Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/88-ci xütbə
←87-ci xütbə | Nəhcül-bəlağə. 88-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
89-cu xütbə→ |
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı və camaata moizə etdiyi) xütbələrindəndir. Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi. Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi. Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu. Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı. Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi. Şüarı qorxu və xof, yolları qılınc yolu idi. İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov və giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını və çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər də) uzaqda deyilsiniz. Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə də Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünən onların qulaqlarının olduğundan zəif deyil. O zaman onların gözləri iti deyildi və bu dövrdə sizlərə verilən ürək və gözlər kimi ürəklər verilmişdi. Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız. Və (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə və Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət və məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq və tezilklə yox olacaq).