Ol gün ki, sənə xaliq edər lütf bir övlad
Ol gün ki, sənə xaliq edər lütf bir övlad Müəllif: Mirzə Ələkbər Sabir |
Ol gün ki, sənə xaliq edər lütf bir övlad,
Olsun ürəyin şad!
Təyin elə cindarı ki, etsin ona imdad,
Та dəyməyə həmzad;
Sağdan sola, soldan sağa sal boynuna heykəl,
Qoy cinni məəttəl;
Min gunə tilismata tutub eylə müqəffəl,
Gəzdir onu əl-əl;
Gər dəysə soyuq, sancılanıb olsa da bimar,
Hökm et gələ cindar;
Göstərmə təbibə о ciyərguşəni zinhar
Qoyma ola murdar;
Ağlarsa uşaq dərdinin axtarma davasın,
Ancaq söy anasın;
Qorxutsun о da damdabaca ilə çağasın,
Kəssin də sədasın;
Öyrət ona, əlbəttə, özün bir neçə mövhum,
Məhdud ola məsum;
Bu sayədə ömr eyləyə dünyada о məzlum,
Hər haləti məzmum;
Tək-tək dil açanda ona təlim elə hədyan,
Həm olma peşiman;
Bildir ona min dürlü qəbahətləri hər an,
Alsın ələ ünvan;
On yaşa yetincə uşağın eyləmə qəflət,
Qandır neçə bidət;
Та on beşə yetdikcə tapa işdə məharət,
Həm eyləyə adət;
Göndərmə onu məktəbə, dəng eyləmə başın,
Tökmə üzə yaşın;
Hər fənd və bicliklə edər kəsb məaşın,
Saxlar özü başın;
Rahət niyə lazım edə dünyada məişət,
Quldurçuluq öyrət;
Tainki qumar oynaya, qətl eyləyə, qarət,
Xoşdur belə sənət;
Dünyanı soyub eyləyə hər gün səni xürsənd,
Sağ ol, belə fərzənd!
Evdə tapılır indi dəxi çay, plov, qənd,
Kimdir sənə manənd!
Nagah alınıb həbsə, tutarsa səni vəhşət,
Ver hakimə, rüşvət;
Sat var-yoxunu, advokata ver neçə xələt,
Puç ol hələ-həlbət;
Axırda olub həsrəti-didari-cəmali,
Qal kisəsi xali;
Qaldıqda oğulsuz dəxi tez başla suali.
Al vizrü vəbali,
Tap rizqi-həlali,
Ay başı bəlali,
Yığ dəymişi, kali,
Olmaz oxumaqdan
Tapmaq bu cəlali....