Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/234-cü xütbə
←233-cü xütbə | Nəhcül-bəlağə. 234-cü xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
235-ci xütbə→ |
İmam Əli əleyhis-salamın xütbələrindəndir ki, bəziləri onu «Qasiə» («قاصِعَه») xütbəsi adlandırırlar. O, təkəbbür və itaətsizlik göstərmiş, Adəm əleyhis-salama səcdə etməmiş, təəssübkeşlik göstərib haqqı qəbul etməməsini aşkar etmiş ilk varlıq olmuş, məğrurluq və xudbinliyə qapılmış şeytanın (Allah ona lə’nət etsin) məzəmməti və (eləcə də) insanları onun yol və üsuluna tabe olmaqdan çəkindirmək barəsindədir (və bu xütbə «Nəhcül-Bəlağə»nin xütbələrinin ən uzunudur).
Şükr o Allaha layiqdir ki, qüdrətlilik və böyüklüyü (qüdrət və böyüklük libasını) geyindi (qüdrətlilik və böyüklük ancaq Ona məxsusdur ki, heç nə Onu zəif sala bilməz və Onun həqiqətinə çata bilməz) və bu iki sifəti yaratdıqlarına deyil, Özünə məxsus etdi. (O, bu sifətlərdə tək və yeganədir. Çünki Ondan başqa hər bir şey zatən qüvvətsiz, əlaltı və hər şeydə başqasına möhtacdır.) Onları Özündən başqasına qadağan və haram etdi (buna görə də heç kəs onların iddiasını edə bilməz və əgər etsə cavab verməli olacaq, cəzalandırılacaq) və Öz cəlalı üçün seçdi. Bəndələrindən bu iki sifətdə Onunla çəkişmə aparan (özünü qüdrətli və böyük tutan) kəs üçün lə’nət (rəhmindən uzaqlıq) müəyyənləşdirib. Beləliklə, bu iki sifəti Özünə məxsus etdiyinə görə dərgahına yaxın olan mələkləri, onların təvazökarlarını təkəbbürlülərdən (cindən olub mələklərin arasında Adəmə səcdə etməyə əmr olunan şeytandan) seçib ayırmaq üçün sınadı. Qəlblərin gizlinlikləri və gözlərdən örtülü olan qeybləri bilməsinə baxmayaraq, (Qur’ani-Kərimin Sad surəsinin 71-74-cü ayələrində bildirildiyi kimi) buyurdu: «إِنِّي خَالِقٌ بَشَرًا مِن طِينٍ فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ إِلَّا إِبْلِيسَ» «Mən palçıqdan bir insan yaradacağam. Mən onu tamamlayıb Öz ruhumdan üfürən kimi ona səcdə edin (təzim edərək təvazökarlıq göstərin. Yaxud onu öz qibləniz edin. Çünki Allahdan başqası üçün ibadət və bəndəlik səcdəsi etmək qadağandır). Beləliklə də, mələklərin hamısı birlikdə səcdə etdi, İblisdən başqa!» (Xülasə, o, Adəmə səcdə etmədi, çünki) təkəbbür və öyünmə ona üz tutdu. Beləliklə, öz yaradılışı ilə Adəmə öyünərək nazlandı və öz əslinə (yaranmış olduğu oda) təəssüb göstərərək aşkarcasına Haqqın əmrindən boyun qaçırdı. (Və dedi: Onu palçıqdan, məni isə oddan yaratmısan. Mən ki, ondan yaxşıyam, ona nə üçün səcdə etməliyəm?) Beləliklə, Allahın düşməni (Şeytan) təəssübkeşlərin başçısı və təkəbbürlülərin qabaqda gedənidir ki, təəssübkeşliyin təməlini qoydu, Allahla (Ona məxsus olan) əzəmət və böyüklüyündə çəkişdi, (layiq olmadığı) izzət və ucalıq libası geyindi və (layiq olduğu) zillət və xarlıq geyimini kənara atdı.
Məgər Allahın onu təkəbbür və itaətsizliyinə görə necə kiçiltdiyini və məğrurluğuna görə necə alçatdığını görmürsünüz? Buna görə də onu dünyada (Öz rəhmətindən) qovdu və axirətdə onun üçün alovlanan od hazırlayıb.
Əgər Allah-təala Adəmi parıltısı gözləri qamaşdıran və gözəlliyi ağılları məğlub edən (ağılların, müqabilində heyran və məəttəl qaldıqları) nurdan və ya gözəl iyi insanları bürüyən xoş ətirli şeydən yaratmaq istəsəydi, mütləq yaradardı. Əgər (elə) yaratsaydı, boyunlar Adəmin müqabilində əyilərdi və onun barəsindəki sınaq mələklərə asan olardı. (Şeytan durmadan ona səcdə etməyə tələsər və onu özündən aşağı təsəvvür etməzdi). Lakin eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah yaratdıqlarını (başqalarından) fərqləndirmək və ayırmaq, təkəbbür və itaətsizliyi aradan qaldırmaq və özünü bəyənmək xüsusiyyətini onlardan uzaqlaşdırmaq üçün əsl və səbəbini bilmədikləri bəzi şeylərlə imtahan edir (ağlın hikmətini dərk etmədiyi şəriət hökmlərinin çoxu da bu qəbildəndir).
Buna görə də Allahın şeytan barəsindəki işindən ibrət götürün ki, onun uzun müddətli ibadət və bəndəliyini, çoxlu səy və təlaşını (təkəbbür və itaətsizliyinə görə) heç və puç etdi. Halbuki o, Allaha altı min il ibadət etmişdi ki, onun dünya, yoxsa (bir günü dünyanın əlli min ilinə bərabər olan) axirət illərindən olması məlum deyil (siz bilmirsiniz və dərkiniz naqisdir). (Bu,) bir saatlıq təkəbbürlülük və itaətsizliyə görə (oldu ki, o özünü Adəmdən üstün bildi və ona səcdə etmədi)! Belə isə kim şeytandan sonra onun günahı kimi bir günah (təkəbbür və itaətsizlik) etməklə Allahın əzabından amanda qala bilər? Əsla! Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah heç vaxt heç bir insanı, səbəbindən bir mələyi (şeytanı) Cənnətdən çıxardığı işlə ora daxil etməyəcək. Allahın göy əhli (mələklər) və yer əhli (insanlar) barəsindəki hökmü birdir. Onunla yaratdıqlarının heç biri arasında Onun yaranmışlara haram edib ancaq Özünə məxsus etdiyi şeyi (əzəmət və böyüklüyü) rəva bilmək barəsində icazənamə yoxdur.
Odur ki, ey Allahın bəndələri, Allahın düşməninin (şeytanın) sizi öz dərdinə (təkəbbür və itaətsizliyə) düçar etməsindən (özü kimi təkəbbürlü və itaətsiz edərək Allahın rəhmətindən uzaqlaşdırmasından), sözləri ilə sizi (doğru yoldan) saxlayaraq narahat etməsindən və qoşununun (davamçılarının) atlı və piyadalarını sizin ətrafınıza toplamasından qorxun. Canıma and olsun ki, o, kamanının yayına sizin üçün şər (azdırmaq) oxu qoyub və sizi nişan alaraq onu bərk özünə tərəf çəkib. Sizə yaxından ox atıb (ki, səhv getməsin). Və (Allahın, Qur’ani-Kərimin Hicr surəsinin 39-cu ayəsində nəql etdiyi kimi belə) deyib: «رَبِّ بِمَا أَغْوَيْتَنِي لَاُزَيِّنَنَّ لَهُمْ فِي الْاَرْضِ وَلَاُغْوِيَنَّهُمْ أَجْمَعِينَ» «Ey Rəbbim! (Adəmə səcdə etmədiyim üçün) məni azdırdığına görə mütləq mən də yer üzündə Adəm övladlarının qarşısında günahları yaxşı göstərəcəyəm (ki, itaətdən qalsınlar) və onların hamısını azdıracağam». Halbuki (o, bu sözü bilmədən) qeybdən xəbər verərək və səhv gümana əsaslanaraq deyib. (Amma) qürurun övladları, təəssübkeşliyin qardaşları və təkəbbürlülük, cahillik və nadanlıq süvariləri onun iddiasını təsdiqləyərək gerçəkləşdirdilər. Nəhayət, sizin (doğru yoldan çıxmış) itaətsiziniz ona tabe oldu və (buna görə də) onun sizin barənizdəki (sizi azdırmaq üçün olan) tamah və hərisliyi möhkəmləndi. Buna görə də gizlinin necəliyi aşkar oldu. (Onun vəsvəsələrinin nişanələri sizin qəlblərinizdə aşkar olub ki, çəkinmədən Allahın göstərişlərinə zidd davranırsınız.) Onun sizi ələ keçirməsi gücləndi və öz qoşununu sizə yaxınlaşdırdı. Beləliklə, onlar sizi zillət və xarlıq mağaralarına atdılar və ölüm (məhv olma) çalasına tulladılar. Sizi gözlərə nizə batırmaq, boğazları kəsmək, burunların deşiyini əzişdirmək kimi ağır yaralarla, həmçinin ölüm yerinizə atmaq qəsdi və buruna taxılan məcburiyyət və qəzəb noxtasının halqası ilə, sizin üçün hazırlanmış oda tərəf sürükləmək istəyi ilə tapdalayaraq məhv etdilər. Beləliklə, şeytan, sizin dininizi yaralamaq (ona ziyan vurmaq) və dünyanızda alov qızışdırmaqda (fitnə-fəsad yaratmaqda), aşkarcasına düşmənçilik edib onlara qarşı (vuruşmaq üçün) toplaşdığınız (bir-birinizdən kömək istədiyiniz) düşmənlərdən də böyük və tutuşdurucu amilə çevrilib. Buna görə də öz güc və təlaşınızı onu dəf etməyə səfərbər edin. Allaha and olsun ki, o, sizin soyunuza (atanız Adəmə) öyünərək nazlanıb, şan-şöhrətinizi (qüdrət və məqamınızı) məzəmmət edib və nəsəbinizi (qohum-əqrabalıq əlaqələrinizi) kiçildib və alçaldıb. O, sizin üçün (sizi azdırmaq üçün) öz süvarilərini səfərbər edib, piyadaları ilə sizin yolunuzun fikrinə düşüb (ki, azğınlıqda qalaraq hidayət və nicat yoluna qədəm basmayasınız). Sizi harada ovlasalar tələyə salarlar, barmaqlarınızın ucunu kəsərlər. Hiylə və bicliklə (onlardan) imtina edə və əzm və iradə ilə (onları) dəf edərək özünüzdən uzaqlaşdıra bilməzsiniz. Halbuki siz zillət və xarlıq dəryası, dar halqa, ölüm düzənliyi və bəla və çətinliyin (dünyanın bəla və çətinliklərinin) cövlan etdiyi yerdəsiniz (onlara düçarsınız və pis işlərə əmr edən nəfsi öldürməkdən və ona tabe olmamaqdan başqa heç cür şeytanın şərindən qurtula bilməzsiniz). Buna görə də qəlblərinizdə gizlənmiş təəssübkeşlik alovu və cahiliyyət dövrünün kin-küdurətlərini söndürün ki, müsəlmanda olan bu təkəbbür, itaətsizlik və özündənrazılıq şeytanın qıcıqlandırmalarından və onun öyünmələri, məhv etmələri və vəsvəsələrindəndir. Özünü aşağı tutmağı başlarınızın üzərinə qoyaraq lovğalıq və özündən razılığı ayaqlarınız altına atmaq qərarına gəlin. Təkəbbür və məğrurluğu boyunlarınızdan uzaqlaşdırın və təvazökarlıqdan sizinlə düşmən olan şeytan və onun qoşunu arasında tamamilə silahlanmış qoşun yerinə istifadə edin. Çünki onun hər bir millətdən qoşunları, yardımçıları, atlı və piyadaları vardır (ki, onlar sizi bəla və məhvə düçar etmək üçün ona kömək edərək təkəbbür və məğrurluğu sizin gözlərinizdə yaxşı göstərirlər). Anasının oğluna (Habilə) qarşı lovğalanmış itaətsiz təkəbbürlü (Adəm əleyhis-salamın oğlu Qabil) kimi olmayın. O, Allahın ona heç bir üstünlük verməməsinə baxmayaraq, qardaşına qarşı təkəbbür göstərdi. Ona həsəddən yaranan təkəbbür və məğrurluq üz tutdu və qəzəb odundan onun qəlbində təəssübkeşlik və kin yarandı. Və şeytan onun burnuna təkəbbür və özünü böyük tutmaq küləyi üfürdü. Elə özündən razılıq və itaətsizlik ki, Allah təkəbbür və məğrurluqdan sonra ona peşmançılıq verdi. Və qiyamətə kimi, qatillərin günahını ona yoldaş etdi. Bilin ki, siz Allahla düşmənçiliyi aşkar etmək və möminlərlə müharibə etmək üçün (ev-eşiklərinizdən) xaric olmaqla zülmkarlıqda çox cəhd göstərdiniz və yer üzündə fitnə-fəsad törətdiniz! Buna görə də təəssübdən doğan təkəbbür və cahiliyyət öyünmələrində Allahdan qorxun, Allahdan qorxun! Çünki təkəbbür düşmənçilik amili və şeytanın üfürmə meydanlarıdır ki, həmin üfürmələrlə keçmiş ümmətləri və ötən nəsilləri (Nuh, Ad və Səmud tayfalarını və Firon və Nəmrud kimilərini) aldadıb və nəticədə onun nadanlıq zülmətlərinə və azğınlıq tələlərinə doğru tələsiblər. Belə ki, onun sövq etməsi müqabilində ram və sürükləməsi qarşısında (onun dalınca düşməkdə) sakit (təslim) idilər. Onlar, qəlblərin barəsində yeksan olduğu və keçmişlərin, bir-birinin ardınca güdazına getdikləri işə - ürəklərin səbəbindən (kin-küdurət və paxıllıqdan) sıxıldığı təkəbbür və lovğalığa tərəf tələsdilər.
Xəbərdar olun! Qorxun və çəkinin o böyüklərinizə və başçılarınıza tabe olmaqdan ki, (xalq arasında qazandıqları) yüksək məqam və ad-sandan təkəbbürlülüyə düçar oldular, öz nəsəblərinə (vücuda gəldikləri ailələrinə) qədərindən artıq öyündülər, (öz gümanlarında) xoşagəlməz və çirkin olan şeyi Rəbblərinə nisbət verdilər , Allahın qəzavü-qədəri ilə müharibə etmək və nemətləri ilə vuruşmaqla Onun onlara etdiyi yaxşılıqları inkar etdilər. Buna görə də onlar təəssübkeşlik təməlinin dirəkləri, fitnə və çaxnaşma dayağının sütunları və cahiliyyət fəxr və öyünmələrinin qılınclarıdırlar. Buna görə də Allahdan qorxun və sizə verdiyi nemətlərinə (təkəbbür və məğrurluqla) nankor və sizə etdiyi yaxşılıqlarına görə paxıl olmayın. Yaxşı və başçı sandığınız pis və alçaqlara tabe olmayın. Çünki onlar sizin tutqun lilli sularını öz duru və təmiz suyunuz ilə bir yerdə içdiyiniz, xəstəliklərini öz sağlamlıqlarınız ilə qatışdırdığınız və batil və əyriliklərini öz haqq və düzlüyünüzə daxil etdiyiniz kimsələrdir. Halbuki onlar fisqin (Allahın itaətindən çıxmağın) əsası, günah və (Allah, Peyğəmbər və İmamla) müxalifətin yavər və ayrılmaz yoldaşıdırlar. Şeytan onları azğınlıq daşıyan dəvələr, vasitələri ilə xalqa hökmranlıq etdiyi qoşun və xalqın dilində danışan dilmanc edib ki, sizin ağıllarınızı oğurlasın (yalan sözlərlə sizi Allahın zikrindən və axirəti yada salmaqdan qafil edərək saxlasın), gözlərinizə daxil olsun (dünya həyatı və günahları sizin nəzərinizdə gözəlləşdirsin və nəticədə Allahın nişanələrinə nəzər salmaqdan qalasınız), qulaqlarınıza üfürsün (sizə o qədər puç və çirkin sözlər öyrətsin ki, Allahın və Peyğəmbərin sözlərinə qulaq asmayasınız). Beləliklə, (ağıllarınızı oğurlamaq, gözlərinizə daxil olmaq, qulaqlarınıza üfürməkdən əldə etdiyi nəticə budur ki,) sizi özünün (həlak və məhvetmə) oxunun nişangahı, (zillət və xarlıq) ayaqaltısı və əl tutacaq yeri edir. Buna görə də (indi ki, şeytanın təkəbbürlü insanların vasitəsi ilə sizi azdırmasını başa düşdünüz, onlara tabe olmayın və təkəbbür və məğrurluğu öz şüarınız etməyin və) Allahın cəzalandırmasından və Onun (nəmrudçular, fironçular və başqaları kimi) sizdən qabaqkı təkəbbürlülərə gəlib çatmış əzablarından ibrət alın, üzlərinin torpağa atıldığı və böyürlərinin düşdüyü yerlərdən (qəbirlərdən) öyüd götürün (qarşısından pərdələr asılan üzlərin torpağa qoyulmasına və sincab yataqlara qoyulan böyürlərin quru yerə sərilməsinə nəzər salın) və zəmanənin çətin hadisələrindən Allaha pənah apardığınız kimi, təkəbbür və məğrurluq yaradan şeylərdən də Ona pənah aparın. (Hətta təkəbbür yaradan amillərdən Allaha pənah aparmaq zəmanənin hadisələrindən Ona pənah aparmaqdan daha mühümdür. Çünki təkəbbür axirət əzab və ağrılarına, zəmanənin hadisələri isə dünya işlərində əzab-əziyyətə səbəb olur və axirət ağrı-acıları daha mühümdür. Ona görə ki, onlardan nicat tapılması qeyri-mümkündür.)
Əgər Allah, bəndələrindən kiməsə təkəbbürlülük və öyünmək icazəsi versəydi (bu işi kiməsə rəva bilsəydi), bu icazəni Öz peyğəmbərlərinə və dostlarına verərdi. Lakin (heç kəsi istisna etmədən) onları təkəbbürlülük və öyünməkdən çəkindirərək onların təvazökarlıq etmələrini bəyənib. Beləliklə, onlar (da Allahın təvazökarlıq barəsindəki əmr və göstərişinə tabe olaraq itaətkarlıq və təvazökarlığın çoxluğundan) üzlərini yerə qoyub sifətlərini torpağa sürtdülər və öz (xidmət və mehribançılıq) qanadlarını möminlər və Allaha ibadət edənlər üçün aşağı saldılar (lovğalanaraq öyünmədilər). Peyğəmbərlər və Allahın dostları zəif sayılan (insanlar və dünyatələblərin, öz nəzərlərində zəif və aciz sandıqları) bir dəstə idilər ki, Allah onları aclıqla sınamışdı, çətinliklərə düçar etmişdi, qorxu yerləri ilə imtahana çəkmişdi və çirkinliklərdən təmizləyərək paklaşdırmışdı. Buna görə də (peyğəmbərlər və Allahın dostları, dünyanı bu minvalla keçirdikləri üçün) varlılıq və yoxsulluğun sınaq və imtahan yerlərini bilmədiyiniz üçün Allahın razılıq və qəzəbinin (meyarının) var-dövlət və övlad sahibi olmaq olmasını güman etməyin (ki, var-dövlətə və övlada sahib olmaq Onun razılığının, olmamaq isə qəzəbinin nişanəsi deyil). Çünki eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qur’ani-Kərimin Mu’minun surəsinin 55-56-cı ayələrində) buyurur: «أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِ مِن مَّالٍ وَبَنِينَ نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ بَل لَّا يَشْعُرُونَ» «Məgər elə zənn edirlər ki, onlara verdiyimiz mal-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? (Belə deyil) bəlkə şüurları yoxdur və anlamırlar (ki, onları mal və övladla sınayırıq və günah və itaətsizliklərini nə qədər artırıb onun nəticəsində əzaba düçar olmalarını yoxlamaq üçün onlara möhlət veririk)». Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün təkəbbürlü və məğrur bəndələrini onların gözünə zəif görünən dostları ilə sınayır. (Bu məsələyə şahid kimi Musa ilə Fironun əhvalatını gətirmək olar.) Musa ibn İmran onunla birgə olan qardaşı Harunla (onların hər ikisinə Allahın salamı olsun) Fironun yanına gəldi. Onların əyinlərində yun paltar, əllərində taxta əsa var idi. Onunla şərt kəsdilər ki, əgər İslamı qəbul etsə (Allahın birliyini və Musanın peyğəmbərliyini təsdiq etsə), padşahlığı davam edəcək və izzət və hörməti öz yerində qalacaq. Firon (öz tərəfdarlarına) dedi: Bu iki nəfərə təəccüb etmirsiniz ki, gördüyünüz bu yoxsul və xar vəziyyətdə ola-ola mənimlə möhtərəmliyimin öz yerində qalması və padşahlığımın davam etməsini şərt kəsirlər?! (Onları məzəmmət edərək camaata dedi: Əgər bu iki nəfər Allah tərəfindən gəliblərsə,) bəs nə üçün qollarından qızıl bilərziklər asılmayıb? (Xülasə, Firon bu sözləri dedi,) çünki qızılı və onu toplamağı böyük bilərək (Musa ilə Harunun əynində gördüyü) yunu və onu geyinməyi xar sandı.
Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah peyğəmbərlərini göndərəndə onlara qızıl xəzinələri, xalis qızıl mədənləri və hər cür ağac əkilmiş bağlar vermək, eləcə də göyün quşlarını və yerin canlılarını onlara qoşmaq istəsəydi, edərdi bunu. Əgər belə etsəydi, onda sınaq mənasını itirər, əvəz vermək düz olmaz və xəbərlərə (səmadan gələn xəbərlərə və ilahi tapşırıqlara) lüzum olmazdı. Həmçinin onda (belə bir peyğəmbərin dəvətini) qəbul edənlərə sınanmışların savabı düşməzdi, (həmin peyğəmbərə) iman gətirənlər yaxşı əməl sahiblərinin savabına layiq olmazdılar (çünki onların imanları əlacsızlıqdan olub) və adlar mənalarla uyğun gəlməzdi. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Öz peyğəmbərlərini qəlb və gözləri ehtiyacsızlıqla dolduran qaneçiliklə (aza razı olmaqla) və göz və qulaqları əzab-əziyyətlə dolduran yoxsulluq və kasıblıqla, iradə və qərarlarında güclü, gözlərin (zahiri) vəziyyətlərindən gördüyü şeydə isə zəif edib. Əgər peyğəmbərlər heç kəsin onlara hakim olmaq niyyətinə düşə bilmədiyi qüvvəyə, zülmə məruz qalmamaları həddə ağalığa və insanların boylanacaqları səltənət və padşahlığa malik olsaydılar və (onların dəbdəbələrini görmək üçün) dəvələrin palanlarının düyünləri bağlansaydı (camaat dünyanın hər tərəfindən səfər edib onların yanına köçsəydi), bu, insanlar üçün ibrət götürmələrində (tabe olmalarında) daha asan olardı və onlar öyünmək və təkəbbürlülükdən daha uzaq olardılar (heç vaxt heç bir kəs onlarla müxalifət etməzdi). İnsanlar onlara hakim olan qorxu və ya onları meylli edən rəğbət və istəyə görə iman gətirərdilər. Onda (belə olan surətdə) niyyətlər saf olmazdı və yaxşılıqlar (ibadətlər) bölünmüş (bir hissəsi dünya, bir hissəsi isə axirət üçün) olardı. Amma eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah belə istəyib ki, peyğəmbərlərə tabe olmaq, kitabları təsdiq etmək, Onun zatı müqabilində əyilmək, əmrinə təslim olmaq və itaət və bəndəliyinə boyun qoymaq ancaq Ona görə olan işlər olsunlar və onlara özlərindən başqa heç bir eyb (istək, qorxu, riya, özünü göstərmək və sairə) qarışmasın. (Bu, imtahan və sınağın böyüklüyünə görədir. Odur ki,) imtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çoxdur.
Məgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın keçmişləri, Adəmin (Allahın salam və salavatı olsun ona) zamanından bu dünyanın son nəfərinə kimi, nə ziyanı olan və nə də xeyir verən, nə görən və nə də eşidən (müqəddəs Kə’bənin tikildiyi) daşlarla sınadığını görmürsünüz?! Beləliklə, həmin daşları Özünün «Beytul-haram»ı (müşriklərin ora daxil olmalarını, eləcə də ona sığınmış kəsi oradan çıxarmağı haram buyurduğu möhtərəm evi) etdi. Ora Allahın insanlar üçün dikəltdiyi bir evdir (onların toplaşdıqları və həm dünya, həm də axirət xeyirlərinə olan bir məkandır). Sonra onu yerin daşlıq olmaq baxımından ən çətinində, dünyanın yüksək yerlərinin ən az kəsək və torpağı olanında və dərələrin yerin bir tərəfində qərar tutan ən darında yerləşdirdi. (Həmin evi) nahamar dağlar, narın qumlar, suyu az çeşmələr və (su, ot və münasib havası olmadığı üçün) nə dəvə, nə at və nə də inək və qoyunu kökəlməyən bir-birindən uzaq kəndlərin arasında (yerləşdirdi). Sonra Adəm əleyhis-salama və onun övladlarına ona tərəf yollanmalarını, üz tutmalarını əmr etdi. Beləliklə, «Beytul-haram» onların səfərlərinin xeyirvermə yeri və yüklərinin düşürülmə məkanına çevrildi. (Həccin vacibi əməllərini yerinə yetirmək nəticəsində qazandıqları axirət xeyrindən əlavə, oranın onlar üçün dünya mənfəəti də vardır.) Könüllərin meyvələri abadlıqdan uzaq otsuz-susuz çöllüklərdən, enişli dərələrin yüksəkliklərindən, dənizlərin (əhatəyə alması nəticəsində yerin digər hissələrindən) ayrı düşmüş adalarından həmin evə düşər (səfalı insanlar orada toplaşaraq bir-birlərindən mənəvi mənfəətlər əldə edərlər). (Onlar uzaq yerlərdən səfər edərək çox çətinliklə ora çatarlar) və nəhayət, («sə’y» əməli və təvafda) tam itaətkarlıq və təvazökarlıqla öz çiyinlərini tərpədərlər, evin kənarında «təhlil» (la ilahə illəllah) deyərlər. Allahın razılığını əldə etmək üçün saçı pıtlaşıq və üzü toz-torpağa bulaşmış halda «hərvələ» edərlər (tələsik yeriyərlər). Paltarlarını arxaya atıblar (həmişə geyindikləri paltarı əyinlərindən çıxarıb «ehram» paltarı geyiniblər). Saçlarını qırxmamaları və onların çoxalmaları nəticəsində öz yaradılışlarının gözəlliklərini (məhbuslar kimi) çirkinləşdiriblər. Allah onları («Beytul-haram»ın ziyarətində bu əməllərlə) imtahan edib. Elə bir böyük, çətin, aşkar və kamil imtahan ki, onu Öz rəhmətinin əldə edilməsi və Cənnətinə çatmaq amili edib. Əgər eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah Özünün hörmətli evini və böyük ibadətgahlarını bağlarda, arxlarda, sıx ağaclı, meyvələri əlçatan və binaları bir-birinə birləşmiş yumşaq və hamar yerdə, yaxın kəndlərdə, qırmızıyanaq buğda və yaşıl çəmənliklər arasında, gül-çiçəkli ot dolu yerlərdə, təravətli zəmilərdə və abad yollarda yerləşdirmək istəsəydi, onda mükafatın miqdarını imtahanın azlığına uyğun şəkildə az edərdi. Əgər evin təməli və tikildiyi daşlar yaşıl zümrüd və qırmızı yaqutdan, eləcə də nurlu və parıltılı olsaydı, belə bir bina könüllərdə şəkkin çəkişməsini azaldar, şeytanın səy və təlaşını qəlblərdən silər və xalqdan tərəddüd iztirabını və nigarançılığını uzaqlaşdırardı. Lakin Allah, təkəbbür və məğrurluğu qəlblərdən çıxarmaq və təvazökarlığı canlara yerləşdirmək üçün bəndələrini müxtəlif çətinliklərlə sınayır, onlardan növbənöv çalışqanlıqlarla bəndəlik etmələrini istəyir və onları təbiətən xoşlanılmayan şeylərlə imtahan edir ki, həmin imtahanı Öz lütf və fəzlinə açılmış qapı və əfv və bağışlamasının asan vasitələri etsin.
Odur ki, dünyada fitnə-fəsad törətmək (onun cəzası), axirətdə zülmün ziyanı və məğrurluq və təkəbbürlülüyün pis nəticəsi barəsində Allahdan qorxun, Allahdan qorxun! Çünki fitnə-fəsad, zülm və məğrurluq şeytanın ən böyük tələ və hiyləsidir. O, elə bir hiylədir ki, öldürücü zəhər kimi insanların qəlbinə daxil olur (və onları məhv edir). Buna görə də şeytan heç vaxt aciz qalmır və heç kəsin - nə elminə görə alimin, nə də köhnə paltarına görə yoxsulun - ölüm yerini səhv salmır. Allah mömin bəndələrinin əl, ayaq və digər üzvlərinin (günah və itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı və təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürlülükdən qoruyur. Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdə zamanı) şərəfli üzvlərin (yeddi yerin) yerə yapışdırılması namazdadır. Özünü kiçiltmək və heç bilmək üçün qarınların bellərə yapışması orucdadır. Həmçinin yerin meyvələrini (arpa, buğda, xurma və kişmişi) və ondan başqasını (dəvə, inək, qoyun, qızıl və gümüşü) yoxsul və fağırlara vermək zəkatdadır. Bu ibadətlərin aşkar öyünmələri və özünü yekə tutmaqları necə xar etmək və (dünya bədbəxtliyi və axirət əzabına səbəb olan) aydın təkəbbür və məğrurluqları aradan qaldırmaq kimi mənfəətlərinə nəzər salın. (İmam əleyhis-salam burada Kufə əhlini fitnə-fəsad və zülmə səbəb olan yersiz təəssübkeşlik və məğrurluğa görə məzəmmət edərək buyurur:)
Mən (insanların hallarına) nəzər saldım. İnsanlardan sizdən başqa bir şeyə görə təəssübkeşlik və təkəbbürlük edən elə birisini tapmadım ki, (heç olmasa) nadanların səhvə düçar olmalarını əhatə edən səbəbə və ya səfeh və qanmazların ağıl və fikirləri ilə uyğun gələn dəlilə əsaslanmamış olsun. Amma siz elə bir işə görə təəssübkeşlik və təkəbbürlülük edirsiniz (bir-birinizə öyünürsünüz) ki, (heç zahirdə, nadan və ağılsızların yanında da) ona bir səbəb və dəlil tapılmır. Şeytan (oddan olan) əslinə görə Adəmə qarşı təəssübkeşlik və məğrurluq etdi və onu xilqət və yaradılışında məzəmmət edərək dedi: Mən oddanam, sən isə palçıqdansan. (Buna görə də nadanın gözündə təəssübkeşliyə dəlil ola bilən səbəbdən təəssübkeşlik və məğrurluq etdi.) Ümmətlərin çoxlu nemətlər içərisində olan və istədikləri kef və ləzzətlərdən bəhrələnən varlıları nemətlər (var-dövlət, övladlar və əl altında olanların onları böyük saymaları) səbəbindən təəssübkeşlik və təkəbbürlülük etdilər. Beləliklə, dedilər: «Bizim mal-dövlətimiz və övladımız (sizinkindən) daha çoxdur və bizə əzab da verilməyəcəkdir.» Buna görə də əgər təəssübkeşlik və təkəbbürlülükdən başqa bir çıxış yolunuz yoxdursa, onda gərək sizin təəssübkeşliyiniz nəcib sifətlər, bəyənilən işlər və gözəl şeylər - ərəb sülalələri və qəbilə başçılarından olan böyüklərin və igidlərin rəğbət göstərilən xislətlər, böyük ağıllar, yüksək məqamlar və xoşagələn sifətlər vasitəsi ilə onda bir-birlərini üstələməyə çalışdıqları sifət, iş və şeylər - üçün olsun. Odur ki, qonşunun haqqına riayət etmək, əhd-peymana vəfa etmək, yaxşılara tabe olmaq, təkəbbürlülərə qarşı çıxmaq, yaxşılığı (yaxşı işi) götürmək, zülmdən əl çəkmək, qan tökməyi (onun günahını) böyük bilmək, xalqla ədalətli və insaflı olmaq, qəzəbi boğmaq və yer üzündə fitnə-fəsad törətməkdən çəkinmək kimi tərifə layiq xislətlər üçün təəssübkeşlik edin.
Çirkin və pis əməllərinə görə sizdən qabaqkı ümmətlərə gəlmiş əzab və çətinliklərdən qorxun! Onların başlarına gələnləri (öz) xeyir-şərinizdə yad edin (hansı işin nəticəsinin nə olmasına nəzər salın). Onlar kimi olmaqdan çəkinin (ki, pis əməl və çirkin danışıqlara görə siz də əzab və çətinliyə düçar olarsınız). Onların iki (yaxşı və pis) hallarının fərqləri barəsində düşündükdən sonra (xeyirli və yaxşı yola qədəm qoyun və) vasitəsi ilə hörmətli və izzətli olduqları, düşmənləri onlardan dəf edən, salamat qalmalarına və nemət və rahatlıqlarının artmasına səbəb olmuş, (birlik) iplərini kəramət və böyüklüyə birləşdirmiş işi - parçalanmadan (nifaq və ikiüzlülükdən) çəkinmələri, mehribanlıqları (vəhdət və birlikləri) və bir-birlərini mehribanlığa (həmrəylik və yekdilliyə) həvəsləndirərək tövsiyə etmələrini-seçin. Həmçinin (şər və pis yola ayaq basmayın və) qəlblərdə kin bəsləmək, sinələrdə düşmənçilik daşımaq, insanların bir-birlərinə arxa çevirmələri və əllərin bir-birinə kömək etməməsi səbəbindən keçmişlərin bel fəqərə sümüyünü sındırmış və güclərini süstləşdirmiş hər bir işdən uzaq olun. Eləcə də sizdən qabaqkı möminlərin (Bəni-İsraildən və digər tayfalardan olan imanlıların) vəziyyətləri, sınaq zamanı və əziyyət çəkərkən necə olmaları barəsində düşünün. Məgər onlar digər insanlardan daha ağır vəziyyətdə (cəfa içərisində), başqalarından daha çox əziyyət çəkən deyildilər və həyatları dünya əhlindən daha sıxıntılı deyildi?! Fironlar onları nökər və qulluqçu edirdilər, əzabın çətinliyini onlara daddırırdılar (oğullarının başını kəsir, qızlarını saxlayırdılar) və acılığı onlara qurtum-qurtum içirdirdilər (əzab-əziyyətin ən son həddinə düçar etmişdilər onları. Onların bir dəstəsi fironların nökərləri, digər bir dəstəsi isə əkinçiləri idilər. Əlindən heç bir iş gəlməyəndən isə bac alırdılar). Buna görə də onlar həmişə həlakolma xarlığı və hökm (fironların hökmü) altında və istismar vəziyyətində idilər. (Fironların əmrlərindən) boyun qaçırmaq üçün çarə və (onların zülmlərindən) müdafiə üçün yol tapmırdılar. Nəhayət, Allah onların Onun məhəbbəti yolunda əziyyətlərə səbr etməkdə çalışqanlıq göstərmələrini və Ondan qorxduqları üçün iyrəncliklərə dözmələrini nəzərə aldı. Onları ağır çətinliklərdən xilas etdi və onlara xarlıq və həqirliyin əvəzində izzət və möhtərəmlik, qorxunun əvəzinə dinclik əta etdi. Beləliklə, əmr verən hökmdarlar və yol göstərən rəhbərlər oldular. Allah tərəfindən onlara arzusunda olduqlarından da çox izzət və böyüklük bağışlanıldı. Beləliklə, cəmiyyətləri bir yerə toplaşanda, fikirlər birgə, qəlblər bir, əllər bir-birinə yardımçı, qılınclar bir-birinə kömək, uzaqgörənliklər dərin və qərarlar yekdil olanda onların necə olmalarına nəzər salın. Məgər yer üzünün (şəhərlərin) böyüyü və insanların hər şeyinin ağası deyildilər?! Sonra onların işlərinin (kef çəkmələrinin) axırında (aralarında) parçalanma yarananda, mehribanlıq və birlikləri bir-birinə dəyəndə, sözləri ilə qəlbləri arasında fərq yarananda, dəstə-dəstə olub bir-birlərinin canına düşəndə və bölünərək bir-birləri ilə vuruşanda düçar olduqları şeyə (çətinliklərə) nəzər salın. Allah (həmin çirkin əməllərinə görə, Buxtunəsr və digər zalımlar vasitəsi ilə) izzət və böyüklük libasını onların əyinlərindən çıxartdı, nemət bolluğunu onlardan aldı və sizin öyüd götürənlərinizin ibrət almaları üçün onların başlarına gələnlərin əhvalatı aranızda qaldı.
Həmçinin (Zəbih) İsmayılın övladlarının, (İbrahim Xəlilin oğlu) İshaqın oğullarının və İsrail övladının (Yaqub ibn İshaqın) əleyhimus-salam-başlarına gələnlərdən ibrət götürün ki, sərgüzəştlər (hər bir əsrin insanlarının sərgüzəştləri) necə də bir-birinə uyğun və əhvalatlar (bir-birinə) necə də yaxındır! (Yəni, sizin vəziyyətinizlə keçmişlərin vəziyyətləri bir-birinə oxşayır. Buna görə də yaxşı olar ki, onların əhvalatlarından ibrət götürəsiniz.) Onların Kəsralar (əcəm şahları) və Qeysərlər (Rum şahları) onlara ağalıq edib hakim olan gecələrdəki (zamanlardakı) sərgüzəştləri, parçalanma və bir-birlərindən ayrılmalarının necəliyi barədə fikrə dalın və düşünün. Onları əkin yerlərindən (abadlıqlardan), İraq çaylarından (Dəclə-Fəratdan) və dünyanın yaşıllıqlarından yovşan bitən, bərk küləklər əsən və yaşayış çətin olan yerlərə qovdular. (Onları otsuz-susuz və abadlıqdan uzaq olan çöllüklərə göndərdilər.) Beləliklə, onları yoxsul, kasıb və yaraya və dəvə tükünə yoldaş halda tərk etdilər (dəvə otaran etdilər). Onlar ev və məskən baxımından tayfaların ən həqiri və oturaq salma baxımından ən bədbəxti idilər (yaşadıqları yerlərin nə suyu var idi, nə də otu). Nə bir başçının ətrafına toplaşırdılar ki, ona sığınsınlar (bu bədbəxtlik və çətinlikdən nicat tapmaları üçün onları bir dinə dəvət edərək bir iş ətrafına toplayacaq bir kimsə yox idi), nə də dostluq və mehribanlığın kölgəsi altına yığışırdılar ki, onun izzət və böyüklüyünə arxalansınlar (etimad edərək rahatlanmaları üçün bir başçı və rəhbərləri yox idi). Beləliklə, nigaran vəziyyət, ixtilaflı əllər (bir-biri ilə yoldaşlıq etmədən) və parçalanmanın çoxluğu ilə ağır çətinlik və qızları diri-diri torpağa basdırmaq, bütlərə sitayiş, qohumlardan uzaqlıq və hər bir yolda soyğunçuluq etmək kimi cəhalət və nadanlıq içərisində idilər.
Sonra da, Allahın, onlara peyğəmbər (peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədi-səlləllahu əleyhi və alih-) göndərdiyi, onları onun şəriətinə tabe etdiyi və həmin peyğəmbərin dəvəti ilə onları toplayaraq bir-biri ilə mehribanlaşdırdığı zaman onlara verdiyi nemətlərinə nəzər salın. Baxın ki, nemət və rahatlıq özünün kəramət qanadlarını onların üzərinə necə sərdi, onlar üçün rifah və bolluq çaylarını necə rəvan etdi və şəriət (o Həzrətin şəriəti) onları öz bərəkətli xeyirlərində necə topladı. Beləliklə, (xoşbəxtlik, möhtərəmlik və asayişin son yüksək həddini onlara tədarük gördüyü üçün) onun nemətində qərq oldular və onun həyatının ləzzətindən məmnun qaldılar. Həyatları qalib şahın (müqəddəs İslam dininin) kölgəsində quruldu və vəziyyətlərinin yaxşılığı onları böyüklük və qələbənin kənarında yerləşdirdi. Qüdrətli şahlığın ucalığı sayəsində işlər onlara asanlaşdı (dünya və axirət səadəti üz tutdu onlara). Beləliklə, onlar aləmdə olanlara fərman verənlər və yerlərin (şəhərlərin) şahları idilər. Onlara hakim olmuşlara hakim oldular və onlara əmr verənlərə əmrlər verirdilər. Onlara nizə atılmır, daş tullanmırdı!! (İslam dini onlara elə bir güc və qüdrət verdi ki, dünyanın işlərinin idarəçiləri və aləmdə olanlara hakim oldular və heç kəs onlara hakim ola bilmirdi.)
Bilin ki, siz (yaranmışların ən xeyirlisi olan Həzrət Peyğəmbərin şəriətinə iman gətirmək nəticəsində izzət və şərəf tapdıqdan sonra) əllərinizi itaət və tabeçilik kəndirindən çəkdiniz (Allahdan və Peyğəmbərdən üz çevirərək uzaqlaşdınız), Allahın ətrafınıza çəkilmiş hasarında cahiliyyət hökmləri (İslamdan qabaqkı dövrün adətləri) ilə uçuq yaratdınız (öz imam və rəhbərinizə itaət etmədiniz və onun nəticəsində öz dünya və axirətinizi bərbad etdiniz). Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, bu ümmətin boynuna aralarında yaratdığı, kölgəsinə daxil olduqları və kənarında qərar tapdıqları bu ülfət və mehribançılıq bağlantısında qiymətini, yaratdıqlarından heç bir kəsin bilmədiyi bir nemətlə (ülfətə səbəb olan din ilə) haqq qoyub (zəhmətə qatlaşmadan nemət verib). Çünki qarşılıqlı ülfət və mehribanlığın dəyəri hər bir qiymətdən artıq və hər bir böyüklükdən böyükdür. (Ona görə ki, ülfət və birliklə dünya və axirət səadəti və xoşbəxtliyi əldə edilir.) Bilin ki, siz hicrətdən sonra (nadanlıq və azğınlıqdan bilik və hidayətə nail oldunuz və sonra bir daha təəssübkeşlik, məğrurluq, bir-birinizlə düşmənçilik və fitnə və çaxnaşma yaratmaq səbəbindən) bədəvi ərəb (nadanlıq və azğınlıq çölçüləri) oldunuz. Həmçinin dostluqdan (bir yerə toplaşdıqdan) sonra (bir-birinə müxalif və düşmən olan) dəstələrə parçalandınız. İslamla, onun adından başqa heç bir əlaqə və bağlılığınız yoxdur. İmandan, onun nişanəsindən başqa bir şey tanımırsınız!! (Ancaq dildə kəlmeyi şəhadətləri deyirsiniz. Amma İslamın hökmlərindən bir şey öyrənməmisiniz və həmçinin imanın həqiqətini dərk etməmisiniz.) Deyirsiniz ki: «Oda gedərik, amma xarlığa razı olmarıq»?! («النّارَ وَ لاَ الْعارَ» «Oda gedərik, amma xarlığa razı olmarıq» məsəlini zillət və xarlığa boyun əyməyən kəslər deyirlər. Bu məsəl haqq barəsində deyilsə, çox gözəldir. Amma əgər batil və nahaq barəsində deyilsə, səhvdir. Əgər Kufə əhlinin məqsədi o Həzrət olmuş olsa və ya onlarla Şam əhlinin məqsədləri ümumi müraciət olmuş olsa, bu, fitnə, qalmaqal və İslamın göstərişlərinə ziddir. Buna görə də İmam əleyhis-salam onları məzəmmət edərək sözlərini davam edir:) Sanki siz İslamın hörmət pərdəsini yırtmaq və peymanını sındırmaqla (hökm və şərtlərinə əməl etməməklə) onu başıaşağı və tərsinə çevirmək (məhv etmək) istəyirsiniz (necə ki, kafir, münafiq və düşmənlər onu məhv etmək niyyətindədirlər). Elə bir peymanı ki, Allah, onu yer üzündə (düşmənlərin hücum edərək sizə hakim olmalarının qarşısında) sizin üçün sığınacaq və yaratdıqları arasında (onların iztirab və nigarançılıqlarını aradan qaldırmaq üçün) əmin-amanlıq və rahatlıq (vasitəsi) edib (ki, bəşəriyyət hər hansı bir işdə çarəsiz qalanda və əli bütün yollardan üzüləndə İslamın peymanına, yəni, onun hökm və göstərişlərinə üz tutub tabe olsun). Əgər siz (belə bir dinə malik olmağınıza baxmayaraq,) İslamdan qeyrisinə sığınsanız (öz şücaətinizə, cəmiyyət və qohum-əqrabalarınızın çoxluğuna arxalanaraq onun hökmlərinə tabe olmayıb göstərişlərinə hörmətlə yanaşmasanız), kafirlər sizinlə vuruşacaqlar. Həmin vaxt Cəbrail, Mikail, Mühacirlər və Ənsar da olmayacaq ki, sizə kömək etsin (necə ki, Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - zamanında edirdilər). Allah aranızda (qələbənin hansınıza nəsib olması barəsində) hökm çıxarana kimi (heç bir kömək olmadan) ancaq qılınc ilə vuruşacaqsınız. Allahın (keçmiş ümmətlərə olan) əzabı, (qəlbləri) sıxan və ağrıdan bəla və çətinlikləri, (qəzəb) dövranlar(ı) və (çarəsi olmayan) hadisələri barəsindəki məsəl və sərgüzəştləri əliniz altındadır. (Allah Qur’ani-Kərimdə Nuh, Ad, Səmud və digər tayfaların sərgüzəştlərini bəyan edib.) Buna görə də Allahın məsuliyyətə alacağına nadan olmağınız, bərkə çəkməsini yüngül saymağınız və əzabına düçar olmamağınız səbəbindən Onun əzabını(n gəlib çatmasını) uzaq sanmayın. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah, keçmiş ümmətləri onların «əmr be mə’ruf və nəhy əz munkər»i tərk etmələrindən ayrı bir səbəbdən Öz rəhmindən uzaqlaşdırmayıb. (Onlar bir-birlərinə yaxşı işlər görməyi əmr etmir, nalayiq əməllərdən çəkindirmirdilər.) Odur ki, Allah ağılsız və qanmazları günah etdiklərinə, ağıllıları isə pisliklərdən çəkindirmədiklərinə görə lə’nətləyib (Öz rəhmindən uzaqlaşdıraraq ağır əzaba düçar edib).
Bilin ki, siz İslamın bağını qırdınız (təəssübkeşlik və məğrurluq ilə ülfət və dostluğa göz yumaraq bir-birinizlə düşmənçilik etdiniz), onun hüdudlarını tərk etdiniz (müəyyənləşdirdiyi vəzifələrə əməl etmədiniz) və hökmlərini (xüsusilə hökmlərinin ən böyük və mühümü olan «əmr be mə’ruf və nəhy əz münkər»i) aradan qaldırdınız. (Amma mən ki, sizin itaət etməyiniz vacib olan imam və rəhbərinizəm və Həzrət Peyğəmbərə - səlləllahu əleyhi və alih-ən yaxın adam olmuşam, məmur edildiyim şey əsasında davranıram. Buna görə də) bilin ki, Allah mənə zülmkarlar, əhdini sındıranlar və yer üzündə fitnə-fəsad törədənlərlə vuruşmağı əmr edib. Odur ki, əhdini pozanlarla (Cəməl əhli olan Təlhə, Zübeyr və onların tərəfdarları ilə) vuruşdum (və onları diz çökdürdüm), haqdan əl götürənlərlə (Şam əhli ilə) cihad edərək döyüşdüm və dindən xaric olanlara (Nəhrəvan Xəvaricinə) qəzəb edərək onları xar və zəlil etdim. Rədhə şeytanına gəldikdə isə: (vuruşmaq və öldürmək əvəzinə) onun barəsində nəticəsində ürəyinin döyüntüsünü və sinəsinin titrəməsini eşitdiyim qorxunc bir nə’rə ilə kifayətləndim. Əgər Allah izn versə (istəsə və mən sağ qalsam), ikinci dəfə zalımlardan (Əmr ibn Asın hiylə və kələyi ilə Qur’anları nizələrin başına sancıb Siffeyn müharibəsini dayandıran Müaviyə və onun ətrafındakılarından) yerdə qalanlara tərəf gedəndə, şəhərlərin kənarlarına dağılanlar istisna olmaqla, dövləti və qüdrəti onlardan alacağam (və hamısını məhv edəcəyəm). (O Həzrət burada öz şücaət, qəhrəmanlıq, məqam, dərəcə və böyüklüyünü xatırladaraq buyurur:)
Mən uşaqlıqda ərəbin kürəyini yerə vurmuşam (İslamın ilkin çağlarında onların böyüklərini öldürmüşəm) və Rəbiə və Muzərin (bu qəbilələrin) yeni yetişmiş budaqlarını (igidlərini) sındırmışam. Siz mənim Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında yaxın qohumluq (əmioğluluq və kürəkənlik), yüksək məqam və xüsusi ehtiram səbəbindən olan qədir-qiymət və dərəcəmi bilirsiniz (ki, mən o Həzrətin yanında belə böyük bir hörmət və məqama malik idim və məni xilafətə təyin etmişdi). O məni uşaqlıqdan öz yanında böyüdüb. O məni sinəsinə sıxar, yatanda qucağına alar, bədənini bədənimə sürtər, öz xoş ətrini mənə iylədər, (ata öz övladına etdiyi kimi) ağzıma çeynənmiş yemək qoyardı. O mənim sözümdə yalan, əməlimdə səhv və xəta tapmadı. Peyğəmbər (səlləllahu əleyhi və alih) süddən ayrılandan sonra Allah mələklərinin ən böyüyünü o Həzrətə yoldaş etdi ki, gecə-gündüz onu nəciblik yollarına və dünyanın gözəl xislətlərinə doğru yönəltsin. Mən dəvə balası anasının dalına düşüb getdiyi kimi onun arxasınca gedirdim. O, hər gün öz xislətlərindən bir bayraq və əlamət ucaldır (biruzə verir) və mənə ona yiyələnməyi əmr edirdi. (Peyğəmbərliyə təyin edilməmişdən qabaq) hər il (bir ay insanlardan uzaqlaşaraq ibadət və bəndəliklə məşğul olmaq üçün Məkkə yaxınlığındakı dağlardan biri olan) Hirada məskunlaşardı. Həmin müddətdə mən onu görərdim və onu məndən qeyrisi görməzdi. Həmin zamanda İslam Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) və (o Həzrətin arvadı) Xədicənin evindən başqa heç bir evə daxil olmamışdı və mən onların üçüncüsü idim. Vəhy və (ilahi) elçilik nurunu görür və nübuvvət və peyğəmbərlik ətrini duyurdum. (Vəhy nazil olan zaman o Həzrətlə birgə idim və heç bir tərəddüd olmadan nazil olanlara iman gətirirdim.) O Həzrətə (səlləllahu əleyhi və alih) vəhy nazil olanda şeytanın səsini eşitdim. Dedim: Ey Allahın Peyğəmbəri, bu nə səsdir? Buyurdu: Bu şeytanın səsidir ki, o, pərəstiş edilməkdən ümidsizliyə qapılıb sən mənim eşitdiklərimi eşidir, gördüklərimi görürsən (hər şeydə mənimlə bərabərsən), sən yalnız peyğəmbər deyilsən, lakin vəzirsən; sən xeyir və yaxşılıqdasan. (Sən bütün zahiri və mənəvi kamilliklər toplususan və elə bir yoldasan ki, dünya və axirət xeyri və yaxşılığı ondadır.)
Qüreyşin böyüklərindən ibarət bir dəstə Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanına gələndə mən onunla bir yerdə idim. Onlar dedilər: Ey Məhəmməd! Sən elə böyük bir iş (nübuvvət və peyğəmbərlik) iddia edirsən ki, nə sənin ataların və nə də sənin nəslindən bir nəfər onu iddia etməyib. İndi biz səndən bir iş görməyini istəyəcəyik. Əgər bizim üçün onu yerinə yetirsən və onu bizə göstərsən, biləcəyik ki, (Allah tərəfindən göndərilmiş) peyğəmbər və elçisən. Amma əgər yerinə yetirməsən, biləcəyik ki, cadugər və yalançısan. Peyğəmbər - səlləllahu əleyhi və alih - buyurdu: Nə istəyirsiniz? Dedilər: Bu ağacı çağır, kötükləri ilə (yerdən) çıxıb (gəlib) qarşında dayansın. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Allah hər şeyə qadirdir. Əgər sizin bu istəyinizi rəva etsə, iman gətirib haqqa şəhadət verəcəksiniz? Dedilər: Bəli. Buyurdu: Mən istədiyinizi sizə göstərəcəyəm. Amma bilirəm ki, xeyir və yaxşılığa (bütün dünya və axirət xeyirlərini özündə toplamış İslama) bağlanmayacaqsınız. Sizin aranızda eləsi var ki, (öz kafirliyində qalıb Bədr müharibəsində öldürüləcək və) quyuya atılacaq. Həmçinin (sizin aranızda) qoşunları toplayacaq kimsə var. Bundan sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: Ey ağac, əgər sənin Allaha və qiyamət gününə imanın varsa və mənim Allahın peyğəmbəri olmağımı bilirsənsə, öz köklərinlə yerindən çıx və Allahın əmri ilə mənim qarşımda dayan. O Həzrəti haqq (düz və doğru) olaraq göndərən Allaha and olsun ki, ağac kökü ilə yerdən çıxdı və quşların qanadlarının səsinə bənzər ağır səslə gəlib qanad çalan quş kimi Peyğəmbərin (səlləllahu əleyhi və alih) əlləri arasında dayandı və özünün böyük budağını Allahın Peyğmbərinin (səlləllahu əleyhi və alih) başına, budaqlarının bəzilərini isə mənim çiynimə atdı. Mən o Həzrətin (səlləllahu əleyhi və alih) sağ tərəfində dayanmışdım. Həmin dəstə onu görəndən sonra təkəbbürlülük və məğrurluq üzündən dedi: De ki, onun yarısı sənin yanına gəlsin, digər yarısı isə öz yerində qalsın. Beləliklə, Peyğəmbər ağaca həmin istəyin gerçəkləşməsi əmrini verdi. Sonra onun yarısı heyrətləndirici gəliş və gurultulu səslə o Həzrətə tərəf üz tutdu (o Həzrətin əmrini birincidən daha sürətli şəkildə yerinə yetirdi) və az qalmışdı ki, Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) sarılsın. Onlar yenə naşükürlük və ədavət üzündən dedilər: Əmr et bu yarı hissə qayıdıb əvvəl olduğu kimi öz yarısına birləşsin. Sonra Peyğəmbər - səlləllahu əleyhi və alih - əmr etdi və ağac qayıtdı. Mən dedim: İbadətə Allahdan başqası layiq deyil. Ey Allahın Peyğəmbəri! Mən sənə ilk iman gətirən və həmçinin ağacın Allahın əmr və istəyi ilə yerinə yetirdiyini, sənin peyğəmbərliyini təsdiq etmək və əmrinə ehtiram üçün etdiyini etiraf edən ilk kimsəyəm. Sonra həmin dəstədəkilərin hamısı dedi: Çox yalançı cadugərdir! Bu, onun çox çevik olduğu heyrətləndirici bir cadudur! (Çünki fikrə dalıb düşünmədən istədiyini etdi. Həmçinin dedilər:) Səni işində bu şəxsdən başqası təsdiqləyir? Onlar məni nəzərdə tuturdular. Mən o dəstədənəm ki, onlara Allah yolunda heç bir tənə vuranın tənəsi mane olmur. Onların üzləri doğruçuların üzləri, sözləri gözəl əməl sahiblərinin sözləridir. Gecə abadlaşdıran, gündüz isə nişanə və bələdçidirlər (gecə oyaq qalaraq axirətlərini abadlaşdırırlar. Gündüz də xalqı haqq yola istiqamətləndirirlər). Özlərini Qur’an ipindən (onun azğınlıq və bədbəxtçilikdən nicat tapmağa səbəb olan elm və maarifinə) asarlar və Allahın yollarını və Onun Peyğəmbərinin sünnəsini dirçəldərlər. (Dinin nişanələrini yayaraq onun hökmlərinə əməl edərlər.) Təkəbbür göstərməz, məğrurluq, haqsızlıq və pozğunçuluq etməzlər. Qəlbləri Cənnətdə, bədənləri isə işlə məşğuldur (qəlbləri Cənnətə yönəlib, bədənləri isə yaxşı işlərlə və bəndəliklə məşğuldur).