Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/23-cü məktub

Vikimənbə saytından
22-ci məktub Nəhcül-bəlağə. 23-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
24-cü məktub


İmam Əli əleyhis-salamın, məl’un İbn Mülcəm onun başına qılınc vurduqdan sonra (fani) həyatla vidalaşmasına yaxın, vəsiyyət və tapşırıq yönlü kəlamlarındandır. (İmam əleyhis-salam bu sözlərində övladlarını İbn Mülcəmi əfv etməyə həvəsləndirib.) Mənim sizə vəsiyyət və tapşırığım Allaha heç nəyi şərik qoşmamağınız və Məhəmmədin (səlləllahu əleyhi və alih) sünnəsini məhv edib aradan aparmamağınızdır. (O Həzrətin göstərişlərinə zidd davranmayın.) Bu iki sütunu (Allaha şərik qoşmamaq və Həzrət Peyğəmbərin sözlərinə uyğun davranmağı) dikəldin (ki, müqəddəs İslam dininin binasının möhkəmliyi bu iki sütun ilədir). Bu iki çırağı nurlandırın (ki, nadanlıq və azğınlıq qaranlıqlarında sərgərdan qalmayasınız). (Əgər belə etsəniz) siz məzəmmət edilib qınanmazsınız. Mən dünən (sağlam bədən, qüdrət və şücaətlə) sizin dost və yoldaşınız idim. Bu gün isə sizin üçün ibrət və nəsihətəm. (Bütün cəngavərlik və böyüklüyümə baxmayaraq, əldən düşmüşəm.) Sabah sizdən ayrılacağam (öləcəyəm)! Əgər qalsam öz qanımın ixtiyar sahibiyəm (öz ixtiyarımla istəsəm İbn Mülcəmi cəzalandırar, istəsəm bağışlayaram). Əgər ölsəm, (onsuz da) ölüm mənim vədə yerimdir. (Ölsəm heç bir ixtiyara malik deyiləm və siz öz şər’i vəzifənizə əməl edin.) Əgər (onu) bağışlasam (bağışlamaq istəsəm), bağışlamaq mənim üçün (Allahın rəhmətinə yaxınlıq amili olan) itaət və bəndəlikdir. (Siz onu bağışlamaq istəsəniz) bağışlamaq sizin üçün xeyirxahlıqdır. Belə isə (siz onu) bağışlayın. (Çünki Allah-təala Qur’ani-Kərimin Nur surəsinin 22-ci ayəsində buyurur:) «أَلَا تُحِبُّونَ أَن يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَّحِيمٌ» «Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayan və rəhm edəndir!» Allaha and olsun ki, ölümlə mənim yanıma xoşlamadığım (bir şey) gəlməyəcək və (ondan sonra) istəmədiyim bir şey aşkar olmayacaq. (Ölümə hazıram. Çünki ölümün arxasında əbədi səadət var və mən bu dünyadakı həyata vurulmamışam.) Mən (ölümə münasibətdə) su axtararaq (onu) tapan və bir şeyin arzusunda olub (onu) əldə edən şəxs kimiyəm. (Çünki gözəllik və xoşbəxtlik ölümdən sonradır, necə ki, Qur’ani-Kərimin Ali-İmran surəsinin 198-ci ayəsində buyurulur:) «وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلاَبْرَارِ» «Allah yanında olan (əbədi) nemətlər yaxşı əməl sahibləri üçün (dünya mallarından) daha xeyirlidir». (Seyyid Rəzi əleyhir-rəhmə deyir:) Bu kəlamın bir hissəsi bundan əvvəl xütbələr fəslində (149-cu kəlamda) keçdi. Amma buradakı bu kəlamda (Bəzi) əlavə sözlər var idi ki, onun ikinci dəfə gətirilməsini zəruriləşdirdi.