Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/59-cu məktub

Vikimənbə saytından
58-ci məktub Nəhcül-bəlağə. 59-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
60-cı məktub


İmam Əli əleyhis-salamın Hülvan qoşununun başçısı Əsvəd ibn Qütbəyə məktublarındandır. (Hülvan Bağdad ilə beş günlük yol fasiləsi olan bir şəhərdir. «Rical» alimləri Əsvəd ibn Qütbə barəsində bir şey yazmayıblar. Amma çox ehtimal ki, o, gözəl şəxsiyyətlərdən olub. İmam əleyhis-salam bu məktubda ona ədalətli olmağı əmr edib.) Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: valinin (hər bir kəs və hər bir işə münasibətdə) meyl və istəyi eyni olmasa, bu davranış onu, ədalətliliyin çoxundan saxlayar. Buna görə də camaatın (özününkü və yadın, böyük və kiçiyin, imkanlı və imkansızın) haqq olan işi sənin yanında bərabər olmalıdır. Çünki zülmün yerinə ədalətin və insafın nəticəsi və mənfəəti əldə edilməz. Bənzərini bəyənmədiyin işdən uzaq ol. (Başqalarının yerinə yetirmələrini layiqli saymadığın işi görmə.) Nəfsini, savabına ümid bəsləyib cəzasından qorxaraq Allahın sənə vacib etdiklərinə vadar et. Bil ki, dünya çətinlik diyarıdır. İnsan onda heç vaxt bir saat asudə və rahat olmayıb. Əgər olubsa da həmin saatın rahatlığı qiyamət günü onun qəm-kədərinə səbəb olar. Bil ki, heç vaxt heç bir şey səni haqdan ehtiyacsız edə bilməz. (Buna görə də batil və nahaq şeylərin ətrafına belə fırlanma.) Sənin boynunda olan haqlardan biri öz nəfsini (nəfsi istəklər və itaətsizlikdən) saxlamaq və rəiyyətin işlərində çalışaraq onların çatışmazlıqlarını islah etməkdir. Çünki bu yol ilə (Allahdan) sənə çatacaq xeyir və savab, sənin vasitənlə (rəiyyətə) çatan xeyirdən daha çoxdur. Salama layiq kimsəyə salam olsun!