Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/25-ci xütbə
←24-cü xütbə | Nəhcül-bəlağə. 25-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
26-cı xütbə→ |
İmam Əli əleyhis-salamın xütbələrindəndir.
Müaviyənin səhabələrinin və qoşununun şəhərləri ələ keçirmə xəbəri ardı-arası kəsilmədən o Həzrətə çatırdı və Bosr ibn Əbi Ərtatın o Həzrət tərəfində Yəməndə vali və hakim olan Übəydullah ibn Abbas və Səid ibn Nəmran üzərində qələbəsindən sonra, onlar Kufədə o Həzrətin yanına gəldilər. O Həzrət öz səhabələrinin cihada tənbəllik etmələrindən və onun rəyinə, tədbirinə qarşı çıxmalarından əziyyət çəkdiyi, sıxıldığı bir halda durub minbərə qalxdı və buyurdu:
İxtiyarı və ipi əlimdə olan Kufədən başqa heç bir yer mənim hakimiyyətimdə deyil. Ey Kufə, əgər mənə səndən başqa heç nə qalmasa və sənin də qorxunc küləklərin əssə (sənin əhlinin fitnə-fəsadı, nifaqı və ikiüzlülüyü zahir olsa) onda Allah səni pis vəziyyətə salsın. (Xaraba və viran etsin ki, kimsə səni tanımasın.) Misal olaraq şairin bu şe’rini oxudu: لَعَمْرُ أَبِيكَ الْخَيرِ يا عَمْرُو إِنَّنِى عَلى وَضَرٍ مِن ذا الْإِنآءِ قَلِيلٍ -yəni, ey Əmr, yaxşı atanın canına and olsun ki, mən bu xörək qabında qalan azacıq çirkə və yağa çatmışam. (Məmləkətdə payının bu qədər az olmasına işarə edilir.) Ondan sonra buyurdu: Mənə xəbər çatıb ki, Bosr (Müaviyənin əmrilə böyük bir qoşunla) Yəmənə daxil olub. Allaha and olsun ki, onların öz batil yollarında birlik və həmrəyliklərilə sizin haqq yolunda təfriqə və dağınıqlığınıza görə tezliklə sizlərə hakim kəsilib hakimiyyətə sahib olcaqlarını güman edirəm. Ona görə ki, siz haqq yolunuzda İmam və rəhbərinizə itaətsizlik göstərirsiniz, onlar isə batil yolda olsalar belə öz rəhbərlərinə itaət edirlər. Onlar rəhbərlərinin əmanətini qoruyur, siz isə xəyanət edirsiniz (onların bey’əti davamlıdır, siz isə əhdinizi pozursunuz). Bir də şəhərlərindəki islah işlərinə (bir-birilə ülfət və dostluq edir, birliklərini saxlayırlar), sizin isə fəsadınıza görə (bir-birinizə kin, paxıllıq bəsləməyinizə, ikiüzlülüyünüzə və təfriqənizə görə. Bu bir qövmün məğlubiyyət səbəbidir). (Beləliklə, sizi o qədər xəyanətkar sanıram ki,) əgər sizdən birinə taxta qədəhi belə tapşırsan, qorxuram ki, onun (dəvənin palanından asdıqları) tutacağını aparasınız. Pərvərdigara, mən onlardan (Kufə əhlindən) bezmişəm və qəlbim sıxılıb, onlar da məndən doyublar. Belə isə, onlardan daha yaxşısını mənə nəsib et, mənim əvəzimə onlara bir şər ver. Allahım, onların ürəklərini (əzab və qorxudan) duz suda əriyən kimi ərit. (Ey Kufə əhli,) agah olun ki, Allaha and olsun, mənim üçün sizlərin yerinə (öz qeyrət, şücaət və yoldaşlıqları ilə məşhur olan) Fəras ibn Qənm övladlarından min süvarinin olmasını istərdim. (Burada Fəras ibn Qənmin övladlarını tərif etmək üçün şairin bu şe’rini oxuyur:) هُنالِكَ لَوْ دَعَوْتِ أَتاكِ مِنْهُمْ فَوارِسُ مِثْلُ أَرْمِيَةِ الْحَمِيمِ -yəni, ey Ummu-Zənba (Ummu-Zənba bir qadının ləqəbidir) kömək və zəfər üçün əgər onları (Bəni-Təymi) çağırsan, süvariləri yay buludları kimi sənə doğru gələrlər. Bundan sonra Həzrət minbərdən endi. (Seyyid Rəzi buyurur:) Deyirəm: أَرْمِيَة kəlməsi رَمِيّ kəlməsinin cəmidir və mənası bulud deməkdir. حَمِيم burada yay fəsli mənasında işlənmişdir. Şair də yay buludlarına ona görə təşbih işlətmişdir ki, yay buludlarında su olmadığından iti sürətlə hərəkət edirlər. Bulud su ilə dolu olduqda, adətən yavaş hərəkət edir və qışda rast gəlinir. Şair də həmin camaatın, kömək və zəfər üçün çağırdıqda, dəvəti dərhal qəbul edib köməyə tələsdiklərini buna bənzətmişdir. Buna sübut şairin bu şe’rdə dediyi sözləridir.