Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/213-cü xütbə

Vikimənbə saytından
Jump to navigation Jump to search
212-ci xütbə Nəhcül-bəlağə. 213-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
214-cü xütbə


İmam Əli əleyhis-salamın (Allahı zikr etməyin fəziləti və Allahın zikrinə məşğul kimsələrin vəsfi barəsində olan) kəlamlarındandır ki, onu (Nur surəsinin 37-ci ayəsi) «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ» «o kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən yayındırmaz» ayəsini oxuyarkən buyurmuşdur: Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz zikrini və Onu yada salmağı qəlblərin cilası və nuru edib ki, onun vasitəsi ilə (Onun əmr və qadağalarını) karlıqdan sonra eşidər, qaranlıqdan (nadanlıqdan) sonra görər, düşmənçilik və ədavətdən sonra itaətkar və ram olarlar (Onun razılığını qazanarlar). Nemət və bəxşişləri əziz olan Allahın həmişə bəzi zaman mərhələlərində və şəriətlərin nişanələrinin itdiyi zamanlarda, düşüncələrində onlarla gizli danışdığı və ağıllarının dərinliklərində söhbət etdiyi bəndələri vardır. (Onlar həmişə Allahı zikr edərək ağıl və düşüncələri ilə Onunla danışarlar.) Onlar çırağı (hidayət və nicat çırağını) göz, qulaq və qəlblərindəki oyaqlıq və sayıqlıq nuru ilə işıqlandırıblar. (Xalqa) Allahın günlərini (müsibət və itaətsizlik nəticəsində məhv olmuş keçmişlərin əhvalatlarını) xatırladırlar (bəyan edirlər ki, ibrət götürsünlər) və (onları) Onun əzəmət və böyüklüyü ilə qorxudurlar (deyirlər ki: Allahdan qorxun və günah etməyin. Çünki O, hər yerdə var və hər şeyi görür və sizi məhv etməyə qadirdir). Onlar çöldəki bələdçi kimidirlər ki, orta yol ilə gedən (ədalət və sədaqətlə davranan) kəsin yolunu mədh edirlər və (onu azğınlıqdan) nicat tapdığı üçün müjdələyirlər. Sağ və sol tərəfə gedən (hər bir işdə ifrata varan və ya səhlənkarlıq edən) kəs üçün isə yolunu pisləyərək onu məhv olmaqdan çəkindirirlər. Onlar bu sifətlərlə həmin qaranlıqların (nadanlıq zülmətlərinin) çıraqları və şübhələrin (azğınlıq şübhələrinin) bələdçiləridirlər. Həqiqətən Allahı zikr etməyin öz adamları var ki, onlar onu dünyanın əvəzində götürüblər. Ticarət və alış-veriş onları Ondan yayındırmır. Onlar ömür günlərini Allahı zikr etməklə keçirirlər. Allahın haram və qadağan etdiklərindən çəkindirən sözlərlə xəbərsizlərin qulaqlarında fəryad qoparırlar. Başqalarını ədalət və düzlüyə buyurur və özləri onu yerinə yetirirlər. Bəyənilməyənlərdən (çirkin söz və əməllərdən) çəkindirir, özləri də çəkinirlər. (Axirətə elə iman və yəqinləri var) sanki dünyanı sona çatdırıb axirətə daxil olublar, oradadırlar və (bu) dünyadan sonra olanları (başqalarının xəbərdar olmadıqları axirət işlərini) gözləri ilə görüblər. Elə bil ki, Bərzəx əhlinin orada olduqları müddətdəki gizli hallarından xəbərdardırlar və qiyamət, vədlərini onlara sübut edib (onun barəsində heç bir şəkk-şübhələri yoxdur). Beləliklə, dünya əhlinin gözləri qarşısından həmin səhnələr üzərindəki pərdələri elə götürüblər (iman və yəqin nuru ilə gördüklərini elə faş ediblər) ki, sanki onlar (digər) insanların görmədiklərini görür və başqalarının eşitmədiklərini eşidirlər. Əgər onları ağlın ilə, bəyənilən məqamları və layiqli məclislərində təsəvvür etsən (onların ibadət və bəndəlik hallarını nəzərində canlandırsan) - ki, əməllərinin hesab dəftərini açıblar və əmr edilib yerinə yetirmədikləri və ya çəkindirilib səhlənkarlıq etdikləri hər bir kiçik və böyük iş üçün nəfslərinin hesabını aparmağa hazırdırlar, öz ağır günahlarını arxalarına yükləyiblər və onu götürməkdə aciz qalıblar, ağlamaqlarını boğazda boğublar, (hesab aparan zaman) ağlayaraq nalə edə-edə özlərindən sorğu-sual edirlər və təqsirlərindən peşman olub onları etiraf edərək özlərinin Rəbbinə ah-nalə edib fəryad qoparırlar (bağışlanmalarını istəyirlər, xülasə, onları bu halda gözünün önünə gətirsən) - hidayət və nicat nişanələri və gecə çıraqlarını görərsən ki, mələklər onların ətrafına toplaşıblar, onlara rahatlıq və (əzabdan) xatircəmlik nazil olub və göyün (bərəkət) qapıları onların üzünə açılıb. Və onlar üçün Allahın xəbərdar olduğu yerdə şərəfli məkanlar hazırlanıb. Beləliklə, Allah onların (özləri ilə Allah arasındakı hesablarını araşdırılmasındakı) səylərindən razı və məmnundur və onların (günahlardan peşman olma) üsullarını bəyənib. Allah ilə münacat etməklə (günahlardan) bağışlanma mehini hiss edirlər. Onlar Allahın fəzl və kərəminə möhtaclıq girovu və Onun əzəmət və böyüklüyü müqabilində təvazökarlıq əsirləridirlər. Qəm-qüssənin çoxluğu qəlbləri və ağlamağın çoxluğu gözləri yaralayıb. Onların Allaha meyl və rəğbət yolu olan hər bir qapını döyən əlləri var. (Ona yolu olan hər bir qapını döyərək daxil olarlar.) İstəklərini o kəsdən diləyirlər ki, genişliklər Onun yanında daralmır (hər nə qədər bağışlasa və əta etsə səxavət və kərəm dəryasından bir şey əskilmir) və istəyənlər ondan naümid olmurlar. Belə isə sən özün öz hesabını apar. Çünki başqalarının hesabını səndən başqa bir mühasib aparacaq. (Başqalarının hesabını araşdırmağın sənə heç bir xeyri yoxdur. Gərək həmişə öz fikrində olasan və öz hesabını diqqətlə araşdırasan.)