Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/42-ci xütbə

Vikimənbə saytından
41-ci xütbə Nəhcül-bəlağə. 42-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
43-cü xütbə


İmam Əli əleyhis-salamın (nəfsi istəklərə itaətin və hədsiz arzuların dalınca düşməyin məzəmmət olunduğu) xütbələrindəndir. Ey camaat! Sizin iki ən dəhşətli şeyə-birincisi nəfsi istəklərə itaətə, ikincisi isə saysız-hesabsız arzuların dalınca getməyə mübtəla olmağınızdan qorxuram. Nəfsi istəklərin ardınca getmək insanı haqq yoldan saxlayar, saysız-hesabsız arzular isə axirəti yadından çıxardar. Agah olun, dünya (öz əhlindən) sürətlə üz döndərər (onun əhli tezliklə fani olacaq və ya onda xoş güzəran keçirmək, ona ürək bağlamaq nəticəsiz qalacaq). Bir kimsənin (başıaşağı tutaraq) tökdüyü su qabının dibində qalandan (həmin qabda azacıq sudan başqa su qalmaz) başqa bir şeyi qalmadığı kimi ondan bir şey qalmaz. Bilin ki, axirət yaxındır və dünya ilə axirətin hər birinin (öz) övladları var. Elə isə siz axirət övladlarından olun (Allahın və Peyğəmbərin göstərişinə uyğun rəftar edin və bu müvəqqəti həyata ürək bağlamayın) və dünyanın övladlarından olmayın. Çünki tezliklə qiyamətdə hər övlad anasına qovuşacaq. (Deməli, dünyanın övladı odda, axirətin övladı isə Cənnətdə olacaq.) (Bilin) bu gün (fani ömrün günləri) əməl və iş günüdür, hesabı, sorğu-sualı yoxdur. Sabah (qiyamət) əməl və iş günü deyil, hesab və sorğu-sual günüdür. (Seyyid Rəzi buyurur.) Deyirəm: حَذّاء sözü sürət və tələskənlik mənasını verir. Bəziləri جذّاء - cim və zal hərfləri ilə nəql edərlər yəni, bu dünyaya ürək bağlamağın xeyir və faydası yoxdur.