Neyliyim, ey vay! Bu urus başdılar
Neyliyim, ey vay! Bu urus başdılar Müəllif: Mirzə Ələkbər Sabir |
Neyliyim, ey vay! Bu urus başdılar,
Bilməyirem hardan aşıb-daşdılar?!
Ölkədə gündən-günə çoxlaşdılar,
Hər əmələ hər işə çulğaşdılar,
Qoymayın, ay köhnələr, ay yaşlılar!
Heyvərələr hər yerə dırmaşdılar!
Hər biri min günə iş icad edir,
Məclis açıb nitqlər irad edir,
Şiə ikən sünnüləri şad edir,
Sünnü ikən şiəyə imdad edir,
Sanki bunlar bir-birə qardaşdlılar,
Yoxdu təəssübləri,çaşbaşdılar!
Heç biri öz məzhəbinin hörmətin
Gözləməyir, gözləyir el qeyrətin;
Cümləsi bir yolda qoyub niyyətin,
Xoşlamayırlar atalar adətin;
Çünki nə sünni, nə qızılbaşdılar,
Bir yava şeydir bu başı daşdılar!
Əmr təəssüb ola butlan neçin?
Sünnü deyə şiyələrə can necin?
Şiə bilə sünnünü insan neçin?
Birləşə yəni bu müsəlman neçin?
Himmət edin din gedir ay başdılar!
Qoymayın aldatdı bizi saşdılar!
İndi ki, duyduz buların niyyətin
Cəhd eləyin pozmaga cəmiyyətin!
Bunları pozmaq bizə olmaz çətin,
Harda ki, gördüz, oxuyun lənətin;
Hökm eləyin, küfrlə ulğaşdılar,
Dini-xudadən qırılıb qaşdılar,
Cümləsi kafirlərə yoldaşdılar,
Çünki təəccüblər yox çaşdılar!