Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/27-ci xütbə

Vikimənbə saytından
26-cı xütbə Nəhcül-bəlağə. 27-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
28-ci xütbə


İmam Əli əleyhis-salamın (şərafətli ömrünün sonlarında buyurduğu və öz səhabələrini Müaviyə ilə cihad etmədiyinə görə qınadığı) xütbələrindəndir: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra, cihad (dinə qarşı çıxanlarla döyüş) Allahın özünün xüsusi dostlarının üzünə açdığı Cənnət qapılarından biri, təqva və pərhizkarlıq libasıdır. (Paltar insanı soyuqdan və istidən qoruduğu kimi təqva əhlini müxaliflərin şərindən qoruyar.) Haqq-təalanın möhkəm zirehi və onun (təqva əhlini düşmənlərin silahlarından qorumaq üçün) güclü qalxanıdır. Hər kəs ondan uzaqlaşıb, onu tərk edərsə Allah ona zillət və xarlıq paltarı, bəla və çətinlik cübbəsi geyindirər. Bunun təsirindən isə həmin adam həqir, alçaq, zəlil və biçarə olar. Allah öz rəhmətini onun qəlbindən götürdüyünə görə ağılsızlığa mübtəla olar (öz işlərində heyran və sərgərdan olar). Cihada getmədiyinə və bu mühüm işə əhəmiyyət vermədiyinə görə haqqın yolundan uzaqlaşaraq batil yola qədəm qoyar. Müsibətə və biçarəliyə düçar olaraq ədalət və insafdan məhrum olar (zülmkar ona hakim kəsilərək onunla insafsızcasına davranar). Agah olun, mən sizləri gecə və gündüz, gizlində və aşkarda döyüşə (Müaviyə və ona tabe olanlara qarşı döyüşə) dəvət edərək dedim ki, onlar sizinlə döyüşə gəlməmiş, siz onlarla döyüşə çıxın. Allaha and olsun, hər hansı qövmün öz evində (diyarında) elə bir müharibə olmayıb ki, orada onlar zəlil və məğlub olmasınlar. Siz isə vəzifənizi bir-birinizə həvalə etdiniz (sizlərdən hər biriniz başqasının öz vəzifəsinə əməl etməsini umurdunuz). Mal-mülkünüz hər yandan qarət olunana, (düşmən qələbə çalıb) yurdunuz əlinizdən çıxana qədər bir-birinizi xar etdiniz. Bu, öz süvarilərilə (Müaviyənin əmrinə əsasən Fərat çayının şərq sahillərində yerləşən İraqın qədim şəhərlərindən biri olan) Ənbar şəhərinə daxil olub, Həssan ibn Həssan Bəkrini (şəhərin vali və hakimi) öldürüb, süvarilərinizi şəhərin hüdudlarından uzaqlaşdıran Qamidin (Bəni Qamid qəbiləsindən olan Süfyan ibn Əuf) qardaşlarındandır. Mənə xəbər çatdı ki, onların bir döyüşçüsü bir müsəlman qadına və müsəlmanların amanında olan bir kafir qadına hücum edərək xalxalı, bilərzik, boyunbağı və sırğalarını qoparmış, o qadın da zar-zar ağlayaraq öz qohumlarını köməyə çağırmaqdan başqa cür onlara mane ola bilməmişdir. Düşmənlərdən heç birinin yaralanmadığı, qanları tökülmədiyi halda onlar (bu döyüşdən) böyük qənimət və sərvətlə qayıtdılar. Əgər müsəlman kişi bu hadisəni eşidib qəm-qüssədən ölərsə ona eyib deyil. Mənə görə isə ölüm bundan daha layiqlidir. Nə qədər də heyrətli və təəccüblüdür! And olsun Allaha, onların (Müaviyə və tərəfdarlarının) özlərinin nahaq işlərinin ətrafında birləşməsi, sizin isə haqq işinizdə təfriqə və ixtilafa düşməniz ürəyi öldürür, qəm və hüznü özünə çəkir. Onların oxlarına tuş gəldiyiniz vaxt üzünüz qara, qəlbləriniz qəmli olsun (düşmən sizə doğru ox atır, siz isə qeyrətsizliyinizə, təfriqə və ixtilafınıza görə sinələrinizi onun hədəfinə çevirib sakit oturmusunuz). Onlar sizin malınızı yağmalayırlar, siz isə əlinizə heç nə almırsınız. Sizinlə döyüşürlər, sizsə döyüşmürsünüz. Allaha asi olurlar, siz isə razısınız. Yayda sizə onlarla döyüşə çıxmağı əmr etdikdə dediniz ki, indi hava istidir və istilər sınana qədər bizə möhlət ver. Qışda onlarla döyüşmənizi əmr etdikdə isə dediniz ki, bu günlər hava çox soyuqdur və soyuqlar çıxana qədər bizə möhlət ver. Siz isti və soyuqdan qaçmaq üçün bu qədər bəhanə gətirirsiniz, Allaha and olsun (döyüş meydanında), qılıncdan daha tez qaçacaqsınız. Ey kişilikdən nişanəsi olmayan namərdlər! Ey ağlı uşaq və bəy otağına təzə girmiş qadın ağlı kimi olanlar! Ey kaş mən sizləri nə görə, nə də tanıyaydım. And olsun Allaha, sizi tanımağın nəticəsi peşmanlıq, qəm və qüssədir. Allah sizləri məhv etsin ki, mənim ürəyimi qan etdiniz, sinəmi qəzəblə doldurub-daşırdınız. Aldığım hər nəfəsdə mənə qəm və hüzn yedirtdiniz. Mənə itaətsizlik, etinasızlıq edərək tədbirimi pozub, puç etdiniz, bunun nəticəsində də Qüreyş «Əbu Talibin oğlu igiddir, ancaq müharibə aparmaq qaydasını bilmir» dedilər. Allah atalarına rəhmət etsin! (Öz dedikləri sözü fikirləşmirdilər.) Onlardan hansı biri döyüşdə mənim qədər çalışqan və ciddi idi, yoxsa öndə getməkdə və ya müqavimətdə məndən artıq idilər? Hələ iyirmi yaşıma çatmamış döyüşə hazır idim və indi də ömrümdən altmış ildən çox keçmişdir. (Mənim döyüşlərdəki fikrim və tədbirim həmişə düz olmuşdur.) Ancaq fərmanına itaət olunmayanın, hökmünə əməl edilməyinin əlacı yoxdur.