Məzmuna keç

Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/85-ci xütbə

Vikimənbə saytından
84-cü xütbə Nəhcül-bəlağə. 85-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
86-cı xütbə


İmam Əli əleyhis-salamın (Haqq-təalanın bəzi sifətlərinin bəyan edildiyi, camaata öyüd-nəsihət verildiyi və onların ibadətə, bəndəliyə təşviq edildiyi) xütbələrindəndir. Böyük Allah gizlinləri bilən və (ürəklərdəki) düşüncələrdən agah, bütün şeyləri əhatə edən (əşyanın cüziyyatına və külliyyatına hakimdir), hər şeydən üstündür və hər bir şeyə gücü yetər. Belə isə, ölüm tezliklə onu haqlamamışdan öncə möhlət günlərində, (qəbir və qiyamətin dəhşətinə, qorxusuna) düçar olmamışdan qabaq, əldə fürsət varkən, nəfəs yolu açıqkən, bu yol bağlanmamış (ölməmiş) sizlərdən əməl edənlər iş görməlidirlər (Allahın və Peyğəmbərin razılığını qazanmalıdırlar) özünün rahatlığı və addımının möhkəmliyi üçün yaxşı işlərlə məşğul olmalıdırlar. (Allah və Peyğəmbərin fərmanına əməl etməlidirlər ki, qiyamət günü rahat olub ayaqları Siratda büdrəməsin.) Özlərinin köç yeri olan saraydan (dünyadan) əbədi məkanları (axirət) üçün azuqə götürməlidirlər (oranın azuqəsi bu saraydan başqa heç yerdən götürülmür). Ey Allah bəndələri, Allahın öz kitabında (Qur’anda) qorumağı və riayət etməyi sizə əmr etdiyindən, (Qur’anı dərindən düşünün və fikirləşin) öz haqqınızdan sizin yanınızda əmanət qoyduğundan qorxun (Allahın əmrlərinə və qadağalarına riayət edin). Çünki pak və münəzzəh Allah sizi əbəs yerə yaratmayıb, işsiz, bihudə buraxmayıb və sizləri nadanlıqda, korluqda (azğınlıqda) özbaşına qoymayıb. O sizin əməllərinizi məlum etdi (xeyir və şər, ibadət və günah yolunu sizə göstərdi) və sizin rəftarınızdan (yaxşısından, pisindən, böyük-kiçiyindən, gizlin və aşkarından) agahdır, həyatınızın, ömrünüzün müddətini müəyyən etdi və Kitabı (Qur’ani-Kərimi) hər bir şeyə dəlil kimi sizlərə göndərmişdir. (O öz əmr və qadağalarını orada bəyan etmişdir.) Bir müddət səmadan yerə göndərdiyi kitabdakılarla dinini peyğəmbər və sizin üçün kamilləşdirənə qədər diri peyğəmbərini sizin aranızda saxladı. Bu onun bəyəndiyi bir dindir (dinlərin ən kamilidir). O Həzrətin dili ilə yaxşı əməllərdən sevdiyini, çirkin əməllərdən ikrahına səbəb olanları, öz qadağa və əmrlərini sizə çatdırdı. Sizə üzrxahlıq üçün yer qoymadı və sizə höccəti (dəlil-sübutu) tamam etdi. Sizi qiyamət qopmamış əzabla təhdid etdi, ağır əzab gəlməmiş qorxutdu. Belə isə (qəflət yuxusundan oyanın və) ömrünüzdən qalanını qənimət bilin (Allahın razılığı üçün çalışın) və ömrünüzdən qalan günlərdə dözüm yolunu tutun (özünüzü günahdan və itaətsizlikdən saxlayın). Çünki bu qalan günlər (ola bilər ki, əldən buraxılmışların tədarükünə sərf edilsin) qəflətdə (yaşadığınız), öyüd-nəsihətdən üz döndərdiyiniz çoxlu günlərin müqabilində azdır. (İtaətsiz) Nəfslərinizə fürsət verməyin (günahı asan sanmayın) ki, bu fürsətlər sizi zülmkarların yollarına sürüklər, (onların rəftarının ardınca aparar) və (heç bir işdə) səhlənkar olmayın ki, səhlənkarlıq sizi bilməyərəkdən günaha batırar. Ey Allah bəndələri, insanlardan özünə ən çox öyüd verəni Pərvərdigarına daha çox itaət və bəndəlik edəndir. İnsanlardan özünü ən çox aldadanı Allahına qarşı daha çox günah və itaətsizlik edəndir. Aldanmış şəxs ziyanı özünə rəva görəndir (özünü həlak və puç edərək ilahi əzaba səbəb olan bir iş görəndir), şad, xoşhal şəxs dinini qoruyandır. Xoşbəxt o şəxsdir ki, başqalarından öyüd alsın (yaxşı əməl sahiblərinin yolu ilə gedərək pis insanların çirkin əməllərindən uzaqlaşsın) və bədbəxt o şəxsdir ki, nəfsinin istəklərinə və öz nadürüstlüklərinə aldansın (nəfsinə itaət edərək onun təhlükəsindən xəbərsiz olsun). Bilin ki, (ibadətdə və bəndəlikdə) azacıq riya və özünü göstərmə şirkdir. (Çünki hər kəs Allaha ibadətdə qeyrisini nəzərdə tutsa, şübhəsiz ki, onu Allaha şərik bilmişdir.) Nəfsinə uyanlarla (günahkarlarla) yoldaşlıq imanın unudulmasına və şeytanın gəlişinə səbəb olar. Yalandan uzaq durun ki, o imandan uzaqdır. Doğru danışan (əzabdan) nicat, qurtuluş məqamındadır. Yalançı ölüm, zəlillik və xarlıq çuxuruna düşməyə yaxın olan yüksəklikdədir. Bir-birinizin həsədini çəkməyin (başqasının zavala uğramasını arzulamayın). Çünki alov odunu diddiyi kimi (yandıraraq külə döndərdiyi kimi) həsəd də imanı didər (məhv edər, dağıdar). Bir-birinizlə düşmənçilik etməyin, çünki düşmənçilik (qohumlarla əlaqənin kəsilməsinə və) hər bir xeyrin, bərəkətin (ülgücün saçı başdan qırxdığı kimi dibdən) kəsilməsinə səbəb olar. Bilin ki, arzu ağlın yanılmasına və səhvinə, Allahın zikrini unutmağa gətirib çıxarar. Belə isə (ölümü, qiyamət gününün qorxu və vəhşətini xatırlamaqla) arzunu yalan sanın. Çünki (həqiqi olmayan şeylərin) arzu aldadıcıdır və arzulayan aldanmışdır.