Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/53-cü məktub

Vikimənbə saytından
52-ci məktub Nəhcül-bəlağə. 53-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
54-cü məktub


İmam Əli əleyhis-salamın (Malik ibn Haris) Əştər Nəxəiyə (Allah onu bağışlasın) onu Məhəmməd ibn Əbu Bəkrin hakimiyyəti alt-üst və qarmaqarışıq olan zaman Misirə və onun ətraf bölgələrinə vali təyin edəndə yazdığı əhd-peymanlardandır. Bu, yaxşılıq və xeyirxahlıqlar (başqalarına kömək etməyin hökmləri, rəiyyətin təşkilatçılığının sirləri, ölkə idarəçiliyinin qaydaları, qoşun çəkməyin yolları və hamıya öyüd-nəsihət) barəsində yazılaraq toplanmış ən uzun əhdnamədir. Ruzi verən və bağışlayan Allahın adı ilə

Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Malik ibn Haris Əştəri Misirə, oranın vergilərini yığmaq, düşmənləri ilə vuruşmaq, əhalisinin vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olmaq və şəhərini abadlaşdırmaq üçün vali təyin edən zaman onunla olan əhdindəki əmrləridir. Ona pərhizkarlıq edərək Allahdan qorxmağı, Onun hökmlərini üstün tutmağı və Öz kitabında (Qur’ani-Kərimdə) əmr etdiyi vacib və bəyənilmişlərə tabe olmağı əmr edir. Onlara (həmin vacib və bəyənilmiş şeylərə) əməl etmədən heç kəs xoşbəxt ola bilməz və hər bir kəs ancaq onlardan boyun qaçıraraq onları ayaq altına salmaqla bədbəxt olar. Həmçinin nöqsan sifətlərdən uzaq və pak olan Allaha (Onun dininə) qəlb, əl və diliylə yardım etməsini əmr edir. (Qəlbində iman və inamı olsun, əli ilə düşmənin qarşısını alsın, dili ilə isə yaxşı işlərə əmr edərək pis işlərdən çəkindirsin.) Çünki adı uca olan Allah Ona yardım edənə yardım etməyə, Ona (dininə) hörmət göstərənə izzət bəxş etməyə zəmanət verib. Ona əmr edir ki, şəhvət və istəklərin (tüğyan edən) zamanında öz nəfsini bassın və baş qaldıraraq itaətsizlik edən vaxt onun qarşısını alsın (ki, cilov onun əlinə düşməsin və çətinliklərə salmasın). Çünki Allahın rəhm etdiyi kimsə istisna olmaqla, nəfs hər bir kəsə pis işlər görməyi əmr edir. Ey Malik, sonra bil ki, mən səni səndən qabaq ədalətli və zalım hökmdarları olmuş şəhərlərə göndərirəm. Sən özündən qabaqkı hökmdarların işlərinə necə baxırsansa, xalq da sənin işlərinə həmin nəzərlərlə baxır. Sən onların barəsində nə deyirsənsə, camaat da sənin barəndə həmin şeyləri deyir. Allahın, bəndələrinin dillərində əzbər etdiyi (yaxşı və pis) sözlərdən, saleh və yaxşı əməl sahiblərini tanıyıb bilmək mümkündür. Buna görə də sənin ehtiyac günü üçün tədarük gördüyün şeylərin ən yaxşısı saleh əməl olmalıdır. Öz nəfsi istəklərinə hakim ol. (Onların cilovunu əlində saxla ki, səni çətinliklərə salmasın.) Halal və rəva olmayan şeyləri nəfsinə qıyma, simiclik et. Çünki nəfsə xoşladığı və ya xoşlamadığı şeydə simiclik etmək insaf və ədalətdir. Rəiyyətlə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Məbadə onlara qarşı yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olasan. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər ki, ayaqları sürüşür, pisliklərə səbəb olan amillər onlara üz tutur və bilərəkdən və ya səhvən (bilmədən) onların əllərinə düşür. Buna görə də (məsum olan imam və peyğəmbərlərdən başqa heç kəs səhv və xətadan amanda olmadığı üçün hansısa bir hadisə onları bilərəkdən və ya səhvən pis işlərə salanda, onları bağışlamamağın rəva deyil. Belə isə) Allahın güzəşt edərək səni bağışlamasını istədiyin kimi, sən də güzəşt edib günahlarından keçməklə onları əfv et. Çünki sən onlardan, səni valiliyə göndərən səndən, Allah isə bu hökuməti sənə tapşıran, işlərini yerinə yetirməyini istəyən və səni onlarla sınayandan üstündür. (Sən onlarla nə cür davransan, O da səninlə elə davranacaq.) Məbadə özünü Allahla mübarizəyə hazırlayasan (dinə qarşı çıxaraq xalqa zülm edəsən) ki, sən Onun qəzəbinə dözə bilməzsən və Onun bağışlamasına və mehribançılıqlarına möhtacsan. Heç vaxt əfv və güzəşt etməkdən peşman, cəzalandırmaqdan şad olma. Düçar olmamağını bacardığın qəzəbə tələsmə. (İtaətsizlik və qəlbiqaralıq üzündən) mən məmuram və (hər nə istəyirəmsə) əmr edirəm və gərək mənim əmrimi qəbul etsinlər, demə. Bu, qəlbin qaralması, dinin zəifləməsi və nemətlərin dəyişərək zavala uğramasına səbəb olar. Səltənət və hökumət sənə əzəmət və böyüklük və ya lovğalıq və özündənrazılıq gətirən zaman Allahın səndən üstün olan səltənətinə, həmçinin Onun sənə nisbətdə sənin özünün aciz olduğun şeyə qadir olmasına nəzər sal və bax ki, bu baxış (Onun böyüklüyü barəsində düşünmək və Allahı hər şeyə qalib bilmək) lovğalıq və itaətsizliyi yatırdar, dikbaşlığının qarşısını alar və səndən uzaqlaşmış ağıl və düşüncəni sənə qaytarar. (Bu iş barəsində fikirləşmək sənin özünə gələrək lovğalıq və özündənrazılığı özündən uzaqlaşdırmağına səbəb olar.) Özünü Allahla Onun əzəmətində bir tutmaqdan və qüdrətində özünü Ona bənzətməkdən çəkin. Çünki Allah hər bir itaətsiz lovğanı xar edərək alçaldır. Allahla insaflı davran. (Onun əmrlərinə əməl edərək qadağan etdiklərindən çəkin.) Özün, yaxın qohumların və sevdiyin hər bir rəiyyət tərəfindən xalq barəsində insafı əldən vermə. (Onlara nə özün zülm et və nə də yaxınlarının və dostlarının sənin adınla zülm etmələrinə imkan vermə.) Əgər belə etməsən zülmkar olarsan. Allahın bəndələrinə zülm edənlə, bəndələrin yerinə Allah düşmən olar. Allah, Onunla düşmən olanın dəlil və sübutunu puça çıxarar (üzrünü qəbul etməz). Həmin kəs (zülmdən) əl çəkərək tövbə edib (düz yola) qayıdana kimi Allahla müharibədə olar. Allahın nemətlərinin dəyişməsində (əldən çıxmasında) və Onun tez qəzəbə gətirilməsində (rəhmətindən uzaq düşülməsində Allahın bəndələrinə) zülm etməkdən təsirli bir şey yoxdur. Çünki Allah, məzlumların dualarını eşidən və zalımların pusqusunda dayanandır (onların intiqamını alacaq). Sənin üçün işlərin ən sevimlisi haqda orta yolu tutmaq, onu bərabərlik baxımından ümumiləşdirmək və rəiyyətin şad olmasına daha çox səbəb olan ədalətlilik olmalıdır. Çünki kütlənin qəzəbi bir neçə nəfərin razılığını məhv edir və kütlənin razılığı müqabilində bir neçə nəfərin qəzəbi əhəmiyyətsizdir. Rəiyyətin valiyə rifah və asayiş zamanı ən ağır yük olanı, çətinliklərdə ən az kömək edəni, ədalət və bərabərlik zamanı ən narazısı, istəklərdə ən çox israr edəni, bəxşiş veriləndə ən az şükr və minnətdarlıq edəni, rədd edəndə üzrü hamıdan gec qəbul edəni, dövranın çətinlikləri müqabilində səbr etməkdə ən zəifi xas təbəqədir. Dinin sütunu, müsəlmanların kütləvi birliyi və düşmənlər müqabilində (onların hücumlarının qarşısını almağa) hazır olan (tezliklə heç bir iş görməyə qadir olmayan bir neçə nəfər xas təbəqə deyil) xalqın ümumi hissəsidir. Buna görə də gərək onlarla birgə olasan və meyl və rəğbətin onlarla olsun. Rəiyyətin, özündən ən çox uzaqlaşdıraraq düşmən saymalı olduğun adamı camaatın eyblərini danışmaqda israr edəni olmalıdır. Çünki camaatın eyb və nöqsanları var və onları örtməyə ən layiq olan kəs, validir. Buna görə də camaatın sənə gizli olan eyblərini axtarma (arama) ki, sənin vəzifən sənə məlum olanları (onların eyb və nöqsanlarından bildiklərini) ört-basdır etməkdir. Səndən gizlin olan şeylər barəsində Allah hökm edəcək. Belə isə Allahın, sənin rəiyyətdən gizlətmək istədiyin eyblərini örtməsi üçün bacardıqca eyblərin (camaatın eyblərinin) üstünü ört. Camaatdan olan bütün kin düyünlərini aç. (Qəlbində onlardan kin saxlama.) Səni intiqam və cəzaya birləşdirən bütün telləri qır. Sənə görə düz olmayan hər bir şeydə özünü bilməməzliyə vur. Qeybətçi və söz gəzdirəni (onun dediklərini) təsdiqləmək və ona inanmaqda tələsmə. Çünki sözgəzdirən özünü öyüd verənlərin simasına salsa da xəyanətkar və hiyləgərdir. (Buna görə də onun dediklərini tez qəbul etmək sonrakı peşmançılığında heç bir fayda olmayan səhvə səbəb ola bilər.) Öz (işlərin barəsindəki) məsləhətləşmələrinə xəsis adamı daxil etmə ki, o, səni yaxşılıqdan və bəxşiş verməkdən saxlayar, yoxsulluq və kasıblıqla qorxudar; nə ürəksiz və qorxağı (daxil et) ki, o səni işlərdə (onlara girişməkdə) süstləşdirər; nə də həris adamı ki, o, (ehtiyac günü üçün mal toplamaq) hərisliyinin çoxluğundan (xalqa) zülm etməyi sənin nəzərində gözəlləşdirər. Beləliklə, xəsislik, qorxaqlıq və hərislik bir-birindən ayrı müxtəlif xislətlərdirlər ki, Allaha qarşı pis gümanda olmaq onları bir yerə toplayır! Sənin vəzirlərinin (məmləkətin işlərinə təyin edərək nəzər və fikirlərindən istifadə etdiyin kəslərin) ən pisi səndən qabaq şər və pis əməlli insanların vəziri olmuş və günahlarda (nalayiq işlərdə) onlarla şərik və ortaq olmuş vəzirdir. Buna görə də o, (belə bir adam) sənin yaxın və xüsusi adamlarından olmamalıdır. Çünki onlar günahkarların köməkçiləri və zalımların qardaşlarıdırlar (yoldaşlarıdırlar). Halbuki sən onların yerinə (ölkənin işlərində) onlar kimi gözəl düşüncə və yaxşı icraçılıq bacarığına malik olanlar arasından üzərində onların (pis və şər adamların hökumətində mürtəkib olduqları) günah və çirkin əməlləri olmayan, zalıma zülmündə və günahkara günahında yardım etməyərək əlbir olmamış ən yaxşı vəzir tapa bilərsən. Sənin onlara çəkdiyin xərc yüngül (-çünki onlar sənin verdiyin az neməti çox hesab edib müqabilndə təşəkkür və minnnətdarlıq edərlər), onların sənə etdikləri yardım daha gözəl, sənə mehribançılıq üzündən olan meyl və rəğbətləri daha çox və səndən başqası ilə dostluqları daha az olar. Buna görə də onları öz xəlvət (iş) və məclislərində yaxın və xüsusi adamlarından et. Gərək sənin yanında onların ən üstünü o vəzir olsun ki, sənə, acı olan həqiqəti çox söyləyir və səni, Allahın Öz dostları üçün bəyənmədiyi danışıq və davranışında az tərifləyir, hərçənd acı söz və sənin istək və arzularını az tərifləmək ürəyinin sıxılmasına səbəb ola bilər. (Onun acı danışıq və davranışının sənə ağır gəlməsindən və onun bu tərzdə davranmasından şad olmasan da deyilən kimi et.) Pərhizkar və doğruçulara qoşul (həmişə onlarla otur-dur) və onları səni çox tərifləməyə və puç və bihudə işlər görməməyinə (və deyilməsi münasib olmayan şeylərə) görə səni sevindirməməyə vadar et, öyrət (ki, sənin diqqətinin özünə cəlb olunmasına şərait yaratmış olsunlar). Çünki tərifləməkdə çox israr etmək insanı özündənrazı edərək itaətsizlik yaradır. Yaxşı iş görənlə pis iş görən kəs sənin yanında bir səviyyədə olmamalıdır. Çünki bu, yaxşı əməl sahiblərini yaxşılıq etməkdə həvəsdən salar, pis əməlliləri isə pislik etməyə məcbur edər. Onların hər birinə özlərinin seçdikləri şeylə əvəz ver (yaxşı əməl sahibini mükafatlandır, pislik edəni cəzalandır). Bil ki, valinin rəiyyətə yaxşılıq etməsindən, xərclərini yüngülləşdirməsindən və onlardan əsassız inciməməsindən yaxşı heç nə, onun onlara münasibətdə nikbinliyinə səbəb olmur. Buna görə də gərək bu barədə rəiyyətin barəsində nikbin olmağına səbəb olan işlər görəsən. Çünki nikbinlik səndən çoxlu çətinlikləri uzaqlaşdırar. Sənin ona qarşı nikbin olmağına ən layiqli kimsə, çox yaxşılıq edərək yaxşı sınadığın şəxsdir. Barəsində bədbin olmağına ən layiqli kimsə isə pis rəftar edərək az sınadığın şəxs olmalıdır. (Buna görə də onların yardımına ehtiyacın olanda, səndən pislik və sərtlik görmüş şəxsə deyil, ehsan və yaxşılıq etdiyin şəxsə etimad et.) Bu ümmətin başçı və böyüklərinin əməl etdikləri, (camaat arasında) ülfət və ünsiyyət yaranmasına səbəb olmuş və rəiyyəti (onun işlərini) sahmana salmış gözəl adət və qaydanı (məsləki) pozma. Keçmiş adətlərdən nəyəsə ziyan vuran ənənə və üsulları icra etmə. Çünki (əgər belə etsən, bil ki, xeyir əldə etməyəcəksən) savab və mükafat həmin (gözəl) adət və qaydaların kökünü qoyanın, günah isə həmin adətləri pozduğun üçün sənin olacaqdır. Sənin şəhərlərinin işlərini sahmana salan şeyləri möhkəmləndirmək və səndən qabaqkı insanların bərqərar etdiklərini bərpa etmək barəsində alimlərlə çoxlu müzakirələr və doğruçular, düz əməl sahibləri ilə danışıqlar apar (ki, nəticədə hökumətin həmişəlik qalsın və rəiyyətin işi layiqli tərzdə yerinə yetirilsin). Bil ki, rəiyyət (sənin fərmanın altında olanlar) bir neçə təbəqədən ibarətdir ki, bəziləri (bəzilərinin işləri) yalnız digər bəziləri ilə qaydaya, nizam-intizama düşür, bir dəstə, digər dəstəyə möhtacdır. Beləliklə, onların bəziləri (birincisi, Allahın düşmənlərinin qarşısını almağa hazır olan) Allah orduları, bəziləri (ikincisi) ümumi və xüsusi katiblər, digər bir qismi (üçüncüsü, şəriət hökmlərini xalq arasında ədalətlə icra edən) ədalətli qazılar, başqa bir hissəsi (dördüncüsü) insaflı və mülayim davranan işçilər (hökumət məmurları), bəziləri (beşincisi) himayədə olan cizyə verənlər (mal, can və namuslarının İslamın pənahında olması üçün vergi verən kafirlər) və xərac verən (Allahın haqqını ödəyən) müsəlmanlar, digər bir qismi (altıncısı) tacirlər və sənət sahibləri, başqa bir dəstəsi (yeddincisi isə) möhtac və miskinlərdən ibarət aşağı təbəqədir. Allah bu təbəqələrin hər birinin pay və səhmini zikr edib, onun vacibi ölçü və miqdarını Öz kitabında (Qur’ani-Kərimdə) və ya Peyğəmbərinin (səlləllahu əleyhi və alih) sünnəsində əhd və əmr formasında bəyan edib ki, onlar bizim yanımızda saxlanılaraq qorunub (həmin ölçü və öhdəçiliklər bizim əlimiz çatan yerdədir). Beləliklə, (bu dəstələrin xeyri budur ki,) əsgərlər Allahın əmri ilə rəiyyət üçün (onları düşmənlərin şərindən qoruyan) qala və istehkam (kimi), valilərin zinət və bəzəyi, dinin izzəti və əmin-amanlıq yollarıdırlar. Rəiyyətin bərqərar olması ancaq onların mövcudluğundan asılıdır. Əsgərlərin nizam-intizam və asayişi isə Allahın onlar üçün müəyyənləşdirdiyi xəracdan (vacib edilmiş haqdan) başqa heç nə ilə təmin olunmur. Onlar, onun vasitəsi ilə düşmənləri ilə vuruşmağa güc və qüdrət əldə edirlər və işlərini sahmana salmaqda ona arxalanırlar. O (xərac), onların (əsgərlərin) ehtiyacları olan zaman işlədilir. Bu iki dəstənin (əsgərlər və xərac ödəyənlərin) dayağı və asayişi isə ancaq üçüncü dəstədən asılıdır ki, o, bağlantılar (alış-veriş və evlənmə məsələləri) barəsində hökm çıxaran qazılar, vergi və xərac toplayan məmurlar, ümumi və xüsusi işlərdə etimad edilən (hesablama işlərini tənzimləyən) katiblərdən ibarətdir. Bütün bu dəstələrin rahatlıq və asayişi isə ancaq gəlir və xeyirlərini toplayıb bazarlar yaradan və özlərindən başqalarının səy və təlaşlarının qura bilmədiyi işləri quran tacir və sənət sahibləri vasitəsi ilə təmin olunur. Bu dəstələrdən sonra möhtac və yoxsullardan ibarət aşağı təbəqə gəlir və (varlılara,) onlara əl tutaraq kömək etmək vacib və lazımdır. Allah yanında bu təbəqələrin hər biri üçün (yoxsulluq və acizlik deyil) gen-bolluq, firavanlıq var. (Buna görə də əgər bəzilərini bəzilərinə möhtac edibsə bu, yoxsulluq və qüdrətin azlığından deyil, hikmət və məsləhətə əsaslanır.) Bu dəstələrin hər birinin, valinin boynunda, onun işini sahmana salmaq miqdarında haqqı var. Vali Allahın ona vacib etdiyi şeyin öhdəsindən ancaq səy və təlaş etmək, Allahdan yardım istəmək, özünü haqqın həyata keçirilməsinə hazırlamaq və çətin və asanlığından asılı olmayaraq hər bir işdə səbr etməklə gələ bilər. Buna görə də (işlərin icrasına) əsgərlərindən o adamı təyin et ki, Allah və Onun Peyğəmbəri (Onların razılığını əldə etmək) üçün, həmçinin imam və rəhbərin üçün (ona tabe olmaqda) daha çox öyüd qəbul edən, daha təmiz ürəkli (danışıq və davranışında düz), daha ağıllı və səbrli olsun. Həmin şəxs gec qəzəblənənlərdən, üzrü (günahkarın üzrünü) tez qəbul edənlərdən (rahatlığı qəzəblənərək üzrü qəbul etməməkdə görən qaba və kobud adamlar kimi olmayanlardan), əli altındakılara mehriban, güclü və qüvvətlilərə qarşı isə sərt olub baş əyməyənlərdən, sərtliyin yerindən qopartmadığı (sərtlik nəticəsində zülm etməyə enməyənlərdən) və yumşaqlığın (işlərin icrasında) yerində oturtmadığı (vəzifəsini yerinə yetirməkdən saxlamadığı) kimsələrdən olsun. Buna görə də şərəfli və nəcib ailələrdən olanlar, (xalqa xidmət və Yaradana tabe olmaqda) gözəl keçmişə malik kimsələrlə, həmçinin igidlər, şücaətlilər, səxavətlilər və comərdlərlə otur-dur. (Ordu və ölkə başçılarını belə adamlardan seç.) Çünki onlar böyüklük toplusu və yaxşılığın qol-budağıdırlar. Belə isə övladlarına can yandıran valideyn kimi onların işlərinə can yandır. Onlara olan və onları qadir edən yaxşılığın, sənə böyük (ağır) gəlməməlidir. Onların müqabilində götürdüyün yoldaşlıq öhdəçiliyini, hətta kiçik olsa da, yüngül saymamalısan (Onlara həmişə yaxşılıq et, istər az olsun, istərsə də çox. Buna görə də əgər onlara böyük yaxşılıq etmək fürsəti qarşıya çıxsa və sən onu etsən, etdiyin yaxşılığı böyük sanma. Həmçinin əgər kiçik bir yaxşılıq etsən onu kiçik sayıb tərk etmə və yerinə yetir.) Çünki yaxşılıq onları sənə xeyirxah və xoşbin edər (və nəticədə əmrlərini lazımınca yerinə yetirərlər). Onların böyük işlərini yerinə yetirməyə arxalanmaq və ümid bəsləməklə az əhəmiyyətli işlərdə onlara kömək etməyi, yardım göstərməyi tərk etmə. (Heç vaxt «mənim kimi böyük işlərdə onlarla birgə olan adam üçün xəstənin halını soruşmağın, yeni dünyaya gəlmiş uşağa görə təbrik deməyin və bu kimi şeylərin elə də əhəmiyyəti yoxdur» demə!) Çünki sənin kiçik yaxşılığının öz yeri var və onlar ondan bəhrələnirlər. Eləcə də böyük yaxşılığının da öz yeri var ki, onlar ona da möhtacdırlar. (Xülasə, kiçik yaxşılığı tərk etmə və onları böyük yaxşılığın intizarında qoyma ki, bu, inciklik və pərişanlığa səbəb olar.) Gərək qoşun başçılarının ən seçilmişi və üstünü qoşunla (mal və sərvət) yoldaşlığında bərabərlik edəni, insaflısı (malın artığında deyil əsli və mayasında özünü onlarla bərabər biləni-çünki artığından bağışlamağa bərabərlik deyilməz) və qoşunun düşmənlə döyüşdə yekdil olması (döyüş zamanı ailələrinin vəziyyətlərinin yaxşı olmamasının qəmini çəkməmələri) üçün öz imkanatından (qoşunun onun əlində olan ərzaqından) asayişdə olmaları miqdarında onlara və ailələrinə ehsan edən kimsə olsun. Çünki sənin onlara qarşı mehribançılığın və kömək etməyin onların qəlblərini sənə doğru yönəldəcək və onları sənə mehriban edəcək. Valiləri şad edən ən gözəl şey şəhərlərdə ədaləti bərqərar etmək və rəiyyətin arasında məhəbbəti üzə çıxarmaqdır. Onların məhəbbəti ancaq sinələrinin (qəzəb və kindən) salamat qalması ilə üzə çıxır. Onlar valilərin qorunmasını istəmələri, onların ətrafında olmaları, hakimiyyətlərini ağır saymamaları və onların (hökumət) müddətinin başa çatmasını gözləməməkdən başqa heç bir şeylə (sağlam sinə ilə) xeyirxah olmurlar. Buna görə də onların arzularını yerinə yetir. Onları yaxşı yad et və sınaqdan keçib əziyyət çəkənlərin çalışqanlıqlarını dilə gətir. Çünki onların yaxşı iş görənlərini yad etmək şücaət sahibini həyəcanlandıraraq hərəkətə gətirər və Allahın istəyi ilə oturanı (işdən qalanı) həvəsləndirər (yenidən işə başlamağa sövq edər). Buna görə də onların hər birinin zəhmət və işini onun özü üçün hesab et və birinin zəhmətini digərinə nisbət vermə (ki, zəhmətkeş, valinin ədalət və insafına bədbin olmasın və həmçinin başqaları da böyük işlərə girişsinlər). O, işini sona çatdıranda onu mükafatlandırmaqda səhlənkarlıq etməməlisən. Həmçinin kiminsə böyüklüyü səni onun kiçik zəhmət və işini böyük hesab etməyə, eləcə də birinin kiçikliyi onun böyük zəhmət və işini kiçik saymağa vadar etməməlidir. Aciz qaldığın çətin işləri, sənə şübhəli görünən (Allahın, onun barəsində olan hökmünü bilməkdə çaş-baş qaldığın) işləri Allaha (Onun kitabına) və Onun Peyğəmbərinə (onun sünnəsinə) həvalə et. Çünki nöqsan sifətlərdən pak və təmiz olan Allah (Qur’ani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) hidayət etmək istədiyi dəstəyə belə buyurub: «يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الْأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ» «Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (imam, rəhbər və Həzrət Peyğəmbərin haqq olan xəlifə və canişininə) itaət edin. Əgər bir iş barəsində mübahisə etsəniz (ixtilafa düçar olsanız) onu, Allaha və Peyğəmbərə həvalə edin (belə hallarda onlara müraciət edin, nəfsi istəklər üzündən hökm çıxarmayın ki, bu məhvə səbəb olar).» Deməli, Allaha müraciət etmək Onun kitabından «möhkəm» olanları (mənasında şübhə və tərəddüd olmayanları) götürmək, Peyğəmbərə müraciət isə onun təfriqə yaratmayan və birləşdirici olan sünnəsini (hökmlərini) götürməkdir. Beləliklə, xalq arasında qəzavət və hakimlik üçün rəiyyətin ən yaxşısını seç. Eləsini ki, işlər ona çətin gəlməsin (hər bir hökmün öhdəsindən gəlsin və aciz qalmasın), çəkişməyə düşmüş kəslər dava və qalmaqal barəsində öz nəzərlərini ona qəbul etdirə bilməsinlər, mütəmadi olaraq səhvə yol verməsin, haqqı dərk edəndə ona qayıtmaqda aciz qalmasın (özü öz səhvini başa düşəndə və ya başqası onu səhvindən xəbərdar edəndə inadkarlıq göstərərək öz səhvinə israr edən deyil, ondan qayıdan olsun), nəfsi tamah və hərisliyə meylli olmasın (-çünki tamahkar olsa düzgün hökm çıxara bilməz), lazımınca düşünmədən az anlayışla kifayətlənməsin (bəlkə gərək araşdırma aparsın və axıra kimi lazım olan şeyi əldə etsin), şübhəli məqamlarda dayanaraq hamıdan çox götür-qoy etsin (şübhəli işlərdə həqiqəti əldə etməyincə hökm çıxarmasın), dəlil və sübutları hamıdan çox öyrənib mənimsəsin, şikayətçilərin müraciətlərindən hamıdan az bezsin, işlərin aydınlaşdırılmasında (olan əziyyətlərə) hamıdan çox təmkinli və dözümlü olsun, hökm aydınlaşanda hamıdan qətiyyətli olsun (məsələnin həqiqətini dərk edən kimi tez onun hökmünü çıxarsın və hökmü gecikdirməsin və mübahisə edən tərəflərin məəttəl qalmalarına səbəb olmasın), çox tərifləmək onu xudbinliyə düçar etməsin və məcburiyyət və kələk onu (iki tərəfdən birinə) meylli etməsin. Bu sifətlərlə zinətlənmiş hakimlər az ələ düşürlər. (Onları tapmaq üçün çox çalışmaq lazımdır.) Bundan sonra onun çıxardığı hökmlərdən ətraflı xəbər tut, yoxla. (Məbada o, sonra düzəldə bilmədiyin səhvə yol vermiş olsun.) Ona o qədər bəxşiş et və yaşayışını elə gen-bol təmin et ki, üzr və bəhanə gətirməsinə yer qoymasın və həmin bəxşiş səbəbindən xalqa ehtiyacı az olsun (və rüşvət almağa heç bir bəhanəsi qalmasın, işlərində düzgün və doğru hökm çıxarsın). Öz yanında ona elə bir məqam və böyüklük ver ki, yaxınlarından başqa birisi onun (aradan götürülməsi) tamahına düşməsin və o, sənin yanında camaatın gözlənilmədən onu puç etməsindən qorxusuz və xatircəm olsun. Beləliklə, qazıları seçmək və onlar üçün saydığım sifətlər barəsində hərtərəfli fikirləş. Çünki bu din şər və pis əməlli adamların əlində əsir olub, onunla nəfsi istəklər əsasında davranılıb və onun vasitəsi ilə dünya istənilib. Sonra məmur və icraçılarının işlərinə nəzər sal, diqqət et. Onları sınaqdan keçirdikdən sonra işə təyin et. (Onların dindarlıq, düzlük və doğruluğunu sınamıyınca bir işə təyin etmə.) Onları öz istəyinlə, onlara kömək məqsədi ilə və özbaşına (məsləhətləşmədən) bir işə göndərmə. Çünki kimisə öz istəyinlə və özbaşına hər hansı bir işə təyin etmək (rəiyyətə) zülm və xəyanət budaqları toplumudur. Onları sınanılmışlardan, nəcib və ləyaqətli ailələrdən olan həyalılardan və İslamda öncül olanlardan istə (təyin et). Çünki onlar gözəl əxlaq və xasiyyətə, düzgün namus və şərəfə (özlərinə ar və bədnamlıq rəva bilməzlər), az tamaha və işlərin sonunu görməkdə düzgün fikrə (uzaqgörənliyə) malikdirlər. Sonra onların ərzaq paylarını gen-bol ver. Çünki bu iş onlara özlərini islah etməkdə (xasiyyətlərini yaxşılaşdırmaqda) qüvvət verir və əllərində olanları (müsəlmanların mallarını) yeməyə ehtiyac duymurlar. Həmçinin əgər əmrinə tabe olmasalar və ya əmanətinə xəyanət etsələr, bu, sənin onlara qarşı dəlil və sübutundur. Sonra onların işlərini təftiş et, yoxla. Onlara doğruçu və vəfalı müfəttişlər göndər. Çünki sənin onların işlərini gizlin şəkildə yoxlamağın onların düz və rəiyyətlə yumşaq və mülayim davranmağa məcbur olmalarına səbəb olar. (Əgər vali onların işlərinə nəzarət etməsə, onlar ədalət və insaf çərçivəsindən kənara çıxar və xalqa zülm edərlər). Özünü (xəyanətkar) yardımçı və köməkçilərdən qoru. Əgər onlardan biri xəyanət və nadürüstlük etsə və müfəttişlərinin onun xəyanəti barəsindəki xəbərləri bir-biri ilə üst-üstə düşsə, həmin xəbərlərlə kifayətlən. Buna görə də gərək ona bədən cəzası verəsən və onu əməlinə görə tənbih edəsən. Sonra onu dəyərsiz və xar et, ona xəyanət damğası vur və töhmət və bədnamlıq arını (boyunduruq kimi) boynundan as (ki, nadürüst insanlar üçün ibrət olsun). Vergi işində vergi verənlərin xeyrinə araşdırma apar. Çünki verginin və vergi verənlərin xeyrində başqalarının dinclik və rahatlığı var. Başqalarının dinclik və rahatlığı ancaq vergi verənlərin vasitəsi ilə təmin olur. Çünki camaatın hamısı verginin və vergi verənlərin çörəkyeyənləridir. (Buna görə də əgər vergi və vergi verənlərin işləri düz olsa camaat rahatlıq və asayişdə olar. Amma bu məsələyə etina etməsən hamı çətinliyə düşər.) Sən vergi almaqdan çox (vergi alınan) yerlərin abadlığına diqqət yetirməlisən. Çünki vergi ancaq abadlıqla əldə edilir. Abadlıq yaratmadan vergi tələb edən kəs şəhərlərinin viranlığına və bəndələrin məhvinə başlayıb və onun işi ancaq qısa müddət davam edər. Buna görə də əgər vergi verənlər (müəyyənləşdirilmiş verginin) ağırlığından, (məhsula dəymiş) xəstəlik və bəladan, su payının kəsilməsindən (kəhrizlərinin tutulmasından və ya hovuzu və çayın bəndini selin aparmasından və bu kimi şeylərdən), yağış yağmaması və şeh düşməməsindən, suyun (sel və bu kimi şeylərin) örtdüyü yerin dəyişməsindən və ya susuzluğun (əkinləri) məhv etməsindən şikayətlənsələr onların vergilərini işlərinin düzələrək yaxşılaşacağına ümid bəslədiyin qədər yüngülləşdir. Onların yüklərini yüngülləşdirmək sənə ağır gəlməməlidir. Çünki onlara etdiyin bu güzəşt bir ehtiyatdır ki, onu şəhərlərin abadlığı və hökumətinin zinətləndirilməsi ilə sənə qaytaracaqlar. Həmçinin onların nikbinlik və təriflərini özünə cəlb edəcəksən və aralarında haqq-ədaləti bərqərar etməyindən şad və məmnun olacaqsan. Eyni zamanda onların yanında tədarük gördüyün şeylərlə - onlar üçün yaratdığın asayişlə, öz ədalətinlə qazandığın inamları ilə və etdiyin mülayimliklərlə güclərinin artmasına arxalanacaqsan. Beləliklə, qarşıya elə hadisə çıxa bilər ki, etdiyin yaxşılıqdan sonra onu onlara tapşırarsan və onlar onu sevinclə yerinə yetirərlər. Çünki abad məmləkətə hər nə yükləsən çəkə bilər (və bu, rəiyyətin vəziyyətinin yaxşılığı və onların öz hakimlərinə inam və etimadları nəticəsində mümkündür). Yer həmişə, əhalisinin yoxsulluğu üzündən viran olur. Rəiyyətin yoxsul və pərişan olmasının səbəbi isə hökmdarların ancaq (mal-sərvət) toplamaq fikrində olmaları, (hökumət və başçılıqda) qalmağa bədbinlikləri və hadisələr, ibrətlər və dövranın gedişi barəsindəki düşüncələrdən az bəhrələnmələridir. Ondan sonra katiblərinin vəziyyətinə nəzər sal və onların (davranış və danışığı düz olanının) ən yaxşısını işə təyin et. (Düşmənin qarşısını almaq və dövlətçilik barəsindəki) plan və sirlərini açıqladığın məktubları elə adama həvalə et ki, (dindarlıq, əmanətə sadiqlik, xeyirxahlıq, təmizlik və bu kimi) bütün bəyənilmiş xüsusiyyətlərdə digər katiblərdən zəngin olsun. Elə bir adamı ki, məqam və böyüklük onu, camaatın və böyüklərin hüzurunda sənə qarşı çıxmaqdan çəkinməmək həddinə qədər cürətləndirməsin, qafillik və unutqanlıq məmurlarının məktublarının sənə çatdırılmasında və onlara sənin tərəfindən gözəl cavab verilməsində, eləcə də sənin üçün aldığı və sənin tərəfindən bağışladığı şeylərdə səhlənkarlıq etməsinə səbəb olmasın, sənin xeyrinə olan müqaviləni süst bağlamasın (onu möhkəm və tutarlı yazsın), sənin zərərinə bağlanmış müqavilənin düyününü açmaqda aciz olmasın və işlərdə öz yerini və qədir-qiymətini bilsin. Çünki öz məqam və işini bilməyən kəs başqasının yerini və işini heç bilməz. (Deməli, dövlət və hakimin xüsusi katibi öz rütbə və qədrini bilməlidir ki, hər bir kəsin məqam və işinə də bələd olsun.) Bir də onları öz ayıq-sayıqlığın, inamın və nikbinliyinə əsaslanaraq (işə) təyin etməməlisən. Çünki insanlar (işçi və məmurlar) vali və hökmdarların ürəklərini ələ almaq üçün özlərini bəzədilmiş və yaxşı xidmət edən kimi tanıtdırırlar. (Özlərindən əmanətə sadiqlik, nəfs paklığı və xeyirxahlıq biruzə verir və validən eyb və pisliklərini gizlədirlər ki, onu aldadaraq inam və nikbinliyini qazansınlar və divan işlərinə keçsinlər.) Halbuki (onlarda) özlərindən biruzə verdikləri və özlərini bəzədikləri şeylərin arxasında xeyirxahlıq və əmanətə sədaqətdən əsər-əlamət yoxdur. Lakin onları səndən qabaqkı yaxşılar üçün gördükləri işlərdə sına. Sonra onların xalq arasında tanınmışlarının ən yaxşılarını və əmanətdə məşhur və adı dillərdə olanların ən düzünü seç. Sənin bu sınağın Allaha və işləri sənə tapşıran kəsə (İmam əleyhis-salama) tabe olmağına bir dəlildir. İşlərinin hər biri üçün katiblərindən bir rəis və müdir təyin et ki, işlərin böyüklüyü onu məğlub və aciz, çoxluğu pərişan etməsin. Əgər katiblərində bir eyb və nöqsan olsa və sənin ondan xəbərin olmasa, həmin pisliyə görə səndən də yapışarlar. (Onun məsuliyyəti səninlədir.) Sonra tacirlər və sənət sahibləri barəsindəki tapşırıqları qəbul et və (öz məmurlarına) onlara yaxşılıq etməyi tapşır (ki, onların mal və sərvətinə tamah salıb bəhanə gətirərək onları incitməsinlər və həvəsdən salmasınlar), istər onların (bir şəhərdə alıb-satanı və ya şəriki başqa yerdən göndərən və o, şəhərdə qalıb satan) məskunlaşaraq oturaq salanı olsun, istər öz mal və sərvəti ilə get-gəl edəni, istərsə də öz bədəni (fiziki əməyi) ilə fayda verənlər (öz əl-qolları ilə xalqın ehtiyacı olan şeyləri hazırlayan sənətkarlar)! Çünki onlar mənfəət amili və mənbəyidirlər və malı sənin hakimiyyətinin əhatə dairəsində olan səhra, dəniz, düzənlik və dağlıqların çətin yollar və uzaq nöqtələrindən - camaatın toplaşmadığı və getməyə cürət etmədiyi yerlərdən gətirənlərdir. Beləliklə, tacirlər sərtlik qorxusu olmayan asudəlik, həmçinin şər və pislik gözlənilməyən sülh və barışıq adamlarıdır. Özün olan yerdə və şəhərlərinin kənar-bucağında onların işlərini yoxla. (Uzaq və yaxın yerlərdən onların rahatlığını istə ki, onlara bir zülm və sitəm olmasın.) Onlar barəsində olan bütün tapşırıqlarla bərabər bil ki, onların çoxunda hədsiz hərislik, çirkin və xoşagəlməz xəsislik, baha satmaq üçün möhtəkirlik (malları yığıb saxlamaq) və istədiyi kimi qiymət qoymaq (xisləti) var. Onların bu işləri xalqa ziyan dəyməsinə səbəb olur və bu, valilərə nöqsandır. Buna görə də möhtəkirliyin qarşısını al. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onu qadağan edib. (Möhtəkirliyin qayda-qanununları və onunla bağlı məsələlər fiqh kitablarında açıqlanıb.) Alış-veriş gərək asan, əyər-əskiyi olmayan tərəzilərlə elə qiymətə aparılsın ki, satana və alana zülm və haqsızlıq olmasın. Beləliklə, sənin qadağa qoymağından sonra möhtəkirlik edəni cəzalandır, elə cəzalandır ki, onun rüsvay olmasına (və başqalarının ibrət götürmələrinə) səbəb olsun. Amma həddini keçməsin. Sonra çarəsiz, aciz, yoxsul və möhtaclardan, eləcə də çətinlik, xəstəlik və zəifliyə düçar olmuşlardan ibarət aşağı təbəqə barəsində Allahdan qorx, Allahdan qorx! Çünki bu təbəqə içərisində həm həqirlik və biçarəliyini üzə çıxarıb istəyənlər, həm də bəxşişə möhtac olmasına baxmayaraq, (nəfsi pak olduğu üçün) onu zahirdə bildirməyənlər var. Allahın razılığını qazanmaq üçün Onun Öz haqqından, onlar barəsində sənə əmr etdiyini yerinə yetir və əlində olan beytülmalın bir hissəsini, eləcə də hər bir şəhərdə İslamın qənimət (yolu ilə) aldığı yerlərin taxıl və məhsulunun bir qismini onlara ayır. Çünki onların ən uzaqda olanı ən yaxında olan qədər pay və bəhrəyə malikdir. Səndən onların hər birinin hüquqlarına riayət etmək istənilib. Buna görə də şadlıq itaətsizliyi və naz-nemətə qərq olmaq səni onların halını bilməkdən saxlamasın. Çünki sən, barəsində səy və diqqətin çox olan böyük işləri möhkəmləndirməyin üçün kiçik işləri əldən çıxartmağa görə üzrlü sayılmırsan. Buna görə də səyini onlardan (işlərini düzəltməkdən) əsirgəmə və itaətsizlik səbəbindən onlardan üz döndərmə. Onların (yoxsul və zəiflərin) - gözlərin (camaatın) xar və həqirliklə baxdığı, xalqın kiçik saydığı kimsələrin - sənə əli çatmayanlarının işləri ilə maraqlan, araşdır. Beləliklə, onlar (onların vəziyyətləri ilə maraqlanaraq araşdırma aparmaq) üçün özünün (Allahdan) qorxan və təvazökar olan inanılmış nümayəndəni təyin et ki, onların işlərini sənə çatdırsın. Sonra onların barəsində elə işlər gör ki, (qiyamətdə) Allaha qovuşacağın (Onun hesab və araşdırma aparacağı) gün üzrünü qəbul etsinlər. Çünki onlar rəiyyət arasında ədalət və insafa başqalarından daha çox möhtacdırlar. (Ona görə ki, onlar öz haqq və hüquqlarını qorumaq qüdrətinə malik deyildirlər.) Beləliklə, onların hər birinin haqqını əda etməkdə Allah yanında dəlil və sübuta malik ol (ki, heç bir məsuliyyət daşımayasan). (Az yaşlı) yetimləri və çarəsiz və (zəiflik ucbatından) özlərini xahişə hazırlamamış yaşlı qocaları öhdənə götür. Dediklərimiz (və sənin üçün proqram kimi müəyyənləşdirdiyimiz şeylərə əməl etmək) valilərə ağır və çətindir. (Ümumiyyətlə) haqqın hamısı ağırdır. Bəzən Allah onu gözəl mükafat və nicat axtaranlara, özlərini səbrə vadar edənlərə və Allahın vəd etdiyinin (əbədi Cənnətin) düzlüyünə inananlara yüngülləşdirər (sonra onlar onu asanlıqla icra edərlər). Vaxtının bir hissəsini sənə ehtiyacı olanlara ayır və həmin vaxt özünü onlar üçün (onların istəkləri ilə məşğul olmağa) hazırlayaraq ümumi məclisdə otur (ki, zəif və biçarələrin sənə əlləri çatsın). Beləliklə, səni yaradan Allaha (Onun razılığını əldə etməyə) görə (onlarla) təvazökar ol. Öz gözətçi və qarovulçularından olan əsgər və qapıçılarını (onlara mane olmaqdan) saxla ki, onların nümayəndələri kəkələmədən, qorxub çəkinmədən danışsın (ehtiyacını istəsin). Çünki mən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəfələrlə belə buyurduğunu eşitmişəm ki: «Heç bir ümmət, zəifin haqqı güclüdən kəkələmədən, qorxub çəkinmədən alınmayınca paklaşmaz, ülviləşməz». Sonra onların sərtlik, kobudluq və söhbət qaydalarını bilməmələrinə döz və üzə vurma. Tündlüyü (pis xasiyyətliliyi) və özünü bəyənməyi (onlarla oturub durmaq və danışmağı özünə sığışdırmamağı) özündən uzaqlaşdır ki, Allah rəhmət qapılarını sənin üzünə açsın və itaət və tabeçilik mükafatını sənə əta etsin. (Onlardan birinə bir şey vermək istəyəndə) bağışladığın şeyi xoş üzlə bağışla (ki, o, istəyənin də ürəyinə yatsın). Həmçinin (əgər onun istəyini yerinə yetirməyə gücün çatmasa və ya onu yerinə yetirməyi məsləhət bilməsən, əsirgədiyin şeyi) mehribançılıq və üzrxahlıqla əsirgə (ki, o, səndən inciməsin və qəlbində sənə qarşı kin saxlamasın). İşlərinin içərisində bəziləri də var ki, onları gərək sən özün yerinə yetirəsən. Onlardan biri məmurlarına (onların mətləblərinə) katiblər aciz qalanda (özlərindən cavab verə bilməyəndə) cavab verməkdir. (Həmin işlə əgər vali şəxsən məşğul olmasa katib və məmurlarının məəttəlçiliklərinə səbəb olar.) O işlərdən (digər) biri camaatın, (çoxluğuna görə) köməkçilərinin (məmurlarının) darıxmasına səbəb olan istəklərini sənə çatan gün yerinə yetirməyindir (onlara cavab verməyindir. Məmurlar öz rahatlıqları üçün həmin işləri dala atmaq istədikdə onlara sən özün baxmalı və onları təxirə düşməyə qoymamalısan). Hər günün işini həmin gün gör. Çünki hər günün özünə məxsus işi var. Vaxtın ən gözəl və fəzilətlisini özünlə Allah arasında olan şeylər (ibadət və bəndəlik) üçün müəyyənləşdir, ayır. (Məsələn, namazı bütün işləri yerinə yetirib qurtardıqdan sonra yorğun və həvəssiz deyil, ilk vaxtda, qıvraq və enerjili vaxtında qıl.) Hərçənd ki, əgər onda niyyət və məqsəd pak və rəiyyət ondan asayişdə olsa (xalqın işinə həsr etdiyin) vaxtların hamısı Allaha məxsusdur. Ancaq və ancaq Allaha görə olan vacib əməllərin yerinə yetirilməsi, gərək dinini Allah üçün xalisləşdirdiyin xüsusi vaxtda olsun. (Vaxtın ən yaxşısını ibadətə həsr etmək lazım olduğu kimi, ibadət vaxtlarının ən yaxşısını da vacib ibadətlərin yerinə yetirilməsində sərf etmək lazımdır.) Beləliklə, gecə və gündüzündə (onların bir hissəsində) bədənini Allahın ixtiyarında qoy (Ona ibadət et). Vasitəsi ilə Allaha yaxınlaşdığın şeyə (vacib əmələ) vəfalı ol. Çalış ki, (soyuq havada dəstəmaz almaq və isti havada oruc tutmaq kimi şeylər) bədənini əzginləşdirsə də, onları kamil şəkildə, eyb və nöqsansız (riyasız, özünü göstərmək və başqalarının diqqətini cəlb etmək məqsədi olmadan) yerinə yetirəsən. Namazını camaatla qılanda (camaat namazında, onu uzadaraq) xalqı özündən uzaq və incik, namazı isə (vacib yerlərini tərk etməklə) zay və xarab etmə. Çünki camaat içərisində əlil, xəstə, möhtac və işi olan var (ki, əlil və xəstənin namazı uzatmaq taqəti və gücü, işi olanın isə vaxtı yoxdur). Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) məni Yəmənə göndərəndə soruşdum ki, onlarla necə namaz qılım? Buyurdu: «Onlarla ən zəif və acizləri kimi namaz qıl və möminlərə qarşı mehriban ol!» Bu göstərişlərdən sonra məbada özünü rəiyyətin gözündən çox gizlədəsən. Çünki valilərin rəiyyətə görünməməsi sıxıntı (qanısoyuqluq), az elmlilik və işlərdən xəbərdar olmamağın bir hissəsidir. Həmçinin valilərin rəiyyətə görünməməsi (ölkə və rəiyyətin vəziyyəti barəsində) onlara gizli olan şeylər haqqındakı məlumatları örtülü saxlayır. Beləliklə, (belə olan halda, bəzən) valinin yanında böyük iş kiçik, kiçik iş isə böyük, gözəllik çirkinlik, çirkinlik isə gözəllik görünər və haqq və düzlük batil və nadürüstlüyə qarışar. Vali də adi bir insandır ki, xalqın ondan gizlədilən işlərindən xəbərdar ola bilmir. Haqqın da elə bir əlamətləri yoxdur ki, onların vasitəsi ilə düzlə yalanın növləri tanınsın. Sən iki adamdan birisən: Biri budur ki, haqq və düzlüyü əda etməkdə səxavətli və əliaçıqsan. Belə olan halda, vacib haqqı əda etməyin və ya gözəl iş görməyin üçün üzə çıxmamağının səbəbi nədir? Yaxud da sən bərk və bəxşiş etməyən bir adamsan. Belə olan halda, (yenə də görünməməyə bir dəlil yoxdur, çünki) tezliklə xalq səndən bir şey istəməkdən əl çəkər. Çünki sənin bəxşişindən naümid olar. Halbuki xalqın səndən istəklərinin çoxu xərc və zəhməti olmayan - (onlara edilmiş) zülmdən şikayətlənmək (və onun qarşısının alınmasını səndən istəmələri), yaxud davranış və rəftarlarda insaflı və ədalətli olmağı istəmək kimi şeylərdir. Sonra (bil), valilərin bəzi yaxınları və qohumları var ki, özbaşınalıq, itaətsizlik, (xalqın malına) əliuzunluq və insafsızlığa adət ediblər (və rəiyyəti çətinlik və əziyyətə salırlar). Həmin sifətlərə səbəb olan amilləri kəsib uzaqlaşdırmaqla onların (şərlərinin) kök və əsaslarını qurut. (Ədalətli ol və ölkənin daxili vəziyyətindən xəbər bil ki, onlar sənin ədalətsizlik və xəbərsizliyindən özbaşınalıq, əliuzunluq və insafsızlıqlarına vasitə kimi istifadə edib rəiyyəti incitməsinlər.) Ətrafında olanlardan, əhli-beytin və qohumlarından heç kəsə torpaq vermə. Gərək heç kəs səndən tarla və əkinəcək alıb onun qonşuluğundakı camaata su mənbəyində ziyan vurmaq, yaxud müştərək görülməli işdə şərikli işin çətinlik və ağırlığını qonşulara yükləmək tamahına düşməsin. Belə olan halda, onun xeyir və mənfəəti sənin deyil, onların olacaq. Onun dünya və axirət eyb və məzəmməti isə sənə qalacaqdır. Haqq layiqli və bəyənilən olduğu üçün yaxından və uzaqdan (qohum və yaddan) olmasından asılı olmayaraq onu icra et. Bu işdə səbrli və (Allahdan) əvəz istəyən ol, hətta haqqı icra etmək nəticəsində qohum və yaxınlarına hər nə olsa belə! (Məsələn haqqı icra etmək üçün qohumlarından birindən qisas almaq lazım gəlsə də, et bunu.) Sənə olan ağırlıqla (və yaxınlarına olan çətinliklə), haqqın sonuna bax ki, (onun sonu) bəyənilən və bərəkətlidir. Əgər rəiyyət sənin barəndə zalımlıq gümanında olsa, üzr və dəlilini onlara açıqla və bu açıqlama ilə onların gümanlarını özündən uzaqlaşdır. Çünki sən bu işlə özünü (ədalət və insafa) öyrəşdirərək adət verər və rəiyyətə mehribançılıq göstərmiş olarsan. Həmçinin bu üzr gətirməklə sən onları haqqa vadar etmək barəsindəki istəyinə çatmış olarsan. (Onların sənin barəndə pis gümanda olmaları və səni məzəmmət etmələrindən qurtulmaq istəyirsənsə öz üzrünü açıqla ki, səhvdən çıxaraq sənin məhəbbətini qəlblərinə salsınlar.) Düşməninin səni çağırdığı və Allahın da razılığı olan sülh və barışıqdan boyun qaçırma. Çünki barışıqda ordunun rahatlığı, qəm-kədərin asayişi və şəhərlər (onların əhalisi) üçün əmin-amanlıq vardır. Amma barışıqdan sonra düşmənindən çəkin və qorx. Çünki çox vaxt düşmən, özünü yaxınlaşdırır ki, (tərəf müqabilini) qəfildən haqlasın (sonra onun işini bitirsin, yaxud da onu çətinliyə salsın). Buna görə də ehtiyatlı olmağa və işi möhkəm görməyə adət et və tez, nikbinlik və yaxşı güman yükünün altına girmə. Əgər düşməninlə bir əhd bağlasan və öz tərəfindən ona aman (paltarı) geyindirsən (pənah versən), əhdinə vəfa et və verdiyin pənah və sığınacağa riayət et, özünü bağladığın əhd-peymana sipər et. Çünki insanlar, ziddiyyətli istəklərə və fikir ayrılığına malik olmalarına baxmayaraq, Allahın vacib buyurduqları içərisində əhdə vəfa etməyi uca tutmaq kimi heç nə barəsində yekdil deyildirlər. Müşriklər də müsəlmanlardan qabaq öz aralarında əhdə vəfa etməyi zəruri bilirdilər. Çünki əhdi pozmağın xoşagəlməz və pis nəticələrini başa düşmüşdülər (dadmışdılar. Belə isə müsəlmanlar onu yerinə yetirməyə daha layiqdirlər). Buna görə də öz verdiyin amana xəyanət edib əhdini pozma və düşmənini aldatma. Çünki (əhdi pozmaq Allaha qarşı çıxmaq və cürət etməkdir və) bədbəxt nadandan başqa heç kəs Allaha qarşı çıxmaz, cürət etməz. Allahın əhdi Onun rəhmət və mehribanlıqla bəndələri arasında yaydığı əmin-amanlıq və rahatlıqdır. (Onlara hərc-mərclik, qətl və fəsaddan qurtulmaları üçün əhdlərinə riayət etmələrini əmr edib.) Onu sığınacaq edib ki, möhkəmliyi ilə yaşayaraq ona pənah aparsınlar. Buna görə də onu pozmaq və onda hiylə işlətmək rəva deyil. Elə bir əhd-peyman bağlama ki, onda başqa yerə yozmaq, bəhanə gətirmək və hiylə və kələk işlətmək yolu olsun. Əhd-peymanı bərqərar edib möhkəmləndirdikdən sonra ikibaşlı söz işlətmə. Barəsində Allahın əhdinə (başqası ilə bağladığın peymana) riayət etməli olduğun işin çətinliyi səni, onu nahaq yerə pozmağa vadar etməsin. Çünki sənin, mükafatında asayiş və artım olmasına ümidvar olduğun çətin işə səbr etməyin, dünya və axirətdə əfv və bağışlanmasını istəmək yolu olmayan və bunu edə bilməyəcəyin hiylə və kələyin günah və cəzasından və Allah tərəfindən sorğu-suala tutulmağından qorxmaqdan daha yaxşıdır. (Başqası ilə bağlanmış peymana riayət edilməsinə təkid etmək və onu pozmaqdan qorxutmaq üçün İmam əleyhis-salam onu Allahın peymanı adlandırıb.) Qanlardan (adam öldürməkdən) və onu nahaq yerə tökməkdən qorx. Çünki nahaq qan tökmək kimi heç nə əzab və cəzanın çoxluğuna, sorğu-sualın böyüklüyünə, nemətin əldən çıxmasına layiq olmağa və ömrün sona çatmasına səbəb olmur. Nöqsan sifətlərdən pak olan Allahın, qiyamət günü, barəsində bəndələr arasında hökm edəcəyi ilk şey tökülmüş qanlar olacaqdır. Buna görə də hökumətini haram qan tökməklə (dinin hökmlərinin əksinə adam öldürməklə) möhkəmləndirərək bərqərar etmək istəmə. Çünki haram qan tökmək hökuməti zəiflədərək süstləşdirən, hətta onu aradan aparan və (bir sülalədən digər sülaləyə) keçirən işlərdəndir. Sən qəsdən adam Öldürmək barəsində nə Allahın və nə də mənim yanımda üzrlü hesab edilməzsən. Çünki həmin təqdirdə (sözsüz-söhbətsiz) bədən qisası almaq (başqasını öldürdüyün kimi öldürmək) lazım gəlir. Əgər xəta və səhv üzündən başqasını öldürsən, qamçın və ya qılıncın işkəncə verməkdə həddini aşsa (hadisə, qəsd olmadan qətl ilə nəticələnsə) – deməli, yumruq vurmaq və ondan yuxarısı da öldürməkdir (bəzən ölümə səbəb olur) - hökumət qürurun səni, öldürülmüş şəxsin sahib və qohumlarına onun qanbahasını ödəməkdən saxlamamalıdır. (Tam təvazökarlıqla gərək onun qanbahasını ödəyəsən.) Özünü bəyənməkdən, səni məğrurluğa sövq edən şeylərə arxalanmaqdan və camaatın səni çox tərifləmələrini sevməkdən çəkin. Çünki bu hal şeytanın yaxşı əməl sahiblərinin yaxşılıqlarını aradan aparması üçün ən mühüm fürsətlərindəndir. (Şeytan həmişə belə fürsətin ələ düşməsini gözləyir. O, insanı məğrurluğa və tərifi sevməyə sövq edir ki, gördüyü yaxşı iş təsirsiz olsun.) Rəiyyətə, etdiyin yaxşılığa görə minnət qoymaqdan, gördüyün işi olduğundan artıq saymaq və ya ona verdiyin vədə vəfa etməməkdən çəkin. Çünki minnət qoymaq yaxşılığı nəticəsiz edir. İşi olduğundan artıq güman etmək (bir növ məğrurluq, zülm və yalandır və ) haqqın nurunu söndürür (yaxşılıq və düzlüyü savabsızlaşdırır). Vədə vəfa etməmək də Allahın və xalqın qəzəbinə səbəb olur. Allah-təala (Səff surəsinin 3-cü ayəsində) buyurub: «كَبُرَ مَقْتًا عِندَ اللَّهِ أَن تَقُولُوا مَا لَا تَفْعَلُونَ» «Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar.» Vaxtı çatmamış işlərdə tələsməkdən, çatılan zaman onların arxasınca düşüb bərk çalışmaqdan, kələfin ucu məlum olmayan zaman inadkarlıq göstərməkdən, yaxud ələ düşəndə onlarda süstlük göstərməkdən çəkin. Beləliklə, hər bir şeyi öz yerinə qoy və hər bir işi öz vaxtında yerinə yetir (ki, ədalət, bərabərlik və düzlük budur). Xalqın bərabər olduğu şeyi ancaq özünə məxsus etməkdən qorx. Hamının bildiyi işlərdə sənin diqqət etməli olduğun şey barəsində özünü nadanlığa vurmaqdan çəkin. (Malik olmadığın haqqı tələb etmə və heç edilmiş, tapdanmış haqqa göz yumma.) Çünki o, (zülmlə aldığın şey) səndən, başqası (məzlum) üçün geri alınacaqdır. Tezliklə işlər üzərindən pərdələr götürülər (gizlin olan şeylər üzə çıxar) və məzlumun və zülmə məruz qalanın haqqı səndən alınar. Qəzəbin şölələnəndə, itaətsizliyin kəskinləşəndə, əlinlə hücum edəndə və dilin acılaşaraq çirkin sözlər danışanda özünü ələ al. Tələsməmək və hücumu təxirə salmaqla bu çirkin işlərdən çəkin ki, qəzəbin yatsın və (həmin vaxt) güc və ixtiyar taparaq özünü ələ alarsan. Rəbbinə doğru qayıdacağını çox yadına salıb fikirləşməyincə özünü ələ ala bilməyəcək, qəzəbdən qurtulmayacaqsan. Sənə səndən əvvəlkilərinin başlarına gələnləri – çıxardıqları ədalətli və düzgün hökmləri, yaxud əməl etdikləri gözəl ən’ənələri, yaxud da Peyğəmbərimizdən (səlləllahu əleyhi və alih) nəql etdikləri xəbərləri, ya da Allahın kitabındakı vacib əməlləri yerinə yetirmələrini - yada salmaq vacibdir. Beləliklə, bu işlərdən əməl etdiyimizi gördüyün şeyləri sən də et və bu əhdnamədə sənə tapşırdıqlarıma tabe olmağa çalış. Mən bu əhdnamə ilə sənə (ünvanlanmış) dəlillərimi möhkəmləndirdim ki, nəfsin istəklərə doğru tələsəndə heç bir bəhanən olmasın. Allahdan başqa pislikdən qoruyan və yaxşı işə nail edən heç bir kimsə qətiyyən yoxdur. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) mənə olan vəsiyyətlərində əhd bağlayaraq tapşırdığı şey namaz və zəkata, eləcə də qullarınızla mehriban olmağa təşviq etmək və (bu yolda) çalışmaq idi və mən o Həzrətin vəsiyyət və tapşırığını sənə yazdığım əhdin sonluğu edirəm. Uca və əzəmətli Allahın iradə və istəyi olmadan heç (kəsdə) bir hərəkət və qüdrət yoxdur.

Bu da həmin əhdnamənin bir hissəsi və sonudur

Və mən Allahdan istəyirəm ki, rəhminin genişliyi və hər bir mətləbi vermək qüdrətinin böyüklüyü ilə məni və səni razılığı onda olan şeyə - Onun və yaratdıqlarının qarşısında aşkar üzrə malik olmağa, bəndələr arasında yaxşılıqla xatırlanmağa, şəhərlərdə gözəl nişanələr qoymağa, neməti tam və izzəti artıq olmağa müvəffəq etsin. Həmçinin mənim və sənin həyatını səadət və şəhadətlə (Allah yolunda öldürməklə) sona çatdırmasını diləyirəm. Biz Ona tərəf dönəcəyik. (Onun rəhmət və mərhəmətini axtarırıq.) Salam olsun Allahın elçisinə (Həzrət Mustafaya); ona və onun (hər bir eyb və nöqsandan) pak və təmiz Əhli-Beytinə Allahın salamı olsun!