Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/84-cü xütbə

Vikimənbə saytından
83-cü xütbə Nəhcül-bəlağə. 84-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
85-ci xütbə


İmam Əli əleyhis-salamın (tovhid və Allah-təalanın bəzi sifətləri haqqında) xütbələrindəndir. Şəhadət verirəm ki, Allahdan başqa heç bir mə’bud yoxdur, şəriki olmayan təkdir. Əvvəldir, ondan öncə heç bir şey olmayıb (əzəlidir və hər bir mövcudun mənşəyidir). Axırdır, onun üçün heç bir hədd və son yoxdur (əbədidir və hər bir mövcud onda sonlanır). Təsəvvürlər onun heç bir sifətinə yetişməz və qəlblər (ağıllar) onun necəliyini təsdiq edə bilməz (çünki onun necəliyi yoxdur ki, ağıl onu dərk etsin). Bölünmə və ayrılma onun üçün rəva deyil (çünki hissə və tərkib varlığı mümkün olanlara layiqdir). Gözlər və qəlblər onu əhatə etməz. Bu, xütbənin (camaata nəsihət etdiyi) hissəsidir

Ey Allah bəndələri, faydalı ibrətlərdən öyüd götürün, parlaq və aşkar əlamətlərdən ibrət alın, (Qur’an və sünnədə) gələn (günahlardan) hər növ qorxudulduğunuz şeylərdən (ilahi əzabdan) çəkinin, xatırlatmalardan və öyüdlərdən (nəsihət verənlərin öyüdlərindən) bəhrələnin. Sanki ölüm pəncələri (yırtıcı heyvanların pəncələri kimi) sizdən asılıb (əcəl sizə yaxındır), dilək-istək bağları sizdən üzülübdür, çətin rüsvayedici işlər (can vermək, dünyanı əliboş tərk etmək, dəhşət və qorxu məkanı olan qəbirdə qalmaq və sairə), gedilməli olan yerə (qiyamətə) sürülüb aparılmaq sizi bürümüşdür. (Bütün məxluqat ora gedəcək) və (bu yolda) hər insanın bir qövanı və bir də şəhadət verəni vardır: qövanı (ölüm) onu Məhşərə qovur, şəhadət verən (bədən üzvləri) onun (yaxşı və pis) işlərinə şəhadət verir.

Bu da həmin xütbənin Cənnətin vəsfi barəsindəki bir hissəsidir

Cənnətin biri digərindən üstün olan dərəcə və özülləri, bir-birinin müqabilində imtiyaza sahib mənzilləri var. Onda rahatlıq və xoşluq puç olmur. Orada yaşayanlar köçmürlər və oradan bayıra çıxmayacaqlar. Orada əbədi olan qocalmaz, oranın sakini yoxsullaşmaz.