Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/26-cı xütbə

Vikimənbə saytından
25-ci xütbə Nəhcül-bəlağə. 26-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
27-ci xütbə


İmam Əli əleyhis-salamın xütbələrindəndir (Nəhrəvana doğru hərəkət etməzdən öncə buyurmuşdur).

Həqiqətən böyük Allah dünya əhlini ilahi əzabdan qorxudan və özünə nazil edilənə əmin olan Məhəmmədi (səlləllahu əleyhi və alih) göndərdi. Siz, ey ərəb qövmü, sizlər o vaxt ən pis (şirk və bütpərəstlik olan) dinə etiqad edir, ən pis yerdə (Hicazda) yaşayırdınız (oralar quraqlığın, fitnə-fəsadın çox olduğu bir yer idi). Daşlıq torpaqlarda və sanki karmış kimi səsdən ürkməyən çox zəhərli ilanların arasında həyat sürür, qara çirkab suyu içir, bərk xörəklər (ələnməmiş arpa unu, xurma çərdəyinin unu və kərtənkələ kimi) yeyir, bir-birinizin qanını tökür, qohum-əqrabanızdan uzaq gəzərdiniz (güzəranızın ağırlığına və əxlaqınızın pisliyinə görə qohumlarla əlaqə saxlamırdınız). Aranızda bütlər asılmışdı (öz əllərinizlə yaratdıqlarınıza pərəstiş edirdiniz) və günahlardan çəkinib uzaqlaşmırdınız.

Bu xütbənin bir hissəsidir

(Həzrət Peyğəmbərin vəfatından sonra başına gələnləri qısa şəkildə bəyan edir: Müxaliflərim mənim haqqım olan xəlifəliyi qəsb etdikdə) Beləliklə, (öz işlərimi) fikirləşib gördüm ki, öz əhli-beytimdən (Bəni-Haşimdən) başqa yavərim yoxdur, (onlar da bu qədər əleyhdarlarımla mübarizə apara bilməzdilər. Buna görə də) onların öldürülməsinə razı olmadım. Çöp batmış gözümü yumdum, sümük boğazımı tutsa da uddum, tənəffüs yolunun tutulmasına (qəm və kədərin çoxluğundan) və əlgəm otundan (olduqca acı bir bitkidir) daha acı şeylərə dözdüm. Bu xütbənin başqa bir hissəsidir

(Əmr ibn Asın Müaviyəyə necə bey’ət etdiyini bəyan edir və buyurur:) Əmr girov və qiymət şərtini (Misirin hakimliyini) qoymayınca Müaviyəyə bey’ət etmədi. Satıcının (dinini dünyanın qiymətinə satanın) əlinin bərəkəti olmaz və alıcının (Müaviyənin) əhd-peymanı onun rüsvayçılığına səbəb olar. Buna görə də (indi ki, Əmr Müaviyəyə qoşulub), müharibəyə hazırlaşın, onun tədarükünü görün ki, döyüş məşəli alovlanıb, onun işığı ucalıb. Dözümü özünüzə şüar edin (döyüşdə sabit olun, onun ziyanına dözün) ki, düşmənə zəfər çalmağın ən mühüm yolu dözümdür.