Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/25-ci məktub

Vikimənbə saytından
24-cü məktub Nəhcül-bəlağə. 25-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
26-cı məktub


İmam Əli əleyhis-salamın zəkat yığmaq vəzifəsinə təyin etdiyi şəxsə yazdığı tövsiyələrindəndir (ki, onda zəkat almaq və yığmaq yollarını göstərir, zəkat verənlərlə mehriban olmaqdan danışır və zəkat kimi alınan dəvələri incitməməyi əmr edir). Biz burada həmin tövsiyədən bəzi cümlələri xatırladırıq ki, onların vasitəsi ilə İmam əleyhis-salamın haqqın sütunlarını dikəltməsi və kiçik, böyük, gizlin və aşkar işlərdə ədalət (bərabərlik və düzlük) nümunələrini üzə çıxarması bilinsin. Bir olan və şəriki olmayan Allahdan qorxub çəkinərək get. (Danışıq və davranışında Allahı nəzərində saxla.) Və (əmr və hökmü keçənlərdən olduğun üçün zalım hakimlər kimi) heç bir müsəlmanı qorxutma. Əgər onun ürəyindən olmasa, (torpaq və bağının) yanından keçmə. Ondan Allahın onun malında olan haqqından (onun verməsini əmr etdiyindən) artıq alma. Hər hansı bir qəbiləyə (məxsus yerə) çatanda, onların evlərinə daxil olma, sularının üstündə düş. Bundan sonra sakitcə, vüqarla onlara tərəf gedib aralarında dayan. Sonra onlara salam ver. Onlara salamı qısa etmə. (Onlara ehtiramsızlıq və hörmətsizlik göstərmə.) Sonra belə de: «Ey Allahın bəndələri! Allahın dostu və xəlifəsi, məni Allahın mallarınızda olan haqqını və payını (mallarınıza aid olan zəkatı) almaq üçün sizin yanınıza göndərib. Mallarınızda Allahın vəlisinə veriləcək Allah haqqı varmı?» Əgər biri «yox (mənim veriləcək zəkatım yoxdur)!» desə, ona müraciət etmə. (İkinci dəfə onun yanına getmə.) Əgər biri «var» desə, onu qorxutmadan, vahiməyə salmadan, sərtlik edərək çətinliyə düçar etmədən onunla birlikdə get. Sonra qızıl və gümüşdən sənə nə versə al. Əgər inək, qoyun və dəvəsi olmuş olsa, onun icazəsi olmadan onların yanına getmə. Çünki onların çoxu onundur. Dördayaqlıların yanına çatanda, onlara onların sahiblərinin ağası və ya ona qarşı sərt olan kəs kimi baxma. Heyvanı hürküdərək qorxutma və onu alanda yiyəsini incitmə. Malı iki hissəyə böl. Sonra onu (malın sahibini onlardan istədiyini seçməkdə) sərbəst burax. (Həmin iki hissədən birini) seçəndən sonra onun seçdiyinə toxunma. (Ona «niyə bunu seçdin?!» demə!) Ondan sonra yerdə qalanı iki hissəyə ayır və (yenə) onu (istədiyini seçməkdə) azad burax. Beləliklə, elə ki (onlardan birini) seçdi, seçdiyinə toxunma. Onun malından yerdə Allahın haqqı (zəkat) miqdarında qalana kimi bölgünü davam etdir. (Bu cür davranışla) Allahın haqqını ondan al. Əgər (sənin zəkat kimi götürdüyünün onun seçdiyindən yaxşı olmasını güman etsə və) həmin bölgünün pozulmasını istəsə, sən (bölgünü) poz və hər iki hissəni bir-birinə qarışdır. Sonra Allahın onun malında olan haqqını almaq üçün bir daha etdiyin işləri yerinə yetir. Əldən düşmüş qoca dəvəni, (əl-ayağı) sınıq olanı və nöqsanlını (bir gözlü və bu kimini) zəkat kimi götürmə. Və (onları zəkat kimi təhvil aldıqdan sonra) dinindən əmin olduğun şəxsdən başqa heç kəsə tapşırma. (Həmin şəxsin danışıq və davranışının İslam dininin hökmlərinə uyğun olmasından arxayın olduqdan sonra malları ona tapşır.) Həmin şəxs müsəlmanların malına (münasibətdə) düz olmalıdır ki, onu onların hakimlərinə çatdırsın və o, müsəlmanların arasında bölsün. Onlara ancaq düz və mehriban adamı gözətçi et ki, kobudluq edib çətinliklərə salmasın və onları incidib yormasın. Sənin yanında yığılanları tez bizə göndər ki, Allahın əmr etdiyi yerə sərf edək. Sənin inandığın şəxs onları (bizim yanımıza gətirmək üçün) götürəndə, ona tapşır ki, dəvə ilə südəmər balasını bir-birindən ayırmasın, onun südünü çox sağmasın ki, (nəticədə) balasına ziyan dəyməsin, onu minərək yorub əldən salmasın və sağmaq və minməkdə onunla başqa dəvələr arasında bərabər davransın. (Ancaq birinin südünü sağmasın və ya bütün yol boyu təkcə birinə minməsin.) Həmçinin gərək yorulan üçün rahatlıq yaratsın. Ayağı yeyilmiş və getməkdən aciz olanını yavaş sürsün. Dəvələri yanından keçdikləri gölməçələr və su yığılan yerlərə salsın. Onları otlu yerlərdən (otsuz) yollara aparmasın (ki, onlar yol boyu otlayaraq güclənsinlər). Gərək onlara saatlarla (hər neçə saatda bir dəfə, yaxud otlaqlarda) istirahət versin (ki, rahat otlasınlar). Həmçinin gərək onlara su və ot olan yerdə imkan versin və onları boşlasın ki, bizim yanımıza yorğun və əzgin deyil, Allahın izn və əmri ilə, kökəlib dolu sümüklü gəlsinlər və biz də onları Allahın kitabının (Qur’ani-Kərimin) göstərişi və Peyğəmbərinin sünnəsi ilə (ehtiyacı olanlar arasında) bölüşdürüb paylayaq. Allahın istəyi ilə, deyilənlər sənin (Allah tərəfindən) mükafatlanmağın üçün çox münasib, hidayət və nicat tapmağın üçün isə çox yetərlidir.