Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/65-ci məktub

Vikimənbə saytından
64-cü məktub Nəhcül-bəlağə. 65-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
66-cı məktub


Bu da imam Əli əleyhis-salamın Müaviyəyə olan məktublarındandır. (Müaviyə məktub yazaraq o Həzrətin Şam hökumətini ona verməsini, onu özünün canişini etməsini və yanına çağırmamasını istəmişdi. İmam əleyhis-salam bu məktubu ona cavab olaraq yazıb və onda, onun sözlərinin səhv olmasını və istədiyi şeylərə layiq olmamasını xatırladıb.) Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Sənin diqqətlə baxıb aşkar işlərdən faydalanmağının (mənim xilafətimin düzlük və haqq olmasına yəqin edib inanmağının) vaxtı çatıb. Nahaq iddialar (Şam hökuməti və canişinlik iddiası) etmək, qorxub çəkinmədən özünü yalanlara (onun azğınlıq çölünə) atmaq (və qiyamət əzabını nəzərə almamaq), sənin məqam və mərtəbəndən üstün olan şeyi (müsəlmanlara xəlifəlik və hakimliyi) iddia və yalan (yolu) ilə özünə yapışdırmaqla keçmişlərinin (qohumlarının azğınlıq) yolları ilə getdin (və düz yoldan uzaqlaşdın). Haqdan (Allahın və Peyğəmbərin göstərişlərindən) uzaqlaşdığın və sənə ət və qanından da lazımlı şeyi (mənim xilafətimi) inkar edib tabe olmadığın üçün sənə tapşırılan şeyi (beytülmalı) oğurladın. Onu (Həzrət Peyğəmbərin Qədir-Xum və bir çox digər yerlərdə mənim barəmdə buyurduqlarını) sənin qulağın qoruyub saxlayıb («eşitməmişəm» deyə bilməzsən) və sinən onunla dolub («xəbərim yoxdur, bilmirəm» deyə bilməzsən). Haqdan və düzlükdən sonra aşkar azğınlıqdan, həmçinin haqqı aşkar etdikdən sonra yanlışlıq və batilə qarışmaqdan başqa nə var? Buna görə də şübhədən və haqq ilə batili bir-birinə qatmaqdan qorx. Çünki (şübhələr yaradan) -cfitnə, neçə vaxtdır öz pərdələrini asıb (hazırlayıb) və onun zülməti gözləri torlu və görməz edib. Səndən mənə sözləri qarmaqarışıq (bir-birinə aidiyyatı olmayan) bir məktub gəlib çatıb ki, onun (sözlərinlə dəm vurduğun) sülh və barışıq gücü zəif və yetərsizdir. Onda elə hiylələr var idi ki, onları sənin elm və təmkinin uydurmamış, bir yerə toplamamışdır. (Əksinə, sən onları nadanlıq, həyasızlıq və ağılsızlıqla hazırlamısan.) Sən bu puç sözlərinlə hamar qumluqda batan və qaranlıq yerdə ehtiyatsız hərəkət edən (öz ayağının qabağını körməyən) kimsəyə bənzəyirsən. Özünü elə uca yerə qaldırmısan (məndən səni canişin etməyimi istəmisən və həmin məqamı umursan) ki, ora çatmaq çətin, nişanələri isə yüksəkdir. Ora (heç kəsin əli çatmayan uca dağların qüllələrində yuva quran iti caynaqlı və yüksək uçuşlu) qartal (belə) çata bilməz. Onunla Əyyuq (süd yolunun sağında çox yüksəklikdə olan kiçik, aydın və qırmızı bir ulduzdur ki, Ülkər ulduzunun arxasında olur və ondan qabağa keçmir) bir ola bilər. Allah göstərməsin ki, sən məndən sonra işlərinin həlli üçün müsəlmanlara hakim olasan, yaxud sənə onların biri üzərində əqd (– nigah, alver, icarə və bu kimi şeylər), yaxud əhd (bey'ət, aman, himayə və buna bənzər işlər) üçün bir vəzifə verim! Buna görə də indi özünü hazırlayaraq düşün. Çünki əgər Allahın bəndələri sənə tərəf hərəkət edənə (qoşunumuz səninlə döyüşə gələnə) kimi nöqsan və başısoyuqluğunu davam etdirsən, qapılar üzünə bağlanacaq və bu gün səndən qəbul edilə bilən iş (onda) qəbul edilməyəcək. Salama layiq kimsəyə salam olsun!