Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/201-ci xütbə

Vikimənbə saytından
200-cü xütbə Nəhcül-bəlağə. 201-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
202-ci xütbə


İmam Əli əleyhis-salamın, bir şəxs xalqın əlində olan və onların arasında yayılmış (bir-birinə zidd) uydurma hədislər və müxtəlif rəvayətlər barəsində sual edərkən buyurduğu kəlamlarındandır. İmam əleyhis-salam (onun cavabında) buyurdu: Həqiqətən xalqın əlində olan hədislər haqq və batil, doğru və yalan, nəsx (ləğv) edən və nəsx edilən, ümumi (hamıya şamil olan) və xüsusi (bəzilərinə şamil olan), möhkəm (mənası aşkar olan) və mütəşabih (mənası aydın olmayan), (səhv və yanlışlıqdan) qorunmuş və mövhumdurlar (güman və xəyala əsaslanırlar). Doğrudan da Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) öz zamanında o Həzrətə yalanlar quraşdırdılar və nəhayət, o qalxıb xütbə oxuyaraq buyurdu: «Kim qəsdən və bilərəkdən mənə yalan nisbət versə, yanını mütləq oda (Cəhənnəm oduna) qoyacaqdır.» Həqiqətən sənə hədisi (Həzrət Peyğəmbərdən) dörd nəfər (dörd dəstədən biri) nəql edəcək ki, beşincisi yoxdur: (Birincisi:) İkiüzlü şəxs ki, zahirdə iman gətirərək özünü İslamın qaydaları ilə nümayiş etdirir, (halbuki) günahdan çəkinmir və qəsdən Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) yalan nisbət verir. Əgər camaat onu münafiq və yalançı hesab etsəydi hədisini qəbul etməz və dediklərinə inanmazdılar. Lakin (onun batinindən xəbərdar olmadıqları üçün barəsində belə) deyirlər: O, Həzrət Peyğəmbərin-səlləllahu əleyhi və alih - səhabələrindəndir ki, onu görüb və hədisi ondan öyrənib. Beləliklə (bu səbəbdən), onun dediklərini qəbul edirlər. Həqiqətən Allah sənə münafiq və ikiüzlü adamlar barəsində xəbər verib, onları vəsf edib və səni ondan agah edib. Həzrət Peyğəmbərdən sonra qalmış münafiqlər azğınlıq başçılarına və (insanları) yalan və böhtanla oda (Cəhənnəmə) çağıran kimsələrə (Müaviyə və başqaları kimilərinə) yaxınlaşdılar. Sonra (hədis uydurmaqla) onları işlərin ixtiyar sahibi və xalqın mal və canına hakim etdilər. Və onların vasitəsi ilə dünyanı yedilər (onun malını zülm ilə əldə etdilər). (Şeytanın şərindən və pisliklərə əmr edən nəfsdən) Allahın qoruduqlarından başqa insanlar həmişə şahlar və dünya ilə yoldaşdılar. (Buna görə də Allahın və Peyğəmbərin razılığının əksinə olan heç bir işdən çəkinmirlər.) Beləliklə, bu münafiq dörd nəfərdən biridir. (İkincisi:) O şəxsdir ki, Allahın Peyğəmbərindən bir şey eşidib və onu düzgün əzbərləməyib; onda səhvə düçar olub, amma bilərəkdən yalan deməyib. Beləliklə, o, əlində olanı nəql edir, ona əməl edir və belə deyir: Mən onu Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) eşitmişəm. Buna görə də əgər müsəlmanlar bilsəydilər ki, o, hədisi səhv başa düşüb, (həmin hədisi) ondan qəbul etməzdilər. Əgər o özü də səhv etməsini bilsəydi, onu tərk edər, nəql etməzdi. (Üçüncüsü) O şəxs ki, Allahın Peyğəmbərindən (səlləllahu əleyhi və alih) bir şey əmr etməsini eşidib. (O Həzrət) sonra həmin şeyi qadağan edib, o isə həmin qadağadan xəbərsizdir. Yaxud qadağan etdiyi bir şeyi eşidib. (Peyğəmbər) sonra həmin şeyi əmr edib və o, bunu bilmir. Beləliklə, o, nəsx edilmişi yadında saxlayıb, nəsx edəni isə əldə etməyib. Amma əgər həmin hədisin nəsx edilmiş olmasını bilsəydi, onu nəql etməzdi. Həmçinin müsəlmanlar da onu ondan eşidən zaman hədisin nəsx edilmiş olduğunu bilsəydilər, ona əməl etməzdilər. (Dördüncüsü) Digər şəxs isə Allaha və Peyğəmbərə yalan nisbət verməyib, Allahın qorxusundan və Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) ehtirama görə yalana nifrət edib, səhv və xəta da etməyib, əksinə, eşitdiyini olduğu kimi əzbərləyib; ona bir şey artırmayıb və ondan bir şey azaltmayıb; nəsx edəni əzbərləyərək ona əməl edib və nəsx edilmişi nəzərdə saxlayaraq ondan çəkinib, ümumi və xüsusini tanıyaraq hər birini öz yerinə qoyub (ümumini xüsusinin, xüsusini ümuminin yerində işlətməyib); onun mütəşabih və möhkəmini bilib (mütəşabihdə diqqətli və ehtiyatlı olub və möhkəmə və mənası aşkar olan hədisə əməl edib). (Bəzən zamanın tələbinə uyğun olaraq) Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) iki mənası olan bir söz deyirdi. Biri müəyyən şey və zamana məxsus olan, digər biri isə hər şey və bütün zamanlara şamil olan söz. (O sözlərin hər ikisi bir şəkildə görünürdü. Amma deyilmə yerindən və digər cəhətlərdən məqsəd məlum olurdu və səhv aradan qalxırdı.) Buna görə də Allah və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həmin sözdən məqsədinin nə olmasını bilməyən kəs onu eşidirdi və başa düşmədiyi üçün onu olduğunun əksinə, nəzərdə tutulanın ziddinə və deyiləndən başqa cür izah edirdi. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabələrinin (heç də) hamısı o Həzrətdən (bir şey) soruşub onu başa düşmək üçün səy göstərmirdi. (O Həzrətdən bir şey soruşmamaları və çalışqanlıq göstərməmələri o həddə idi ki,) hətta bədəvi ərəb və bir qəribin gəlib o Həzrət əleyhis-salamdan onların eşitmələri üçün bir şey soruşmasını istəyirdilər. Amma mən bu barədə qarşıma çıxanların hamısını o Həzrətdən soruşaraq əzbərlədim. Deməli, insanların ixtilafları və onların rəvayət və hədislərdə çaşbaş qalmalarına bu amillər səbəb olur.