Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/69-cu məktub

Vikimənbə saytından
68-ci məktub Nəhcül-bəlağə. 69-cu məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
70-ci məktub


İmam Əli əleyhis-salamın Haris Həmdaniyə məktublarındandır. (O, Əmirəl-möminin əleyhis-salamın səhabələrindən və deyəsən, o Həzrətə tabe olanlardan olub. Həmdan Yəməndə olan bir qəbilənin adıdır. Bu, böyük bir məktubdur ki, Seyyid Şərif Rəzi əleyhir-rəhmə onun bir hissəsini burada bəyan edib. Onun mövzusu gözəl və nəcib əxlaq və xasiyyət, eləcə də bəyənilən davranış qaydalarıdır.) Qur’an ipindən yapış (onun hökm və göstərişləri əsasında davran), onu özünə öyüd-nəsihət verən et və halalını halal, haramını haram bil (ki, dünya və axirət səadətini və xoşbəxtliyini sənə nəsib etsin). Bundan əvvəl olmuş həqiqətlərə inan. (Həzrət Peyğəmbərdən əvvəl olmuş peyğəmbərləri və onların Allah tərəfindən öz ümmətlərinə gətirdiklərini təsdiq et.) Dünyanın keçmişindən onun qalan hissəsi üçün ibrət al. (Onun qalan hissəsini keçmişi ilə müqayisə et, tutuşdur və bil ki, qalan da keçən kimi minlərlə dərd-qəmlə ötüb keçəcək.) Çünki onun bir hissəsi digər hissəsi kimidir və sonu əvvəlinə bağlıdır. Onun hamısı məhv olan və aradan gedəndir. Allahın adını uca tut və haqq, doğru və yerindən başqa Ona and içmə. (Yaxud Ona, and içilməsi münasib və layiqli olan yerdə and iç. Buna görə də Onun adına yalandan və ya əhəmiyyətsiz şey üçün and içməkdən çəkin, qorx.) Ölümü və ölümdən sonrakı vəziyyətləri çox yadına sal (ki, bu sənin üçün ən böyük moizə edən və öyüd-nəsihət verəndir). Möhkəm şərti olmadan onu arzulama. Əməl sahibinin özündə layiqli bilib başqa müsəlmanlarda nalayiq hesab etdiyi hər bir işdən çəkin. (Özün üçün bəyənmədiyin işi başqasına rəva görmə. Həmçinin özün üçün münasib bilmədiyin şeyi camaata namünasib güman etmə.) Gizlində edilərək aşkarda xəcalət gətirən hər bir işdən çəkin. (Gizlində çirkin və günah iş görüb camaat xəbər tutanda xəcalət çəkməyinə səbəb olan işdən çəkin.) Əməl sahibindən (nə üçün belə etməsini) soruşanda inkar etdiyi və ya üzr istədiyi hər bir işdən uzaq ol. (Heç vaxt kiminsə barəsində söz gəzdirmə, yalan quraşdırma.) Şərəf və heysiyyətini söz oxlarına hədəf etmə. (Onu ağzıgöyçəklər və eyb axtaranların dilindən qoru.) Hər eşitdiyini xalqa demə ki, bu yalançılığın nişanəsidir. Xalqın sənə dediklərini rədd edib yalan sanma ki, bu da nadanlığa dəlildir. (Çünki ola bilər ki, sənə deyilənlər düz olmuş olsun. Buna görə də onu inkar etmək haqqa nadan olmaqdır.) Qəzəbini ud və qüdrətin olan zaman (cəzalandırmaqdan) keç. Əsəbləşəndə təmkinli ol və imkan və qüdrətinin olmasına baxmayaraq, (intiqam almaqdan) uzaq ol ki, gözəl savab sənin olsun. (Qiyamət günü Allah səndən intiqam almasın və mərhəmətini sənə nəsib etsin.) Allahın sənə əta etdiyi hər bir nemətin şükrünü yerinə yetir. Allahın sənə bəxş etdiyi nemətlərin heç birini zay etmə. Gərək Allahın sənə əta etdiyi şeyin nişanəsi səndə görünsün. Bil ki, möminlərin ən gözəli özündən, qohum-əqrəbasından və malından bağışlamaq baxımından daha yaxşı olanıdır. Həmçinin bil ki, sənin qabaqcadan göndərdiyin gözəllik (Allah yolunda verdiyin və əta etdiyin şeyin gözəlliyi) sənin üçün toplanaraq qalır (qiyamət günü onun savabını əldə edəcəksən). Özündən sonra qoyduğun şeyin gözəlliyi isə başqası üçündür (onun xeyri varisə nəsib olur). Zəif nəzər və düşüncə və xoşagəlməz əməl sahibi ilə oturub-durmaq və yoldaşlıq etməkdən çəkin. Çünki insan öz dostu ilə həmxasiyyət olur. (Buna görə də onu dostuna oxşadırlar.) Böyük şəhərlərdə məskunlaş. Çünki müsəlmanlar orada bir-birinin yanındadırlar (və onlardan elm və bilik əldə etmək və səadət və xoşbəxtlik yollarını öyrənmək olar). (Allahdan) qafil olmağa və (Onu) yaddan çıxarmağa, (yaxşılara) zülm etməyə səbəb olan və Allaha itaət və bəndəlik yolçularının az olduğu (küfr ölkələri və kəndləri kimi) yerlərdən çəkin. Düşüncəni işinə yarayan şeylərə vadar et (puç işlərə sərf etmə). Bazarların başında oturmaqdan çəkin. Çünki ora Şeytanın yeri və fitnə-fəsadın üzə çıxdığı məkandır. (Çox vaxt bu yerlərdə dünya işləri və dinə zidd əməllərlə məşğul olurlar. Buna görə də bacardıqca oradan uzaq olmaq lazımdır. Əl altında olan və) sənin ondan üstün olduğun (Allahın səni ondan üstün etdiyi) kəs barəsində çox düşün, qayğılan. Çünki sənin onun barəsində fikirləşməyin, şükr yollarından biridir. (Bu qayğılanmaq ilə Allahın sənə verdiyi nemətlərin şükrünü yerinə yetirmiş kimi olursan.) Cümə günü namazda iştirak edənə kimi səfərə çıxma. Allah yolunda (din düşmənləri ilə cihada) getmək, yaxud üzrlü olduğun (və namaz vaxtına kimi qala bilmədiyin) səfər bundan istisnadır. Bütün işlərində Allaha itaət et, tabe ol (Onun göstərişləri əsasında hərəkət et). Çünki (səadət və xoşbəxtlik onunla əldə edildiyi üçün) Allaha itaət hər bir şeydən üstündür. İbadət və bəndəlikdə öz nəfsini tovla. (Onu aldadıb cəzadan qorxutmaq və savaba sevindirmək vasitəsi ilə şəhvətdən saxla və itaətə vadar et.) Onunla yumşaq davran (Onu çox çətinliyə salma) və onu məğlub etmə (öhdəsinə ağır vəzifələr qoyma). Güzəşt və sevinc zamanı onu haqla (asudə və şad olanda onu itaət və bəndəliyə məcbur et, əlbəttə, gündəlik namazlar kimi) yerinə yetirilməsi sənin üçün vacib olan şeylərdən qeyrisi üçün. Çünki onun (vacibatın) yerinə yetirilməsi və vaxtında həyata keçirilməsi zəruridir (şad və ya qəmgin olmaqdan asılı olmayaraq onları mütləq yerinə yetirmək lazımdır). Sən dünya malı əldə etmək üçün Rəbbindən (Ona itaətdən) qaçarkən ölümün səni haqlamasından qorx. Yaramaz əməl sahibləri ilə yoldaşlıq etməkdən çəkin. Çünki pis pisliyə birləşər. Allahı uca və böyük bil, Onu sevənləri sev. Qəzəbdən çəkin. Çünki o, şeytanın qoşunlarından olan böyük bir qoşundur (ki, onun vasitəsi ilə səni bədbəxtliyə çəkir). Salama layiq kimsəyə salam olsun!