Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/51-ci məktub

Vikimənbə saytından
Jump to navigation Jump to search
50-ci məktub Nəhcül-bəlağə. 51-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
52-ci məktub


İmam Əli əleyhis-salamın xərac toplayan məmurlarına olan məktublarındandır. (Həzrət bu məktubda xərac alanda camaatı incitməkdən və satılması ziyan olan şeyi satmağa məcbur etməkdən çəkindirir.) Bu məktub Allahın bəndəsi Əmirəl-möminin Əlidən xərac toplayanlaradır: Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: kim ona üz tutacaq şeydən (qiyamət gününün hesab-kitabından) qorxmasa özü üçün qabağa onu (əzab və cəzadan) qoruyacaq qoruyucu göndərməz. Bilin ki, sizin üzərinizə qoyulmuş iş yüngül, onun savabı isə çoxdur. Əgər Allahın qadağan etdiyi zülm və haqsızlıq kimi şeylərə görə bir cəza olmasaydı da, onlardan çəkinmək müqabilində olan savab, onu istəməməyə bir bəhanə yeri qoymur. Belə isə xalqla mülayim və insaflı davranın və onların istəklərinə səbr və dözümlə yanaşın. Çünki siz rəiyyətin xəzinədarlarısınız (və xərac almaq üçün bir dəstə ilə ünsiyyətdə olur, iş görürsünüz və yığdıqlarınızı digər bir dəstəyə ötürməlisiniz. Belə işlə məşğul olan adam səbrli və təmkinli olmalıdır). Həmçinin ümmətin vəkili, imam və başçıların nümayəndələrisiniz (ki, onlar sizin vasitəsinizlə rəiyyət barəsində göstəriş verirlər). Heç kəsi istəyi barəsində qəzəbləndirərək hacətindən çəkindirməyin. Camaatdan xərac alan zaman onların qış və yay paltarlarını, iş heyvanlarını və qullarını satmayın. (Əgər xəracı ödəməyə malı yoxdursa, ehtiyacları olan şeyləri onlardan almayın.) Qətiyyən heç kəsə bir dirhəmə görə qamçı vurmayın. Namaz qılanların və (cizyə verərək İslamın pənahında olan) peyman bağlamışların heç birinin mallarına – vasitəsi ilə müsəlmanlara zülm edilən at və silah tapmağınız istisna olmaqla – toxunmayın. Çünki müsəlmanın onları (at və silahı) İslam düşmənlərinin əlində qoyması və nəticədə onların onun müqabilində qüdrətə malik olmaları rəva deyil. Özünüzə öyüd-nəsihət verməyi, qoşuna yaxşılıq etməyi, rəiyyətə kömək göstərməyi və Allahın dinini gücləndirməyi tərk etməyin. Allah yolunda münasib, sizə vacib və lazım olan şeyi yerinə yetirin. Çünki nöqsan sifətlərdən pak və uzaq olan Allah bizdən və sizdən Onun ehsan və yaxşılıqları müqabilində Ona şükr etməyimizi və gücümüz çatan qədər Ona yardım etməyimizi istəyib, (hərçənd ki,) uca və böyük Allahın yardımı olmadan heç bir güc və qüdrət yoxdur.