Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/192-ci xütbə
←191-ci xütbə | Nəhcül-bəlağə. 192-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
193-cü xütbə→ |
İmam Əli əleyhis-salamın (nicat yoluna təşviq etdiyi, haqqa tabe olanların azlığından nigaran olmamaq barəsindəki və pis işlərdən çəkindirməyi tapşırdığı) kəlamlarındandır.
Ey insanlar! Hidayət və nicat yolunda ona tabe olanların azlığından (və müxaliflərin çoxluğundan) qorxub vahiməyə düşməyin. Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar. Ey insanlar! (Günah və itaətsizliyə) razı olmaq və (itaət və bəndəlikdən) qəzəbə gəlmək insanları bir yerə toplayır (əzaba hazırlayır, hətta həmin əməli yerinə yetirən bir nəfər olmuş olsa belə! Çünki o, razı olmaq və ya qəzəblənməklə həmin işi görmüş kəs kimidir.) Səmudun (bu qəbilənin peyğəmbəri olmuş Həzrət Salehin) dəvəsini bir nəfər kəsib öldürdü. Allah isə onların hamısını əzaba düçar etdi. Ona görə ki, onlar dəvəni öldürməyə razı olmuşdular. Bu səbəbdən eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Şüəra surəsinin 157-ci ayəsində) buyurur: «فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ» «Səmud tayfası dəvəni kəsib öldürdülər və sonrakı səhərdə (Həzrət Salehin onlara xəbər verdiyi əzabın nişanələrini müşahidə edən kimi) peşman oldular.» Beləliklə, (dəvənin öldürülməsini onların hamısına nisbət verib. Çünki imkanlarının olmasına baxmayaraq, dəvəni öldürənə mane olub qarşısını almadılar. Hətta onun əməlinə razı da oldular və) əzabları belə oldu ki, onların yerləri, (zəlzələ və imarətlərinin) batması nəticəsində qızmış kotan düz yerdə səs edən kimi səs etdi.
Ey insanlar! Kim düz yol ilə hərəkət etsə, abadlığa çatar (və susuzluqdan qurtular). Kim səhv və əyri yol ilə getsə (ayağını düz yoldan kənara qoysa), otsuz-susuz çöllüyə düşər (susuzluqdan ölər. Xülasə, kim Allah və Peğəmbərin göstərişlərinə uyğun davransa, xoşbəxt olar. Şeytana və pis işlərə əmr edən nəfsə tabe olan kəs isə əzaba düçar olacaq).