Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/64-cü məktub

Vikimənbə saytından
63-cü məktub Nəhcül-bəlağə. 64-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
65-ci məktub


İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab məktublarındandır (ki, onda, onun sözlərinin səhv olmasını bəyan edir və onu məzəmmətləyir). Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: yada saldığın kimi biz sizinlə (İslamdan qabaq) dost və birgə idik. Amma dünənki gün (İslam) bizimlə sizi bir-birimizdən ayırdı. Biz iman gətirdik (Allahın elçisinə – səlləllahu əleyhi və alih – inandıq), siz isə kafir oldunuz. Bu gün (o Həzrətdən sonra) biz düz dayanmışıq (dinin göstərişlərinə əməl edirik), siz isə fitnə-fəsada üz tutdunuz (dinin yolundan kənara çıxdınız). Sizin müsəlmanınız (Həzrət Peyğəmbərin dövründə də) İslamı ancaq icbarla və İslamın böyük şəxsiyyətlərinin hamısı (Məkkənin fəthindən qabaq) Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dost və yoldaşı olandan sonra qəbul etdi. Demisən ki, mən (Məhəmmədin atası) Təlhəni və (Abdullahın atası) Zübeyri öldürmüş, Aişəni uzaqlaşdıraraq işini naməlum saxlamış və Bəsrə ilə Kufədə enmişəm (Məkkə ilə Mədinədən uzaqlaşmışam)! Bu, sənin ondan uzaq olduğun bir işdir. (Bu hadisələrin sənə heç bir dəxli yoxdur.) Buna görə də sənə bir ziyan dəyməyib və onlara görə sənə üzr və bəhanə gətirməyə lüzum yoxdur. (Sənin qəzavət edərək öz zəmanənin imamına etiraz etmək haqqın yoxdur.) (Səninlə birgə və yoldaş olan) Mühacirlər və Ənsarla (onların olduqları qoşunla) görüşümə (mənimlə müharibə etməyə) gələcəyini xatırladırsan, halbuki hicrət qardaşın (Əmr ibn Əbu Süfyan Bədr müharibəsində) əsir olan gün sona çatdı. Buna görə də əgər (mənimlə müharibə etməyə) tələsirsənsə rahat ol. Çünki (biz mütləq bir-birimizlə qarşılaşacağıq. Ona görə də) mənim sənin görüşünə gəlməyim (əlinə keçirdiyin şəhərlərdə səninlə vuruşmağım) daha münasibdir ki, Allah səni cəzalandırmaq üçün məni göndərmiş olur. (Ona görə ki, fitnə-fəsadla məşğul olanların qarşısını almağa mən başqalarından daha layiqəm.) Sənin mənim görüşümə gəlməyin (mənim əlimdə olan şəhərlərdə mənimlə müharibə etməyin) isə Bəni-Əsəd (qəbiləsi şairlərindən olan) qardaşın dediyinə bənzəyir ki: مُسْتَقْبِلِينَ رِياحَ الصَّيْفِ تَضْرِبُهُمْ بِحاصِبٍ بَيْنَ أَغْوارٍ وَ جُلْمُودٍ

«Xırda daşları çuxurların və böyük daşların arasından götürüb onlara vuran yay küləklərinə üz tutarlar.» (Məqsəd budur ki, ox, nizə və qılınclar həmin küləklərin xırda daşları kimi sənə və qoşununa yağacaq.) Sənin (ana) babanı (Ütbə ibn Rəbiəni), dayını (Vəlid ibn Ütbəni) və qardaşını (Hənzələ ibn Əbu Süfyanı) bir yerdə (Bədr müharibəsində) vurduğum qılınc yanımdadır. Allaha and olsun ki, sən mən bildiyim kimisən: qəlbin pərdələnib (fitnə və azğınlıq pərdəsi ilə elə örtülüb ki, öyüd-nəsihət ona heç bir fayda vermir) və ağlın zəif və azdır (ki, haqq yola qədəm qoymursan). Sənin barəndə belə deyilsə daha yaxşı olar ki: sən, xeyrinə deyil, ziyanına olan hündür bir pis yeri sənə göstərən nərdivana çıxmısan. Çünki sən sənin olmayan itiyi axtarmısan və sənin olmayan heyvanı otarmısan. Elə şeyi istəyirsən ki, ona layiq deyilsən və onun mədənindən uzaqsan. Buna görə də sənin sözün əməlindən nə qədər də uzaqdır!! Əmilərinə və dayılarına (qohumlarına) çox tez oxşadın. Bədbəxtçilik və puç arzular onları Məhəmmədi (səlləllahu əleyhi və alih) inkar etməyə vadar etdi. Buna görə də onları sənin bildiyin yerlərdə (Bədr, Hüneyn və başqa müharibələrdə) öz həlak yerlərinə atdılar (öldürdülər). Böyük hadisənin qarşısını almadılar, meydanı boşaltmayan və heç süstləşməyən qılıncların müqabilində himayə edərək kömək göstərilməsi lazım olan şeydən çəkinmədilər. Osmanı öldürənlər barəsində çox danışdın. Elə isə sən də xalqın daxil olduğu şeyə daxil ol. (Sən də başqaları kimi itaət edərək tabe ol.) Bundan sonra mənim yanımda onlara qarşı iddia irəli sür ki, mən səni və onları Allahın kitabına (tabe olmağa) vadar edim. Aldatmaq istədiyinə (Osmanın intiqamı adı ilə Şam hökumətini sənə verməyimi planlaşdırmağına) gəldikdə (bilməlisən ki): bu, uşağı süddən ayırarkən süd (içməməsi) üçün onu aldatmağa bənzəyir. Salama layiq kimsəyə salam olsun!