Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/34-cü xütbə

Vikimənbə saytından
33-cü xütbə Nəhcül-bəlağə. 34-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
35-ci xütbə


İmam Əli əleyhis-salamın öz səhabələrinə Şam əhalisi ilə döyüşməyi əmr etdiyi vaxt buyurduğu xütbələrindəndir: Mən sizlərdən bezmişəm və narahatam. Sizi danlamaqdan əziyyət çəkirəm. Əbədi həyatın əvəzinə dünyanın müvəqqəti həyatından şadsınız? İzzət və başıucalığın yerinə rəzalət və alçaqlığa boyun əymisiniz? Sizləri düşmənlə müharibəyə çağıranda gözlərinizi döyürsünüz (həyəcanlanırsınız). Çətinliklə can verirmiş, huşsuzluqdan əziyyət çəkirmiş kimi mənimlə danışmaq üçün diliniz tutulur, qulaqlarınız bağlanır, sözlərimin müqabilində mat-məəttəl qalırsınız, elə bil ağlınızı itirib dəli olmusunuz (doğru yolu səhv yoldan, yaxşını pisdən, izzəti zillətdən seçə bilmirsiniz) və başa düşmürsünüz. Heç vaxt sizlərdən əmin olmadım və sizləri düz əməl sahibləri saymadım (sizə etimad etmədim və indi də inanmıram). Nə (düşməni dəf etmək üçün) meyl salınası ordu, nə də ehtiyac duyulası güclü dostlarsınız. Siz, bir tərəfdən yığdıqda, digər tərəfdən dağılan sarvansız dəvələr kimisiniz. Allaha and olsun, siz müharibə atəşini alovlandırmaq üçün pis camaatsınız. (Çünki) Sizə qarşı hiylə və məkr işlədirlər, siz isə hiylə işlətmirsiniz. Sizin şəhərləri tuturlar, siz isə qəzəblənmirsiniz (müdafiə olunmağı düşünmürsünüz). Düşmən yuxulamır, sizi isə qəflət yuxusu aparıb və unutqansınız. Allaha and olsun, (düşmənin irəliləməsinin qarşısını almaq üçün) bir-biri ilə yoldaşlıq etməyənlər məğlubdurlar. Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və ölüm, qətl atəşi alovlansa, sizlər baş bədəndən ayrılan kimi Əbu Talibin oğlundan (onun yanından) ayrılarsınız. (Belə xof və qorxaqlığınızla ikinci dəfə mənim ətrafıma yığışmağınız mümkün deyil.) Allaha and olsun ki, ətini sümükdə heç nə qalmayana qədər gəmirən, sümüyünü sındıran və dərisini soyacaq həddə düşməni özünə hakim kəsən (yəni, onun varlığını, canını, malını, arvad-uşağını ələ keçirən düşmənin qarşısını almayan) kimsənin acizliyi və qeyrətsizliyi hədsiz, ürəyi və ya onun sinə tərəfdən ürəyini əhatə edənləri zəifdir. Ey eşidən, sən də acizlikdə və qeyrətsizlikdə bu kişi kimi olmaq istəyirsənsə, ol. Amma mən, and olsun Allaha, düşmənə bu fürsət və imkanı verməzdən əvvəl Məşrəfi qılınclarla (Məşarif bu qılıncların hazırlandığı kəndin adıdır) onu elə vuracağam ki, başının sümüyünün xıncımları göyə sovrulsun və qolları, qıçları kəsilsin. Mənim səylərimdən sonra fəth və qələbənin ixtiyarı Allahın əlindədir. Ey camaat! Mənim sizin üstünüzdə, sizin də mənim üstümdə haqqınız var: Sizin mənim üstümdə olan haqqınız sizə nəsihət vermək (bəyənilmiş əxlaqa təşviq etmək və nalayiq söz və əməllərdən çəkindirmək), qənimət və hüquqları bütünlüklə (israf edilməyə qoymadan, müsəlmanların beytülmalından) sizə çatdırmaq, nadan qalmamanız üçün (kitab və sünnədən bilmədiklərinizi) sizlərə öyrətmək, öyrənənə qədər də (şəriət qaydalarını öyrənib ona uyğun rəftar etməniz üçün) tərbiyə etməkdir. Mənim sizin üzərinizdə olan haqqım isə bey’əti saxlamanız, gizlində və aşkarda ixlas və dostluğunuz, sizi çağırdığım an cavab verməniz və sizə əmr etdiklərimə itaət etmənizdir.