Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/78-ci məktub
←77-ci məktub | Nəhcül-bəlağə. 78-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
79-cu məktub→ |
İmam Əli əleyhis-salamın Əbu Musa Əş’əriyə onların (onunla Əmr ibn Asın) hökm çıxarmaq (xəlifə seçmək) üçün təyin edildikləri (şərhi 35-ci xütbədə deyilmiş «Daumətul-Cəndəl» adlı) bir yerdən o Həzrətə yazdığı məktuba cavab məktublarındandır. Bu məktubu Səid ibn Yəhya Əməvi (özünün) Məğazi (adlı) kitabında bəyan edib.
İnsanların çoxu (dünya və axirətdə) öz nəsib və qismətlərinin çoxundan məhrum oldular. Beləliklə, dünyaya üz tutdular (ayaqlarını haqdan kənara qoydular və) nəfsi istəkləri ilə danışdılar (Allah və Peyğəmbərin öz zamanlarının imamına tabe olmaq barəsindəki sözlərinə göz yumdular). Mən bu işdə (xilafət məsələsində) təəcüblü bir yerə gəlib çıxmışam. Orada nəfsləri onları kibr və məğrurluğa vadar etmiş bir neçə dəstə toplaşıb. Buna görə də mən (onlarla mülayim davranıram və) onların çiban və yaralarını müalicə edirəm. Çünki qanın (birdən) bağlanmasından (və sonra müalicənin çətinləşməsindən) qorxuram. (Ey haqq və həqiqətdən xəbərsiz və ey nadan) bil (mənim onlarla mülayim davranmağımın səbəbi budur) ki, Məhəmməd – səlləllahu əleyhi və alih – ümmətinin işlərinin nizam-intizama düşməsinə və onların arasında ülfət və dostluq yaranmasına məndən həris (çox çalışan) bir kimsə yoxdur. Bu işimlə gözəl savab və qayıdış yeri, sığınacaq istəyirəm və hətta sən məndən ayrılarkən malik olduğun ləyaqətdən (özünü göstərdiyin paklıq və yaxşılıqdan) dönsən (və nəfsi istəklərinlə Qur’ani-Kərimə zidd hökm versən) belə, mən tezliklə verdiyim vədə və qoyduğum qərara vəfa edəcəyəm. Çünki bədbəxt və ziyana uğramış o adamdır ki, ona verilmiş əql və təcrübədən məhrum qallmış olsun. Mən danışan birisinin batil və nahaq söz deməsindən və həmçinin Allahın məsləhət bildiyi bir işi pozmaqdan uzaq olduğumu (yaxud əsəbləşdiyimi və halımın pozulmasını) bildirirəm. Buna görə də tanımadığın şeyi burax. (Bilmədiyin şeyin ətrafına belə fırlanma və ehtiyat və düşüncəni əldən vermə.) Çünki insanların pis əməlliləri xoşagəlməz (haqq və həqiqətə zidd) sözlərlə sənə tərəf tələsirlər (ki, sənin ağlının azlığından istifadə edib müsəlmanları zəlalət və azğınlıq yoluna apararaq bədbəxt etsinlər). Salama layiq kimsəyə salam olsun!