Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/33-cü məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
32-ci məktub Nəhcül-bəlağə. 33-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
34-cü məktub


İmam Əli əleyhis-salamın onun tərəfindən (xilafətinin bütün müddəti ərzində) Məkkənin hakimi olan Qusəm ibn Abbasa (ibn Ədül Müttəlibə) məktublarındandır. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: mənim qərbdəki (qərb şəhərlərindən olan Şamdakı) kəşfiyatçım məktub yazaraq məni Şam əhalisindən bir dəstənin həccə göndərilməsindən xəbərdar edib. Onların qəlbləri kor, qulaqları kar və gözləri anadangəlmə kordur. Onlar haqqı batildə (batil yolda) axtarırlar. (Belə güman edirlər ki, Müaviyəyə tabe olmaqla haqq dinə qovuşacaqlar.) Yaradılmışa tabe olub yaradana günah və Allaha itaətsizlik edirlər. (Müaviyəyə və onun tərəfdarının göstərişlərinə tabe olurlar və bu, Allahın hökmlərinə ziddir.) Din bəhanəsi ilə dünyanın südünü sağırlar. (Dünya malı əldə etmək üçün din və başqalarını pis işlərdən çəkindirmək adı ilə bir yerə toplaşaraq öz zəmanələrinin imamına qarşı çıxırlar.) Yaxşı əməl sahibləri və təqvalıların axirətlərinin əvəzinə mövcud dünyanı alırlar. (Əbədi xoşbəxtlik və Cənnətin yerinə Cəhənnəm alovu və ilahi əzabı götürürlər.) Yaxşı əməl sahibindən başqa heç kəs xeyir və yaxşılığa nail olmaz. Pis əməl sahibindən başqa heç kəs pis cəza görməz. Buna görə də çalışqan, ehtiyatlı və öz imam və rəhbərinə tabe olan ağıllı nəsihətçi kimi əlində olan şeydə (Məkkə hökuməti və onun nizam-intizam və sakitliyinin qorunmasında) möhkəm dur və müqavimət göstər. Məbada üzrxahlığa səbəb olacaq bir iş görəsən. Nemət firavanlığı zamanında çox şad olma (ki, bu, kibr və itaətsizliyə səbəb olur). Həmçinin çətinliklər zamanı qorxma və özünü itirmə (ki, bunlar məğlubiyyətə və cəsurluğun əldən çıxmasına gətirib çıxarır). Salama layiq kimsəyə salam olsun!