Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/206-cı xütbə

Vikimənbə saytından
205-ci xütbə Nəhcül-bəlağə. 206-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
207-ci xütbə


İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın nemətlərinə şükr barəsində) çox oxuduğu dualarındandır. Həmd o Allaha layiqdir ki, ölmədiyim, xəstələnmədiyim, bədənimin narahat olmadığı, özümün ən pis əməlimə (onun cəzasına) düçar olmadığım, övladsız qalmadığım, dinimdən qayıtmadığım, Rəbbimi inkar etmədiyim, imanımdan nigaran olmadığım, dəli olmadığım və məndən qabaqkı ümmətlərin əzabına düçar olmadığım bir halda gecəmi səhər etdi. İxtiyarsız və (itaətdə səhlənkarlıq baxımından) öz nəfsinə zülm edən bir bəndə olduğum halda səhəri açmışam. Allahım, mənə etiraz etmək haqqı Sənə məxsusdur və mənim bir üzr və bəhanəm yoxdur; Sən mənə verdiyindən başqa bir mənfəət əldə etmək qüdrətim yoxdur; Sən məni qoruduğundan başqa bir pislikdən çəkinə bilmirəm. Allahım, Sənin zənginliyində əliboş və kədərli, Sənin hidayət və nicatında azğın, Sənin səltənət və qüdrətində məzlum, ixtiyar Sənin əlində ola-ola (Sənin, istədiyini etməyinə baxmayaraq,) məğlub və xar olmağımdan Sənə pənah aparıram. Allahım, mənim canımı (göz, qulaq, əl, ayaq və digər bədən üzvləri kimi) əziz üzvlərimdən aldığın ilk əziz şey və mənim yanımda qoyduğun əmanət nemətlərin qaytarılanlarının birincisi et. Allahım, Sənin sözlərindən çıxmağımızdan (göstərişlərinə əməl etməməyimizdən), yaxud Sənin dinindən (çıxıb) fitnə və azğınlığa düşməyimizdən və ya Sənin tərəfindən gəlmiş hidayət və nicatdan qabaq nəfsi istəklərimizin bizə hakim olmasından Sənə pənah aparırıq.