Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/24-cü məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
23-cü məktub Nəhcül-bəlağə. 24-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
25-ci məktub


İmam Əli əleyhis-salamın əmlak və malları ilə necə davranılması barəsindəki vəsiyyətlərindəndir. O Həzrət bu vəsiyyətnaməni Siffeyn (müharibəsin)dən qayıtdıqdan sonra yazıb. Bu, Allahın bəndəsi və möminlərin başçısı Əli ibn Əbu Talibin Allahın razılığını əldə etmək üçün öz əmlak və malı barəsindəki göstərişidir ki, Allah onun səbəbi ilə məni cənnətə daxil etsin və mənə ona görə rahatlıq (axirət rahatlığı) əta etsin.

Bu da həmin vəsiyyətin bir hissəsidir

(Məndən sonra) tapşırıqlarımı Həsən ibn Əli yerinə yetirəcək. (O mənim vəsi və canişinimdir.) O mənim mal və sərvətimdən layiqli şəkildə (şəriətin hökmlərinə uyğun olaraq öz ehtiyaclarının aradan qaldırılmasında) sərf edəcək və doğrudan da ehtiyacı olan kimsələrə bağışlayacaq. Əgər Həsənin başına bir iş gəlsə (o, dünyadan köçsə) və Hüseyn sağ olsa, mənim Həsəndən sonrakı vəsi və canişinim odur və mənim tapşırıqlarımı onun kimi yerinə yetirər. Əlinin (əleyhis-salam) hədiyyəsindən Fatimənin iki oğluna (Həsən və Hüseyn əleyhiməs-salama) Əlinin digər oğlanlarına çatan qədər çatır. (Mənim malımdan digər qardaşlara verdikləri qədər götürsünlər.) Mən bu işin öhdəçiliyini Fatimənin iki oğluna Allahın razılığını əldə etmək, Həzrət Peyğəmbərə yaxınlaşmaq, ona ehtiram və o Həzrətlə qohumluq şərəfinə görə verdim. Və (İmam əleyhis-salam) malın öhdəçiliyini verdiyi şəxslə (Həsən əleyhis-salamla) şərt kəsir ki, bu malı olduğu kimi saxlasın (satmasın) və onun meyvəsini əmr edilən və yolu göstərilən yerlərdə sərf etsin. Həmçinin şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə həmin kəndlərin yeri, xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi satmasın. (Ağacların çoxluğu onları görəni belə gümana salana kimi ki, bu yer onun əvvəllər gördüyü yer deyil.) Bir yastığa baş qoyduğum və uşağı olan və ya hamilə olan kənizlərimin hər biri, öz övladlarının ixtiyarında qoyulurlar və (o kəniz) onun payıdır. Əgər həmin kənizin övladı ölmüş olsa və onun özü sağ olsa (yenə də) azaddır (və onu satmaq düz deyil. Çünki) kənizlik ondan götürülüb və (övlada verilmə yolu ilə olan) azadlıq, onu azad edib. (Seyyid Rəzi-rəhiməhullah-deyir:) O Həzrət əleyhis-salamın bu vəsiyyətdəki «أَنْ لا يَبِيعَ مِن نَخْلِها وَدِيَّةً» «şərt kəsir ki, bu kəndlərin xurma ağaclarının yeni pöhrələrinin bir qələmini belə satmasın» cümləsində işlətdiyi «وَدِيَّةً» «vədiyyə» kəlməsi «فَسِيلَة» «fəsilə» (xurma ağacının qələmi) mənasınadır. Onun cəm forması isə «وَدِيّ» «vədiyy»dir. O Həzrətin «حتّى تُشْكِلَ أرْضُها غِراساً» «həmin kəndlərin yeri xurma ağaclarının bitməsi səbəbindən dəyişik gələnə kimi....» cümləsi ən fəsih kəlam və ən gözəl sözlərdəndir. Məqsəd budur ki, həmin kəndlərdə xurma ağaclarının bitməsi o qədər çoxalsın ki, onu görən onları (əvvəllər) gördüyü yerdən ayrı bir yer sansın və yer ona dəyişik təsir bağışlasın, (ağacların çoxluğundan) elə bilsin ki, həmin yer (əvvəllər gördüyü) o yerdən ayrı bir yerdir.