırmır. Həm yaxındır, həm uzaq, həm yuxarıdadır, həm də aşağıda, həm aşkardır, həm gizli və həm gizlindir, həm də aşkar. Cəzalandırıb, amma cəzalanmayıb. (Hamının hesabını O edir. Amma heç kəsin Onun hesabını aparmaq dərki və qüdrəti yoxdur.) Yaradılmışları fikirlə yaratmadı və heç bir işdə onlardan yardım istəməyə möhtac deyil. (Çünki vücudu vacib olan varlıq acizlikdən uzaq və pakdır.)
Ey Allah bəndələri! Sizə təqvalı və Allaha itaətkar olmağı tövsiyə edirəm. Çünki təqva (sahibini səadətə çəkən) cilovdur və (işlərin nizam-intizamını saxlayan) sütuna bənzəyir. Belə isə onun möhkəm bağlarına sarılın və həqiqətlərindən yapışın ki, gözlərin (qorxu və vahimədən) bərəli qalaraq qırpılmadığı və ətrafına nəzər sala bilmədiyi, qaranlığın hər yeri bürüdüyü və doğmaqları yaxın olan on aylıq hamilə dəvə sürüsünün sahibsiz qaldığı gündə sizi rahatlıq və əmin-amanlıq məkanları, geniş yerlər, qorunan hasarlar və hörmət bəslənilən mənzillərə çatdırsın (heç bir çətinliyi və giriftarçılığı olmayan əbədi Cənnətə aparsın). Və Sur (İsrafilin suru) çalınacaqdır. Həmin vaxt bütün canlar bədənlərdən çıxacaq və bütün dillər lal olacaqdır (ölüm hamını bürüyəcək); uca dağlar və möhkəm daşlar parçalanaraq dağılacaq, onların sərt daşı parlaq ilğım kimi görünəcək və onların durduqları və sakin olduqları yerlər hamar (alçaq-hündürsüz) olacaq (abadlıq və heç bir nişanə qalmayacaq). Beləliklə, (həmin gün) nə şəfaət edəcək (günahın əvf edilərək bağışlanmasını istəyən) şəfaətçi, nə çətinliyi dəf edəcək qohum, nə də xeyir verəcək üzr və bəhanə olacaq. (Xülasə, təqva və pərhizkarlıqdan başqa bir sığınacaq yoxdur.)