Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/217-ci xütbə
←216-cı xütbə | Nəhcül-bəlağə. 217-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
218-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və ölülərin hallarının bəyanı barəsindəki) xütbələrindəndir.
Dünya, (əhli) qəm-qüssəyə bürünmüş, hiylə və xəbisliklə məşhurlaşmış (vəfasızlığı gözüaçıq insanlara gizli olmayan) bir evdir. O, həmişə bir halda qalmır. Ona gələnlər (onun yanmaq, batmaq, uçmuş tavanlar altında qalmaq və müxtəlif xəstəliklərə düçar olmaq kimi dərd və əziyyətlərindən) salamat qalmazlar. Onun halları müxtəlifdir və növbələri dəyişməkdədir (bəzən nemət verər, bəzən də zəhmət). Onda kef çəkmək (nəfsin istəklərinə tabe olmaq) məzəmmət edilib və onda rahatlıq tapılmır. Onun əhli, onda bəla oxlarına hədəfdir ki, dünya öz oxlarını onlara tərəf atır (hər birini bir dərdə düçar edir) və ölümlə məhv edir.
Ey Allah bəndələri! Bilin ki, həm siz və həm də bu dünyada sizi əhatə edən şeylər (onun mal, bina və bər-bəzəyi) sizdən qabaq keçənlərin yolundasınız. Onların ömürləri sizinkindən daha uzun, şəhərləri daha abad və nişanələri daha mühüm idi. Onların səsləri kəsilib (danışmırlar), küləkləri yatıb (təkəbbür və məğrurluqları aradan gedib), bədənləri çürüyüb, şəhərləri boş qalıb və nişanələri yoxa çıxıb. Ucaldılmış qəsrlər, möhkəm tikililər və böyük balışları möhkəm daşlar və ləhədə (qəbrin içində olan çuxura) birləşmiş qəbirlərlə əvəz ediblər. O qəbirlər ki, onların astanası viran olub və binası torpaq ilə möhkəmlənib. Həmin qəbirlər bir-birlərinə yaxındırlar. Amma sakinləri qərib və tənhadırlar. (Hər birinin qəbrinin digərinin qəbrinə yaxın olmasına baxmayaraq, onlar bir-birləri ilə görüşmürlər.) Onlar elə bir məhəllə sakinləri arasında məskunlaşıblar ki, (bir-birləri ilə qaynayıb-qarışmadıqları üçün) qorxu içindədirlər; zahirdə rahat olan bir dəstənin içindədirlər, amma əzab-əziyyətdədirlər (bir işləri yoxdur, amma əslində saysız zəhmət və məşəqqətlərə düçardırlar). Vətənlərə (özlərinin həmişəlik yaşayış yerlərinə) uyuşmurlar. Yaxın və qonşu olmalarına baxmayaraq, qonşular kimi bir-birləri ilə qaynayıb-qarışmırlar. Çürüntü onları öz sinəsi ilə yediyi və daş-kəsək onları udduğu (məhv etdiyi) halda onların arasında necə görüş ola bilər?! Özünüzün onların getdikləri yerə getmiş olduğunuzu, həmin yatağın (qəbrin) sizi girov götürməsini və həmin əmanət yerinin sizi qoynuna almasını təsəvvür edin. Belə isə (ey dünyaya aldananlar) əgər sizin işləriniz (qəbir və Bərzəx aləmi) sona çatsa və ölüləri qəbirlərdən (hesabları araşdırmaq üçün) çıxarsalar, sizin vəziyyətiniz necə olacaq? (Qur’ani-Kərimin Yunus surəsinin 30-cu ayəsində deyilir ki:) «هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَّا أَسْلَفَتْ وَرُدُّواْ إِلَى اللّهِ مَوْلاَهُمُ الْحَقِّ وَضَلَّ عَنْهُم مَّا كَانُواْ يَفْتَرُونَ» «Həmin vaxt hər bir kəs əvvəlcədən qabağa göndərdiyi şey (yerinə yetirdiyi əməl) ilə imtahan ediləcək (onun xeyir-ziyanını görəcək) və həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. Onların uydurduqları şey (bütləri Allahın şəriki bilib onların şəfaətlərinə göz dikmələri) işlərinə yaramayacaq».