Məzmuna keç

Neçin verməyir? ("Bircə bu məşrutəni şah neçin verməyir?")

Vikimənbə saytından
Neçin verməyir? ("Bircə bu məşrutəni şah neçin verməyir?")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 224. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Bircə bu məşrutəni şah neçin verməyir?
Gah verir filməsəl, gah neçin verməyir?
Gərçi bu gün şah bizim başımıza sayədir,
Nami-hümayunu hər mətləbə pirayədir,
Leyk bu ancaq həman gördüyümüz qayədir
Hər səsə bir səs verir, kəndisi bimayədir,
Yoxsuza olmaz demək – var… neçin verməyir?
Bircə bu məşrutəni şah neçin verməyir?
Hərzə danışma, kişi, gözlə ədəb zinhar,
Şahımızı bilmə çox boylə səfahətşiar,
Əqli-səlim əhlidir büsbütün ali-Qacar,
Verməyir, əlbəttə, bir hikməti var, sirri var,
Yoxsa bu keyfiyyətə rah neçin verməyir?
Gah verir filməsəl, gah neçin verməyir?
Yox bu işin başqa bir hikməti ya mikməti,
Əyri otur, düz danış, vazeh edək söhbəti,
Bir kərə al boynuna, var yazığın nikbəti,
Şah cəvanbəxt isə bəs nə səbəb milləti
Həftədə bir aldadır, gah neçin verməyir?
Bircə bu məşrutəni şah neçin verməyir!
Gah verir filməsəl, gah neçin verməyir?