Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/214-cü xütbə

Vikimənbə saytından
213-cü xütbə Nəhcül-bəlağə. 214-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
215-ci xütbə


İmam Əli əleyhis-salamın (xalqa öyüd verdiyi) kəlamlarındandır ki, onu (İnfitar surəsinin 6-cı ayəsi) «يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ» «Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir (ki, göstərişinə əməl etmir, itaətsizlik göstərirsən?)» ayəsini oxuyarkən buyurmuşdur: «Ey insan! Səni Kərim olan Rəbbinə qarşı aldadan nədir?» ayəsinin xitab etdiyi günahkarın dəlil və sübutu ən səhv dəlillərdəndir. Və o, bəhanəsi heç qəbul edilməyən aldanmış kimsədir. Həqiqətən o özünün nadan qalmasına israr edib. Ey insan! Səni günah etməyə nə cürətləndirdi? Rəbbin müqabilində səni məğrur edən nə oldu? Səni, özünü məhv etməyə nə alışdırdı? Məgər dərdinin dərmanı yoxdur, yaxud yuxudan ayılmayacaqsan? Başqasına rəhm etdiyin şeydə öz canına yazığın gəlmir? Çox vaxt birini günün altında görür və onun üstünə kölgə salırsan və ya birini bir dərdə düçar olmuş görürsən ki, dərd onun bədənini yandırır və sən mehribançılıq səbəbindən ona ağlayırsan. Belə isə səni öz dərdinə (günahlarına) səbrli edən, müsibətlərinə dözümlü edən və səni, sənin üçün canların ən əziz və istəklisi olan öz canına ağlamaqdan saxlayan, təmkinli edən nədir? Allahın qəzəbinin gecə ikən haqlaması qorxusu səni necə qorxutmur, halbuki Ona qarşı itaətsizliklərlə Onun qəzəb yollarına düşmüsən? Buna görə də öz qəlbinin süstlük dərdini əzm və (itaətdə) çalışqanlıqla, gözünün qəflət yuxusunu oyaqlıqla dərman et. Allaha itaətkar ol və Onun zikri ilə ünsiyyətdə ol. Sən Ondan üz döndərərkən Onun sənə üz tutmasını təsəvvüründə canlandır (və fikir yolu ilə bax) ki, səni Öz əfv və bəxşişinə çağıraraq fəzl və kərəminə bürüyüb, amma sən Ondan üz döndərərək başqasına üz tutmusan. Bütün bunlarla yanaşı Allah uca, üstün və qüdrətli olmasına baxmayaraq, nə qədər də çox kərimdir və sən, alçaq və aciz olmağına baxmayaraq, çox itaətsizlik etməkdə nə qədər də cürətlisən, halbuki Onun (əfv və bağışlama) pərdəsinin pənahında yaşayır və lütf və ehsanının genişliyində gəzirsən! Amma O, nəinki bəxşiş və mərhəmətini səndən əsirgəməyib və Özünün (bağışlama) pərdəsini sənin (günahların) üzərindən götürməyib, bəlkə sənin üçün yaratdığı nemət və bəxşişdə və ya örtdüyü günahlarında, yaxud uzaqlaşdırdığı bəlalarında bir göz qırpımı Onun lütfündən uzaq olmamısan (halbuki sən yenə də Ona itaətsizlik istiqamətində çalışırsan). İndi Ona (Onun göstərişlərinə) tabe olmaq barəsində nə düşünürsən? Allaha and olsun ki, əgər bu sifət (Allahın sənə üz tutması və sənin Ondan üz çevirməyin) qüvvələri bir və qüdrətləri bərabər olan iki şəxsdə olsaydı (və onlardan üz tutandan uzaqlaşan sən olsaydın) elə özün xoşagəlməz xislətlər və rəftarlarının pisliyinə görə öz ziyan və pisliyinə (öz əleyhinə) hökm verən ilk kəs olardın. (Bəs sənin özün öz pisliyinə hökm verdiyin bir halda, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah müqabilində özünü necə hiss edirsən?) Haqq və düz deyirəm (ki, həqiqətən) dünya səni aldatmayıb, bəlkə sən ona aldanmısan. Dünya sənə öyüd-nəsihətləri aşkar edib və səni ədalət və bərabərliklə xəbərdar edib. Sənə cisminin dərdə düçar olacağı və gücünün azalacağı kimi verdiyi vədlərdə daha doğruçu və vəfalıdır və sənə yalan demir və aldatmır səni. Nə çox nəsihət verən ki, sən onu təqsirləndirirsən (onun ibrətlərindən nəticə çıxarmırsan və sənin nəfsi istəklərinə zidd olduğu üçün ona əhəmiyyət vermirsən). Və nə çox doğru xəbər ki, sən onu yalan sanırsan. Əgər dünyanı xaraba şəhərlər və boş evlərlə tanımaq istəsən, onun gözəl nəsihətçi və öyüd verən olduğunu görərsən ki, mehriban yoldaş kimi səni məhvə çəkməyə qıymır. (Buna görə də buyurur:) Dünya ona ürək bağlamayan üçün gözəl ev və onu vətən (öz həmişəlik yaşayış yeri) etməyən üçün gözəl yerdir. Dünya əhlinin sabahkı (qiyamətdəki) xoşbəxtləri bu gün dünyadan qaçan (və onun malına ürək bağlamayan, vurulmayan) kimsələrdir. Yer möhkəm titrəyəndə və onun qorxu və çətinlikləri ilə qiyamət gerçəkləşəndə, hər bir din əhli öz dininə, bütün sitayiş edənlər öz mə’budlarına və bütün tabe və davamçılar öz rəhbərlərinə qovuşanda (söz və əməllərinin araşdırılması üçün bir yerə toplaşanda) Allahın ədaləti müqabilində havaya salınan hər bir nəzər və yerdə atılan hər bir yavaş addıma düzlük və doğruluqla əvəz veriləcək. (Həmin gün hər bir pis və yaxşı iş, hətta kiçik olsa belə, aşkar olacaq və onun barəsində sorğu-sual ediləcək.) Beləliklə, həmin gün çox dəlil və sübutlar batil olacaq və insanın sığındığı çox üzr və bəhanələr qəbul edilməyəcək. Buna görə də öz əməlindən, vasitəsi ilə bəhanələrin qəbul ediləcək və dəlilin möhkəmlənəcək şeyi istə. Sənin onun üçün qalmayacağın şeydən (dünyadan) sənin üçün qalacaq şeyi (Allaha itaət və xalqa xidməti) götür. Öz səfərin üçün hazır ol. (Çətinliklərindən) nicat və qurtuluş işığına nəzər sal (gör hardan saçır və hara gedir) və yəhəri cəld və çevik dəvələrin belinə bağla (axirət səfəri üçün azuqə və minik tədarükü gör ki, yolda qalmayasan və çətinliklərlə qarşılaşmayasan).