Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/70-ci məktub

Vikimənbə saytından
69-cu məktub Nəhcül-bəlağə. 70-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
71-ci məktub


İmam Əli əleyhis-salamın onun tərəfindən Mədinənin hakimi olmuş (və qırx beşinci məktubun şərhində yaxşılığını xatırlatdığımız) Səhl ibn Hüneyf Ənsariyə, həmin diyarın əhalisindən Müaviyəyə birləşmiş bir dəstə barəsindəki məktublarındandır (ki, İmam əleyhis-salam ona bu hadisəni əhəmiyyətsiz sayıb kədərlənməməyi buyurmuşdur). Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Mənə xəbər çatıb ki, sənin yanında olanlardan bəziləri gizlində Müaviyəyə birləşirlər. Onların əldən çıxması və sənə olan köməklərinin (qoşun və rəiyyətinin sayının) azalmasına görə ruhdan düşüb kədərlənmə. Onlar (cəzalandırılmaları) üçün azğınlıq (xəstəliyi), sənin üçün isə onlardan şəfa tapmaq (onların əzab-əziyyətlərindən qurtulmağın) bəsdir. Onların qaçdıqları şey hidayət və qurtuluş, (tərəfinə) tələsdikləri şey isə azğınlıq və nadanlıqdır. Onlar dünyanı sevənlərdir ki, tələsik ona üz tutublar. Onlar (bizim davranış üsullarımızdan) ədalət və düzlüyü tanıyıb gördülər, eşitdilər, qulaqlarında saxladılar və bildilər ki, bizim yanımızda olan insanlar haqq-hüquq baxımından bərabərdirlər. Buna görə də (onların arasında hər bir şeyi ancaq bərabər bölüşdürməyimizi görüb) qaçdılar ki, özləri mənfəət əldə edib başqalarını nəsibsiz qoysunlar. Allah onları rəhmindən uzaq etsin!! Allaha and olsun ki, onlar zülm və sitəmdən qaçmayıb və ədalət və insafa qovuşmayıblar. Biz Allahın, istəyəcəyi təqdirdə bu xilafət işinin çətinliklərini bizim üçün asanlaşdıracağına və nahamarlıqlarını hamarlaşdıracağına ümidvarıq . Sənə salam olsun!