Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/52-ci məktub

Vikimənbə saytından
51-ci məktub Nəhcül-bəlağə. 52-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
53-cü məktub


İmam Əli əleyhis-salamın şəhərlərin hakimlərinə namaz (onun vaxtı) barəsindəki məktublarındandır. Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: zöhr (günorta) namazını camaatla günorta (günəş göyün ortasından qərb istiqamətinə meyl edən zamandan) günəşin kölgəsi keçi ağılı (keçilərin yatdıqları yerin divarı) qədər qayıdan zamana kimi (hər bir şeyin kölgəsi onun özü miqdarında olana kimi) qılın. Həmçinin onlarla əsr (ikindi) namazını günün (sonunda deyil) bir hissəsində–(günəşin batmasına) iki ağac yol getmək mümkün olan qədər vaxt qalan zaman, günəş (solğun deyil) ağ və görünən olanda qılın. Oruc tutmuş şəxs iftar edəndə və hacılar (Ərafatdan) Minaya yola düşəndə, onlarla məğrib (axşam) namazını qılın. Onlarla, işa (xüftən) namazını isə qırmızılıq (qərbdən) çəkiləndən gecənin üçdə birinə kimi qılın. Şəxs öz dost və yoldaşının sifətini görüb seçə bildiyi zaman da onlarla sübh namazını qılın. Namazı onlarla onların ən zəifi kimi qılın (müstəhəb olan yerləri azaldın) və fitnə-fəsada səbəb olmayın.