Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/82-ci xütbə
←81-ci xütbə | Nəhcül-bəlağə. 82-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
83-cü xütbə→ |
İmam Əli əleyhis-salamın «Qərra» (nurani, görkəmli) xütbəsi adlandırılan, heyrətamiz xütbələrindəndir.
Şükür etmək öz gücü və qüdrəti ilə (hər şeyə) qalib gələn, bəxşiş və ehsanı ilə (hər kəsə) yaxın olan, hər fayda və xeyiri bağışlayan, bütün böyük və ağır bəlaları dəf edən Allaha məxsusdur. Ardı-arası kəsilməyən ehsanlarına və bol nemətlərinə görə Ona şükr edir, Ona iman gətirirəm. (Varlığına və vahidliyinə yəqinliyim var) ki, əvvəl (hər bir şeyin başlanğıcı) və (varlığı hamıya) aşkardır. Ondan məni doğru yola yönəltməsini istəyirəm ki, O, (hamıya) yaxın və yol göstərəndir. Ondan kömək diləyirəm ki, güclü və qüdrətlidir (hər bir şəri məndən uzaqlaşdırıb, hər bir xeyri mənə çatdırsın). Ona təvəkkül edirəm ki, (mənə) kifayətedən və köməkçidir. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) onun bəndəsi və elçisidir. Onu əmr və buyruqları yerinə yetirmək, dəlil və sübutlarını təbliğ etmək, (günah iş görənləri) oyanış günündən qabaq Onun əzabından qorxutmaq üçün göndərmişdir.
Ey Allah bəndələri! Sizlərə (yol göstərmək) üçün (Qur’ani-Kərimdə) misallar çəkən (qəflətdən azad olmanız üçün əhvalatlar danışan), əcəllərinizi müəyyən edən, sizə (başqa yaradılmışlardan üstün olmaq üçün insanlıq) paltar geydirən, məişətinizi yüngülləşdirən (rahatlığınız üçün vasitələr yaradan), əməllərinizdən (yaxşı və pisindən, böyük və kiçiyindən) agah olan, onlara görə əvəzləri hazır qoyan, sizlərə bol nemət və saysız-hesabsız ehsan bəxş edən, açıq-aşkar dəlillər (peyğəmbərlər və səmavi kitablar) vasitəsilə sizləri (əzabdan) qorxudan, sizləri (imtahan və sınaqda) sayan (onun elmi bütün söz və əməllərinizin cüziyyatını və külliyatını əhatə edir), ömür və həyatınızın müddətini sınaq evində və ibrət sarayında təyin edən Allahdan (onun əzabından) qorxmağı və təqvalı olmağı tövsiyyə edirəm. Siz (yaxşı əməl sahiblərinizin pis əməl sahiblərinizdən ayrılması üçün) dünyada imtahan olunursunuz və (qiyamətdə) dünyada dediyiniz sözlərin və tutduğunuz işlərin hesabı soruşulacaq. Beləliklə, (dünyaya ürək bağlamayın ki,) dünya çeşməsinin gözü bulanıq və palçıqlıdır. (Dünyapərəstlərin gözündə) onun mənzərrəsi heyrətamiz, imtahan və sınağı isə kor edəndir. Yox olan bir aldadıcı, gizlənən bir işıqlıq, itən bir kölgə, dağılmağa doğru gedən bir söykənəcəkdir (sabitlik və davamlılıq onun üçün deyil). (Öz ağlına əsasən) ondan uzaqlaşıb, ona ürək bağlamayan kimsə onunla ünsiyyətdə olub, arxayınlaşdığı zaman dünya at və yaxud dəvə kimi (onu yerə yıxmaq üçün) ayaqları ilə ona zərbə vurar, (yollarda qurduğu) tələləri ilə ovlayar, (kamana çəkdiyi) oxları ilə həlak edər, ölüm kəndirlərini (cürbəcür xəstəlikləri və çətinlikləri şücaətli və igid) kişinin boynuna salar, onu uyuyacağı dar yerə (qəbrə), qayıdacağı qorxulu yerə (axirətə) və əbədi məkanına (cənnət, ya cəhənnəm), əməllərinin (pis və ya yaxşı) əvəzini görməyə çəkər. Öz ata-babalarının canişini sayılan gəlməkdə olanlarla da dünyanın rəftarı belədir: Ölüm (onları) qırmaqdan (və biçarə etməkdən) qalmır, yerdə qalanlar isə günah törətməkdən əl çəkməyərək peşman olmurlar. Özlərindən əvvəlkilərin yolu ilə gedir və axırı fənalıq və yoxluq olan sona qədər dalbadal (gəlib) keçirlər (hamısı ölürlər). İşlərin kəndiri (məxluqatın ölümü nəticəsində) çözüldükdə, zaman ötüb keçdikdə, insanların oyadılmaları günü yaxınlaşdıqda (qiyamət qopduqda) Allah onları qəbirlərdən, (onları yemişlərsə) quşların yuvalarından, (onlara yem olmuşlarsa) yırtıcıların mağaralarından, müharibə meydanlarından (ölmüş olsalar) bayıra çıxarar. Haqq-təalanın əmr və fərmanını yerinə yetirməyə hazır vəziyyətdə sürətlə Allahın onlar üçün ayırdığı məad və qayıdış yerinə doğru gedərlər. Sakit, dinməz və sıraya düzülmüş (əyləşməyə və danışmağa taqəti olmayan) bir dəstə olarlar. Allah onların hamısını görəndir (onlardan heç kimsənin dünyadakı sözü və əməli Allaha gizli deyil) və (hesab-kitab üçün çağrıldıqda) carçı öz səsini hamıya eşitdirər. (O günün qorxusunun təsirindən) onlara təvazökarlıq, itaət, zillət və xarlıq paltarı geyindirilər. O gün (dünyada çətinliklərdən xilas olmaq üçün işlədilən) məkr və hiylə işə yaramaz, ümidlər kəsilər və ürəklər (əzabın qorxusundan) əzgin və qəmgin olar, səslər təvazökarlığın təsirindən alçalar və batar, ağızları (atın ağzındakı cilov kimi) köpük basar. (Günahlarının cəzasına görə) qorxu hüdudsuzdur. Haqqı batildən ayırmaq, xeyir və şər əməlin cəzasını, savab və mükafatını vermək üçün carçının səsinin heybətindən qulaqlar lərzəyə gələr.
(Dünyanın onlara qarşı rəftarı, qiyamət günü yenidən diriləcəkləri və geri dönəcəkləri haqda danışdığınız insanlar Allahın) qüdrətdən yaradılmış, ixtiyarsız boya-başa çatdırılmış, ölümə düçar olaraq, qəbrlərdə parça-parça olan, (ailəsindən və var-dövlətindən uzaq) təkcə dirildilən, (yaxşı, pis əməl və sözlərinin) cəzasına çatan və hesab-kitabla, təhqiqlə (yaxşı əməl sahibi pis əməl sahibindən) ayırd edilən bəndələridir. (Onda, yaxşı olar ki, qəflət yuxusundan ayılıb, günah və itaətsizlik etməyin ki, öləndən sonra peşmançılığın faydası yoxdur. Çünki insanlara dünyada) azğınlıqdan xilas olmaq üçün möhlət verilmişdir, (onlar peyğəmbərlərin vasitəsilə) doğru yola yönəldiliblər. Onlara özündən narazı olanın razılığını qazanmaq üçün verilən fürsət kimi fürsət verilmişdir. Şübhələrin (nadanlıq və azğınlığın) qaranlıqları (ağıl neməti və peyğəmbərlərin təbliği ilə) onlar üçün qaldırılmışdır. Yaxşı atları cıdırda hamını ötmək üçün arıqladaraq hazırladıqları kimi hazırlaşmaları, Haqqı-həqiqəti əldə etmək üçün düşünüb fikirləşmələri, axtaranın elm və bilik nuruna yiyələnməkdə tələsməməsi üçün ömürləri boyunca əcəl gəlib çatana kimi əllərində olan fürsətlə (dünyada) öz ixtiyarlarına buraxılmışlar. Heyrət, bircə bu doğru-düzgün (xəta və səhvin olmadığı) örnəklər, (nadanlıq və azğınlıq xəstəliklərinə) şəfa bəxş edən bu öyüdlər təmiz qəlblərə, eşidən qulaqlara, möhkəm düşüncələrə və (doğru ilə fəsadı bir-birindən ayıran) güclü ağıllara çatsaydı. Beləliklə, nəsihəti eşidib ondan boyun qaçıranın, (nadanlığı ucbatından) günaha bataraq etiraf edən (tövbə edib geri dönən) və (günahdan, itaətsizlikdən) qorxaraq savab iş görən (Allahın və peyğəmbərin razılığını əldə edib) və (ilahi əzabdan) çəkinən, (ibadətə və bəndəliyə) tələsən, (qiyamət gününə) yəqinlik hasil edən, (dünyada) öz rəftarını yaxşılaşdıran və ona öyüd-nəsihət verdikdə (doğru yola yönəltdikdə) qəbul edən, (ölümdən sonrakı çətinliklərlə) qorxutduqda qorxan (özünü çətinliyə salacaq iş görməyən), (günah və itaətsizliyi) qadağan etdikdə (ondan) uzaqlaşan, (Allahın fərmanına) boyun əyən, (azğınlıqdan) uzaq olan, (öz ağlına) müraciət edən, (törətdiyi günahlardan) tövbə edərək geri dönən, (rəhbərlərinə) tabe olan, (eynilə onların) yolunu gedən, doğru yol göstərildikdə onu görən (ona qədəm qoyan), sonra isə tələsə-tələsə haqqı axtaran, (nadanlıq və azğınlıqdan) qaçdığı halda nicat tapan, (qiyamət gününə ehtiyacı üçün) azuqə qazanan, öz batinini paklaşdıran, məad və qayıdışını (təqva və pərhizkarlıqla) abad edən, (dünyadan) köç günü, yol (axirət səfəri), ehtiyac və kasıblıq vaxtı (qəbr və qiyamət) üçün azuqə (Allaha ibadət və xalqa xidmət) ilə öz arxasını gücləndirən, həmin azuqəni özündən qabaq əbədi məkana (axirətə) göndərənin qorxduğu kimi Allahdan qorxun. Belə isə, ey Allah bəndələri, pərhizkar olun, onun üçün yaradıldığınızı (ibadət və bəndəliyi) niyyət edin, sizi qorxutduğundan (əbədi əzabdan) artıq dərəcədə qorxun. Qiyamətin dəhşətinin qorxusu haqda Ondan əhdinə vəfa etməsini istəməklə sizin üçün hazırladığı cənnətə layiq olun. Onun vədi həmişə doğrudur.
Bu da həmin xütbənin (insan bədəninmn xəlq edilməsi, Haqq-təalanın nemətlərinin xatırlanması, Siratın vəhşətindən qorxudulması və təqvaya, pərhizkarlığa həvəsləndirilməsi barədə) bir hissəsidir.
Böyük Allah sizin (eşitməkdən) faydalanmanız üçün iki qulaq (eşitmə hissi) yaratdı ki, lazım olanı (cəmiyyətin həyatında işə yarayanı) qoruyasınız. (Görmək üçün) iki göz (görmə hissi) yaratdı ki, qaranlıqdan xilas olub, görəsiniz. Hər (zahiri) üzvü (batini) üzvlərin mühtəvasına çevirdi. (Hər bir üzv bir neçə üzvdən ibarətdir. Məsələn, əl damar, qan və sümükdən və bu kimi digər hissələrdən ibarət olduğu kimi.) Həmin üzvləri öz faydalı hissələri ilə bərqərar olan bədənlərə, (ağıl və tədbirlə) o bədənlərin ruzisini istəyən (və ya öz ruzisinə «elm və maarif»- cəlb edən) ürəklərə quruluş və şəkil verdi, davamlılığına görə münasib yerlərdə yerləşdirdi. Bir halda ki, Onun ucsuz-bucaqsız nemətinin minnətinə sahibsiniz, Onun minnətinin səbəbləri sizə aşkardır. (Xəstəliklərə) maneə olan vasitələrlə onun salamatlıq nemətindən faydalanırsınız. (Sizə əta etdiyi nemətlərdən biri budur ki,) ömrün və həyatın müddətini sizdən gizli saxladı (nə vaxt öləcəyinizi bilmirsiniz. Bunu bilməməyinizin özü dünyəvi işlərinizin nizamlanması üçün çox xeyirlidir). Sizdən öncəkilərdən sizlərə ibrət nişanələri qoydu. Dünyadan aldıqları ləzzət və faydadan, ölüm kəndirinin boğazlarına keçməsinə qədər nəsibləri olan vaxtın uzunluğundan və bolluğundan. Arzularına çatmadan öncə ölüm onları tələsik haqladı və onlarla arzuları arasına ayrılıq saldı. Sağlam olduqları vaxt (axirət üçün) azuqə yığmadılar, ilkin çağlarda (cavan və güclü olarkən) ibrət götürmədilər (ömürlərini boş yerə başa vurdular). Cavanlıq və gücünün zirvəsində olanı qocalıqdan və bükülməkdən başqa bir şey gözləyirmi? Sağlam olan kimsənin gözü müxtəlif xəstəliklərdən qeyri bir şeyin yolunda olarmı? Bərqərar və mövcud olan kimsə yoxluq və fənalıqdan başqa bir şeyi gözləyərmi? (Xoşbəxt o kəsdir ki, nə qədər ki, sağlam və güclüdür, fürsəti qənimət bilib işlərini sürətləndirsin.) Özü də (dünyadan) uzaqlaşmaq ayrılıq, (axirətə) köç və daşınma, müsibət və çətinliyin (can vermənin) ağrısının iztirab və narahatlığından titrəmək, qəm və kədərin çoxluğundan ağız suyunu axıtmaq, fəryada çatmağa çağırmaq üçün gözlərini ətrafa dolandırmağın, xidmətçilərdən (və ya övladlarınızın balalarından), yaxınlardan, dostlardan və əyaldan kömək istəməniz yaxın olduğu bir vaxtda. Qohumlar (ölümün çətinliklərini) dəf edəcəklərmi? Onların vay-şivənlərinin xeyri varmı? Bir halda ki, qəbristanda gora tapşırılmış, dar yataqda (qəbirdə) tənha qalmışdır. Gəmiricilər (ilan, əqrəb, qurd və başqa heyvanlar) bədəninin dərisini parça-parça etdilər, çətinliklər onun təravətini çürütdü və məhv etdi. Şiddətli küləklər izlərini, zəmanənin müsibətləri nişanələrini yox etdi. (Ondan qəbirdə bir iz, camaat arasında isə sorağı qalmadı.) Cəsədləri təravətli, təzə olduqdan sonra dəyişdi, sümükləri gücləndikdən sonra çürüdü, canları ağır yükün (günahın) altında qaldı. Qeybdən və görünməzdən gələn xəbərlərə (qəbir, qiyamət, hesab haqqında heyran və sərkərdan olduqları Cənnət və Cəhənnəmə) yəqinlik əldə etdilər. (Bu vaxt) onlardan yaxşı əməllərini artırmaq istəməzlər, (onların) xətalarının pisliyindən razı və şad olmazlar. Sizlər bu camaatın oğulları, onların ataları, qohumları və qardaşları deyilmisiniz ki, onların rəftarına əməl edib, atlarına minib, getdiyi yolla gedirsiniz? Ürəklər öz nəsibini və bəhrəsini əldə etmək üçün bərk və doğru yola yönəlməkdən və nicatdan qəflətdədir. Öz yolundan qeyri bir yolla (günah və itaətsizliyə doğru) gedir. Sanki məqsəd (ilahi vəzifələrə diqqət) onlardan qeyrisi üçündür. Sanki, onların nicatı dünyanı (malını) toplamaqdadır. (Axirət azuqəsi qazanmaq, deyil!) Bilin ki, sizin yolunuz Siratdan (cəhənnəm körpüsündən) kecəcək ki, addımlar onun üzərində büdrəməkdən titrər, insan böyük qorxu və həyəcana düşər. Belə isə, ey bəndələr, qorxun Tanrıdan! (Qiyamət gününün) fikir və düşüncəsi ürəyini bürüdüyü, (ilahi əzabdan) xof və qorxu bədənini incitdiyi, gecə ibadət və itaətlərinin az olan yuxusunu da əlindən aldığı, (Pərvərdigarın rəhmətinə) ümidin günün günorta çağı (isti və hərarətin şiddətli çağında) onu susuz saxladığı (gecələri oyaq, gündüzləri oruc olan), dünyaya meylsizliyi nəfsi istəklərinin qarşısını aldığı, Allahın zikri dilinin əzbəri olan (həmişə Allahı xatırlayan) ağıllı insanın qorxduğu tək qorxun! (Qiyamət günündə) əmin-amanlıqda olmaq üçün (günah və itaətsizlikdən olan) qorxunu üstün tutdu (qiyamətdə əzaba mübtəla olmamaq üçün dünyada günah etmədi), onu doğru və aşkar yoldan saxlayan söz və əmələ gözlərini bağladı və yaxşı olan, aydın, doğru yola (Allahın razılığı və şadlığına) çatmaq üçün ən yaxşı yolları seyr etdi. (Nicat üçün) böyük maneə olan (dünyaya) aldanmaq onu (ibadət və bəndəlikdən) saxlamadı. Şübhəli şeylər ona gizli deyil (heç bir işdə o, nadan deyil), müzəffər və (cənnət) müjdəsinin sevincindən, ən asudə yatağında (qəbirdə) çox rahat və xoş olmağına, daha əmin-aman gündə (qiyamətdə) şaddır. Dünyanın keçidindən keçdi və tərifləndi. Axirətinin azuqəsini əvvəlcədən göndərərək xoşbəxt oldu. (Allah) qorxusundan (doğru yola tələsdi). Möhlət verilmiş dünyada (ibadət və bəndəlik üçün) sürətlə irəlilədi. Allahı razı salmaq üçün şövqə gəldi. (İlahi əzabdan) qaçmaq üçün (doğru yolla) getdi. Bu günündə (dünyada) sabahını (axirətini) qoruyurdu. Onu gözləyənləri (qəbir, bərzəx və qiyamətdəki halını) köçməmişdən qabaq gördü. Deməli, cənnət bəxşiş və savablarına görə (xeyir əməl sahiblərinə) kifayət edər. (Elə işlər görün ki, əbədi məkanınız orada olsun), cəhənnəm də əzab və çətinliklərinə görə (günahkar insanlara) bəs edər. (Elə iş görün ki, ora düşməyəsiniz). Yetər ki, Allah (pis əməl sahiblərindən) intiqam alsın və (yaxşı əməl sahiblərinə) mədəd və kömək olsun. Qur’anın (ona əməl etməyənlərə qiyamət günündə) sübut gətirərək düşmən kəsilməsi bəs edər. Mənim sizə vəsiyyət və tövsiyyəm pərhizkarlıq və qorxutduğu şeylə (qiyamətin əzab və çətinlikləri) üzrxahlığa yer qoymayan, aşkar, aydın etdiyi şeylə (Qur’ani-Kərimlə) hüccəti (dəlil-sübutu) tamam edən Allahdan qorxmaqdır. (O) sizi düşmənlə (Şeytanla) qorxutmuşdur «وَلاَ تَتَّبِعُواْ خُطُواتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ» ki, gizlincə sinələrə nüfuz edər, xeyirxahcasına (azdırmaq üçün) qulaqlara söz deyər. Sonra, (dalınca gələni) azdıraraq puç edər. (Ona) vəd verərək (yersiz istəklərə) meylləndirər, pis günahları (onun nəzərində) bəzəyər, öldürücü böyük günahları asan göstərər. Tədricən öz ardıcılını aldadaraq girov kimi öz itaətinin əsarətinə keçirər. (Bu vaxt) zinət verib bəzədiyini (istəkləri) danar, asan qələmə verdiklərini (günahları) böyük sanar, (arxasınca gələnləri) əmin etdiyi ilə qorxudar.
Bu xütbənin bir hissəsi insanın necə yaradılması barəsindədir
(Onun dünyadakı və qəbirdəki halını şərh edərək insanlara keçmişlərdən ibrət götürməyi xatırladır və onları tövbə etməyə həvəsləndirib buyurur:) (Sizi Şeytanın hiyləsindən agah etdim, indi) sizə insanın necə yaradılmasını xatırladım ki, Allah onu bətnlərin (uşaqlıqların) və (onun üçün) örtük olan pərdələrin qaranlığında (bətnlər dedikdə qarın, uşaqlıq və uşağla birlikdə çıxan pərdə kimi cift nəzərdə tutulur) tökülmüş nütfədən və naqis qan laxtasından yaratdı. O, qarında uşaq, daha sonra isə südəmər körpə oldu və südəmərlikdən başlayaraq yetkinlik yaşına çatdı. Sonra ona anlaması (keçmişlərdən) ibrət götürməsi, itaətsizlik və günahdan uzaqlaşması üçün qoruyan qəlb (ağıl), danışan dil, görən göz bəxş etdi. Kamal həddinə çatdıqda qəd-qamətini düzəltdikdə təkəbbür və qürur ona hakim kəsildi, qaçdı (Allaha və peyğəmbərə itaət etmədi) və azğınlaşdı, (batil yola qədəm qoydu, pis əməl və sözdən) qorxmadı, belə ki, (quyunun başında vedrə ilə su çəkən kimi) öz nəfsi istəyini böyük vedrədə (azğınlıq quyusundan bayıra) çəkir, öz dünya ləzzətlərinə və istəklərinə yetişmək üçün çox səy göstərir və çalışır, ona nakamlığın və bəlanın üz verəcəyinə inanmır və heç bir günahdan qorxmurdu. Beləliklə də, öz günah və xətaları ilə (dünyada) yaşadığı az müddətdə Allahın ona bəxş etdiyi nemətlərin müqabilində (axirət üçün) fayda götürmədən və ona vacib olanı yerinə yetirmədən nadanlıq, qəflət, azğınlıqla ömrünü başa vurdu. İtaətsizliyin, həvayi-nəfsə tabe olmağın və xoşhallıq anının sonunda ölümün kədəri onu yaxaladı. Gecələr şiddətlənən müxtəlif xəstəliklər, ağır ağrılarla, heyranlıq və dalğınlıqla gündüzü gecəyə çatdırır, gecə də sübhədək oyaq qalırdı. Qəm çəkən qardaşı, mehriban atası, səbirsizlikdən «vay-vay» deyən həyat yoldaşı, iztirab və narahatlıqdan sinəsinə vuran qızı (yaxud anası) onun ətrafında olduqları halda o kişi başını qatan can vermənin bihuşluğunda çox qəm və kədər, dərdli nalə içində, çətin can verməyə, əziyyətlə dünyadan köçməyə mübtəla olmuşdu. (Öldükdən) sonra ümidsiz halda kəfənə bükülüb (əlindən bir iş gəlmədiyindən) itaətkar və sakit vəziyyətdə (qəbrə doğru) çəkilər. Sonra onu səfərdən qayıdan və xəstəlikdən arıqlayan əzgin dəvə kimi əlacsız və haldan getmiş vəziyyətdə tabut taxtalarının üstünə atarlar. (Ondan sonra) qulluğunda duran övladlar və qardaşlar yığılaraq onu qürbət və kimsəsiz evə (qəbrə) bir daha görüşməyəcəkləri yerə qədər çiyinlərinə alarlar (apararlar). Dəfnə gələnlər və müsibət sahibləri (qəbristanlıqdan) qayıtdıqdan sonra, onu (İnkir və Minkirin) sual və imtahanında büdrəməyin qorxusundan, vəhşətindən yavaş danışdığı halda qəbirdə oturdarlar. Orada ən böyük müsibət nazil olmuş qaynar su, cəhənnəmə daxil edilmək, alovun səsinin həyəcanı və şiddətidir. Əzabda nə ona rahatlıq verən süstlük, nə əziyyətləri aradan qaldıracaq asayiş, nə ona mane olacaq gücü, taqəti, nə də onu (bu çətinlikdən) xilas edəcək ölüm, nə kədərini siləcək azacıq yuxu və gözünü qırpmaq var. Müxtəlif növ ölümlərə (ağır dərdlər) və ardıcıl əzablara mübtəladır. (Bu əzablardan) Allaha pənah aparıram (və ondan bu çətinliklərdən xilas olmağı diləyirəm). Ey Allah bəndələri, Allahın ömür və həyat əta etdiyi, öz nemətlərinə sahib etdiyi insanlar haradadır? Bilməli olduqlarını onlara öyrətdi, anladılar. Onlara möhlət verdi, onlar isə oyunla, boş yerə fürsəti əldən verdilər. Sağlam və rifah içində olanda (Allahın əta etdiklərini) unutdular? Onlara uzun müddət möhlət verib, ehsan və yaxşılıq edib, ağrılı əzabla qorxutdular. Böyük nemətlər vəd etdilər (onlar isə qəflət yuxusundan oyanmadılar). Ölüm və puçluq gətirən günahlardan, (Allahı) qəzəbləndirən eyblərdən uzaqlaşın (ki, nicat tapasınız). Ey görən gözləri, eşidən qulaqları, sağlam bədəni və dünya malı (mal və övladı) olanlar, (Allahın əzabından) qaçmağa, qurtulmağa, pənah aparmağa, arxalanmağa və ya qayıtmağa bir yer var, yoxsa yox? (Allahın hökmündən) necə dönür, hara qayıdır, nəyə aldanırsınız?! Sizlərdən hər birinin (torpaqla örtüləcəyiniz zaman) torpaqdan nəsibi toz-torpağa bulaşmış çöhrə, qamətinizin eni və uzunu qədər olan torpaqdır. (Belə isə, evlərə və saraylara sahib olmaq üçün bu qədər əziyyət və zəhmət nə üçündür?) İndi ey Allah bəndələri! Nə qədər ki, kəndir (ölüm) boşdur və sizin boğazlarınıza keçməyib, ruhunuz bədəninizdədir, doğru yola yönəlməyə və nicata vaxt var, bədənləriniz rahatdır, toplama (meydanı) geniş, həyata möhlət, iradə və ixtiyar var, tövbəyə, qayıdışa vaxt, ehtiyacı yerinə yetirməyə macal qalıb fürsəti qənimət bilin və fürsət keçmədən, dar yerə (qəbrə) düşmədən, yoxluq qorxusundan öncə, canın bədəndən ayrılmasından və sizi gözləyən gözəgörünməzin (ölümün) gəlişindən, qalib və güclü Allaha (əzabına) düçar olmamışdan qabaq fürsəti qənimət bilin. (Seyyid Rəzi buyurur:) Xəbərdə göstərilib ki, İmam əleyhis-salam bu xütbəni bəyan etdikdə bədənlər lərzəyə düşdü və gözlər yaşardı, ürəklər narahat oldu, iztirab çəkdi. Bir sıra insanlar bu xütbəni «Qərra» (nurani, görkəmli) xütbə adlandırıblar.