Məzmuna keç

Oğluma nəsihət (Cəfər, ey nuri-dideyi-Seyyid)(Seyid Əzim Şirvani)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Oğluma nəsihət
Müəllif: Seyid Əzim Şirvani


Cəfər, ey nuri-dideyi-Seyyid,
Qönçeyi-növrəsideyi-Seyyid!
İttifaq eylə dust ilə hər an,
İttifaq ilə əmr olur asan.
Dəhrdə etmə iftiraqə həvəs,
İttifaq ilə kəslər olmuş kəs.
Vardır, ey baği-ömrümün şəcəri,
İttifaq etməyin gözəl səməri.
İttifaq eyləyəndə beş barmaq,
Xeyli asandı bir şeyi tutmaq.
Yoxdur, ey sərvərim, tək əldə səda,
İttifaq ilədir sürurü səfa.
Edəsən guş gər bu timsali,
Səni filcümlə eyləyər hali.